24 
İyn
2022
16:00
179
17
3497
Virtual karabakh

Raketlərlə zəngin əraziyə “STOP” qoyulması Rusiya-NATO qarşıdurmasını şiddətləndirir – TƏHLİL

24 İyn, 2022
16:00
3497

Raketlərlə zəngin əraziyə “STOP” qoyulması Rusiya-NATO qarşıdurmasını şiddətləndirir – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Avropa İttifaqının sanksiyaları siyahısına daxil olan malları Kalininqrada daşıya bilmir. Litva tərəfindən qoyulan bu qadağa Moskva-NATO gərginliyini daha da qızışdırır.

Rusiyanın öz ərazisi olan Kalininqrada daşıdığı malların 40-50 faizi Litvanın qərarı ilə qadağa altına düşür. Litvanın tranzit rolundan imtina etməsi vəziyyətin rəngini tündləşdirir.

Kalininqrad Rusiyanın ən qərb bölgəsidir və eksklavdır, yəni buranın Rusiya ilə heç bir sərhədi yoxdur. Kalininqradın qərbində Baltik dənizi ilə sahil zolağı var və həmin vilayət Şərqdə Litva, cənubda isə Polşa ilə həmsərhəddir.

Kalininqrad Rusiyanın geosiyasi imperativlərində hərbi-strateji üstünlüyə malik ərazidir, elə bu baxımdan deyə bilərik ki, həmin region Moskvanın hərbiləşdirmə xəttində mühüm yer tutur.

Hələ SSRİ zamanında Kalininqrada doğru Moskva tərəfindən xeyli raket yerləşdirilib və NATO ilə artan gərginlik fonunda proses daha da vüsət almağa başlayıb.

Kalininqrad “Bastion” mobil müdafiə raketləri, “S-400” hava hücumundan müdafiə sistemləri, Avropanı hədələmək üçün “İskəndər-M” raketləri və nüvə raketləri ilə silahlandırılıb.

Kalininqradda Baltik Donanmasının qərargahı yerləşir. Bu donanmaya üç kreyser, iki esmines, 18 freqat, 65 patrul kateri, 195 döyüş təyyarəsi, bir dəniz piyadası briqadası və iki sahil müdafiə artilleriya alayı daxildir.

Kalininqrada dislokasiya olunan canlı qüvvənin sayına gəlincə, bununla bağlı dəqiq bir rəqəm tapmaq çətindir.

Rusiya-Ukrayna müharibəsində silah səslərinin daha da ucalması NATO-nu Moskvaya qarşı ikinci cəbhə açmaq hədəflərinə doğru sürükləyir və Litva da bu planı Kalininqrad kartı ilə icra edir.

Rusiya bu qadağa qərarından bərk əsəbiləşərək Litvaya hədə yağdırır, hərçənd ki, Moskvada soyuq başla düşünənlər məsələni ağılla yoluna qoymağı optimal variant kimi dəyərləndirir.

Ancaq Rusiyanın strateji səbrinin daşması üçün bir neçə detal lazımdır, onun Ukraynadakı müharibədə hansı nəticələr əldə etməsindən asılı olmayaraq, Kalininqrad cəbhəsində aqressivlik nümayiş etdirmək potensialı qat-qat çoxdur.

NATO isə Rusiyanı sınağa çəkməkdə davam edir, onun burada hansı addımlar ata biləcəyini öyrənmək üçün Litvaya təlimat verir.

Litvanın “stop” qərarına Rusiyanın hansı reaksiya verəcəyi ən vacibi - Moskvanın hərbi cəhətdən nə edə biləcəyi həyəcanını yaradır.

Əgər Rusiya Kalininqrada keçid üçün dəhliz çəkməyə girişsə, bu, NATO-ya müharibə elanı olacaq.

Çünki Litva NATO üzvüdür və Rusiyanın həmləsi onu hədəfə gətirəcək, bu zaman isə NATO öz Nizamnaməsinin 5-ci maddəsini (kollektiv müdafiə hüququ) aktivləşdirmək məcburiyyətində qalacaq.

Ortada incə bölücü bir xətt yaranıb və bu hərbi mənada NATO-ya da, Rusiyaya da sərf edən məqsədlər yaratmır.

Bu mənada ki, iki qütb bir-biri ilə açıq savaşa girmək niyyətində deyil, hərçənd ki, döyüş üçün mütləq zərurət də iqtisadi əsaslarla yaradılır.

Baltik dənizi regionunun təhlükəsizlik arxitekturasının əsas elementi olan Kalininqrad Suvalki dəhlizi üzrə də təhdidlər ortaya çıxarır.

Suvalki dəhlizi Kalininqrad, Belarus və Polşa arasında yerləşir ki, bu da hərbi eskalasiya olacağı təqdirdə həmin dəhlizin Rusiya tərəfindən bombalanmasına gətirib çıxara bilər.

Bəs hazırkı şəraitdə NATO nə istəyir?

Cavab olaraq bu versiyanı səsləndirə bilərik ki, NATO Kalininqradın hərbisizləşdirilməsini şərt kimi Rusiyanın qarşısına irəli sürür. Əgər Rusiya özünün hərbi dozasını Kalininqradda azaldarsa, NATO da quru dəhlizini açaraq əvvəlki vəziyyəti bərpa edə bilər.

Ancaq bu cür qarşılıqlı sövdələşmə üçün şərt irəli sürülsə də, razılıq əldə edilməsi inandırıcı görünmür. Çünki Kalininqrad, belə demək mümkünsə, Rusiyanın vahidliyində əsas orqan rolunu oynayır.

Əgər Qərbin Ukraynanın yanında olmaq əzmi aşınmasa və Kiyev müharibədə həlledici üstünlük qazansa, Kalininqrad döyüşlərin növbəti meydanına çevriləcək.

NATO götür-qoy edərək Kalininqradda üstünlük qazanmayacağı ilə də barışır, bu zaman isə region üçün daha təhlükəli ssenari ortaya çıxır ki, bu da Qərblə Rusiya arasında şübhəli sövdələşmələrdir.

Hazırda cərəyan edən proseslərdən gəlinə biləcək qənaət:

NATO Kalininqrad üzərindən Rusiya-Ukrayna müharibəsinə dair Moskvanı zəif salan razılaşma əldə etməyə çalışır.

Ancaq Rusiyanın ata biləcəyi hərbi addımlardan da çəkinir, bu ssenaridə isə Rusiyanın Ukraynadakı mövqelərinin möhkəmlənməsinə şərait yaradır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri