16 
İyl
2022
17:42
66
162
1555
Virtual karabakh

“İlham Əliyevin xaricə ötürdüyü mesaj ikitərəfli idi” - Politoloq

16 İyl, 2022
17:42
1555

“İlham Əliyevin xaricə ötürdüyü mesaj ikitərəfli idi” - Politoloq

“İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səsləndirilən fikirlərin təhlili bizə onu deməyə əsas verir ki, dövlətimizin başçısının yüksək idarəçilik qabiliyyəti sayəsində ