16 
İyl
2022
14:52
267
83
1192
Virtual karabakh

İlham Əliyevin müşavirədəki nitqinin xarakteri: Azərbaycan bütün ssenarilərə daim hazır olacaq – TƏHLİL

16 İyl, 2022
14:52
1192

İlham Əliyevin müşavirədəki nitqinin xarakteri: Azərbaycan bütün ssenarilərə daim hazır olacaq – TƏHLİL

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə ölkəmizdəki mövcud durumu görmək və qiymətləndirmək baxımından mühüm önəm daşıyır.

Əminliklə, dövlət başçısının sözügedən müşavirədəki nitqinin proqram xarakteri daşıdığını söyləyə bilərik. Belə ki, həmin nitqdəki əsas məqamlara diqqət yetirsək ölkənin inkişafı ilə bağlı bütün strateji hədəflərin müəyyən, onların həyata keçirilməsi ilə bağlı əsaslı planların aydın şəkildə müşahidə olunduğunu görə bilərik.

Azərbaycanda uzun illər ərzində həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasət dövlətin istər qlobal, istərsə də regional miqyasda mövqelərini əsaslı şəkildə gücləndirib. Əldə olunmuş bu nüfuz və güc isə Prezident İlham Əliyevin rəhbərliyi altında birbaşa olaraq xalqımızın rifahına yönəldilib.

Sirr deyil ki, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş, daim haqq mövqeyi ilə çıxış edən müstəqil bir ölkə kimi böyük nüfuza sahibdir. Ölkəmiz dünyanın güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir və bu mənada nümunə sayıla biləcək qədər böyük uğurlara sahibdir. Üstəlik, Azərbaycanın etibarlı tərəfdaş imici həmçinin onun iqtisadi potensialı və durmadan inkişaf edən iqtisadiyyatı ilə dəstəklənir. Yəni, Azərbaycan bu gün dünya iqtisadiyyatının bir parçası kimi önəmli həlqələrdən birini təşkil edir. Həm nüfuz, həm də iqtisadi güc baxımından beynəlxalq arenada üstün mövqe sahibi Azərbaycan isə həmçinin uğurlu daxili siyasətlə öz nailiyyətlərini ölkənin inkişafına yönləndirməyi bacarır.

Prezident İlham Əliyevin müşavirədəki nitqi də bütün dünya üçün yuxarıda qeyd olunan -Azərbaycanla bağlı formalaşmış haqlı təsəvvürləri qəti şəkildə ortaya qoyur. Bu gün Azərbaycan dövlətinin Prezident İlham Əliyevin liderliyində yürütdüyü uğurlu xarici və daxili siyasi kurs Azərbaycan xalqının rifahının yüksəlməsinə, ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə və dövlətimizin daha da güclənməsinə xidmət edir. Azərbaycan liderinin verdiyi sözlərə mütləq şəkildə əməl etməsi və qarşıya qoyulmuş tapşırıqlara vaxtında və artıqlaması ilə nail olunması ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycan Prezidenti bütün dünyada və öz xalqı arasında sözünə etimad olunan lider kimi tanınır.

Müşavirədə önə çıxan məqamların təhlili bir daha göstərir ki, Azərbaycanın xarici siyasət sahəsindəki uğurları yüksələn xətlə davam edir. Qoşulmama Hərəkatına sədrlik, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırda çatdığı yüksək səviyyə, İslam ölkələri və türkdilli ölkələrlə əməkdaşlıqda olduqca sıx qrafik Bakının çoxşaxəli xarici siyasət kursunun perspektivini ortaya qoyur.

Azərbaycan həmçinin dünyanın aparıcı ölkələri və güc mərkəzləri ilə qarşılıqlı səmərəli və bərabərhüquqlu əməkdaşlığı getdikcə genişləndirir. Bununla yanaşı, Azərbaycan həm də öz regionunun söz sahibi ölkəsinə çevrilib. Qonşu dövlətlərlə münasibətlər və əməkdaşlığın səviyyəsi dövlətimizin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləyir. Təbii ki, regionla bağlı danışarkən Ermənistanı istisna kimi qeyd etmək gərəkdir. Əslində, Azərbaycan tərəfi Ermənistanla əlaqələrin normallaşdırılması üçün səy göstərir, sülh təşəbbüsü ilə çıxış edir. Ancaq rəsmi İrəvanın qeyri-konstruktiv yanaşması və öz öhdəliklərindən yayınmaq cəhdləri Cənubi Qafqazın dinc inkişaf mərkəzinə çevrilməsinin qarşısında əsas əngəl olaraq dayanır.

Ermənistan regiondakı imkanlardan faydalanmaq, tarixi fürsəti dəyərləndirmək əvəzinə “suyu bulandırmağı” seçir.

Prezident İlham Əliyevin nitqindəki müvafiq hissəyə nəzər salaq:

“Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də bir il səkkiz ay keçib və bunu hər kəs nəzərə almalıdır. Digər məqamlardan biri də odur ki, son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm”.

Əslində, dövlət başçısı son cümləsi ilə İrəvana status məsələsinin növbəti dəfə tarix səhnəsindən silindiyi mesajını birmənalı şəkildə çatdırıb. Ermənistanın sülh prosesində qeyri-konstruktiv mövqe sərgiləməsi, bu ölkənin rəsmiləri tərəfindən status və ATƏT-in Minsk qrupu kimi ömrünü başa vurmuş təsisatların gündəmə gətirilməsi cəhdləri İrəvanın özü üçün ağır fəsadlar törədə bilər. İlk növbədə Ermənistan unutmamalıdır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata imza atan tərəflərdən biridir. Üstəlik, Ermənistan bu bəyanata kapitulyant, Azərbaycan isə qalib ölkə kimi imza atıb ki, bu da diktə edən tərəfin hansı olduğunu aydın şəkildə göstərir. Azərbaycanın sülhpərvər mövqeyi kapiltulyant ölkəyə tarixi inkişaf və sülh içində yaşamaq üçün tarixi fürsət imkanı verə bilər, ancaq Bakının Ermənistanla müqayisə olunmaz gücü və nüfuzunu, qüdrətini nəzərə almamaq, görməzdən gəlməyə cəhd etmək Ermənistan üçün olduqca zərərli və qorxulu ssenaridir.

Ermənistan 10 noyabr bəyanatının bütün müddəalarını yerinə yetirməyə borcludur. Burada isə Zəngəzur dəhlizi mövzusu yenidən aktuallıq qazanır. Ermənistanın bu məsələ ilə bağlı ortaya qoyduğu “sükut” da İrəvan üçün müsbət heç nə vəd etmir.

Ermənistan dövlətinin nümayiş etdirdiyi yanaşma fonunda isə Azərbaycan hadisələrin bütün mümkün inkişaf ssenarilərinə hazırlıqlı görünür. Ölkəmizdə aparılan ordu quruculuğu işləri, hərbi sahədə islahatlar, ordumuzun müasir silahlarla təchiz olunması, hərbçilərin sosial məsələlərinin həlli dövlətimizin sözügedən məsələdə qərarlılığını ortaya qoyur.

Prezident İlham Əliyevin nitqinin müvafiq məsələyə həsr olunmuş hissəsinə diqqət yetirək:

“Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Nə üçün? Deməli, buna əsas var. Biz hərbi xərclərimizi keçən il bu ilin büdcəsi təsdiq olunanda təsbit etmişdik və hesab edirdik ki, bu, kifayətdir. Ancaq sonra, bax, dediyim məsələlərə görə və digər məsələlərə görə, burada demədiyim məsələlərə görə biz hesab edirik ki, hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Mən bunu da demək istəyirəm. Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək”.

Azərbaycan Prezidentinin yürütdüyü siyasi kursun əsas və ön plana çıxan məqamlarından biri təbii ki, dövlətin təhlükəsizliyi məsələsidir. İlham Əliyevin yuxarıda əksini tapan fikirləri istər hazırda, istərsə də gələcəkdə Azərbaycanın təhlükəsizliyinin təmin olunması, ölkəmizin milli mənafeyinin qorunması üçün bütün zəruri addımların diqqətdə saxlanıldığı göstərir, Azərbaycan dövlətinin aşkar və gizli təhlükələrə qarşı daim hazır vəziyyətdə olduğunu sübut edir. Azərbaycan liderinin fikirləri həmçinin Ermənistana eyforiyaya qapılmaq üçün zəmin olmadığını, xam xəyalların onlar üçün böyük təhlükə mənbəyinə çevrilə biləcəyini xatırlatmış olur.

Azərbaycanın təhlükəsizliyi onun hərbi qüdrətindən olduğu qədər, həm də iqtisadi imkanlarından birbaşa asılıdır. Prezidentin müşavirədəki çıxışı isə ölkədəki iqtisadi mənzərə barədə təsəvvür formalaşdırmaq üçün kifayət qədər informasiya ilə zəngin idi.

Belə ki, dünya iqtisadiyyatının hazırda heç də ən yaxşı günlərini keçirdiyini söyləmək olmaz. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurlu inkişaf yoluna davam edir. Ölkənin iqtisadi göstəriciləri isə əhalinin gəlirlərinin də 20 faizə qədər artmasına səbəb olub. Sosial sahədə görülən işlər arasında şəhid ailələri, müharibə veteranları və iştirakçılarına dövlətin diqqətini xüsusi vurğulamaq gərəkdir. Bu mənada təkcə Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 500 mənzil təqdim olunmasını xatırlatmaq kifayətdir.

Bu gün Azərbaycanda dövlətin qüdrətinin artması və iqtisadiyyatının inkişafı üçün olduqca vacib addımlar atılır. Sirr deyil ki, dünyadakı hökm sürən gərginlik fonunda Azərbaycan enerji təhlükəsizliyi sahəsində öz əhəmiyyətini daha da artırır. Bu prosesdə Azərbaycanda energetikanın inkişafı, elektrik stansiyalarının tikintisi, bərpaolunan enerji növlərinin inkişaf etdirilməsi, yeni qaz yataqlarının işlənməsi mühüm rol oynayır. Azərbaycan həmçinin planlaşdırılan və həyata keçirilmiş nəqliyyat-logistika layihələri ilə özünün tranzit imkanlarını xeyli dərəcədə artırır.

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri, aparılan bərpa işləri bu ərazilərin həmçinin gələcəkdə ümumi ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcək. Bu isə Azərbaycan dövləti üçün əlavə iqtisadi imkanlar təmin edəcək.

Müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi, ərzaq təhlükəsizliyi ilə bağlı məqamı yada salaq:
“Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir”.

Göründüyü kimi Azərbaycan Prezidenti tərəfindən dünyada vüsət alan tendensiyalar diqqət mərkəzində saxlanılır və Azərbaycan dövləti həmin tendensiyalara hazırlıqlı olmaq istiqamətində addımlar atır. Düşünülmüş və məqsədyönlü təşəbbüslər qlobal çağırışlara vaxtında və adekvat cavab verməyə imkan yaradır.

Qarabağ və Şərqi Zəngəzurda görülən işlər ümumən Azərbaycanda gələcəyə yönəlik strateji planlarla uyğunlaşdırılır. Görülən işlər istər sadalanan regionların, istərsə də bütövlükdə Azərbaycanın investisiya baxımından cəlbediciliyini artırır. Ölkəyə investisiya axınının cəlb olunmasına şərait yaradır.

Yekunda qeyd edək ki, iyulun 15-də keçirilən müşavirə birmənalı olaraq Azərbaycanın gələcəyinin sağlam təməllər üzərində inşası üçün dövlətin bütün sahələrdə, bütün zəruri addımları diqqət mərkəzində saxladığını nümayiş etdirdi. Prezident İlham Əliyevin liderliyində həyata keçirilən uzaqgörən siyasətin hətta qlobal miqyasda problemlərin geniş vüsət aldığı bir dövrdə belə ölkəmizdə inkişafı təmin etdiyini, gələcək planların, strategiyaların isə bu inkişafı sürətləndirəcəyini sübut etdi.

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri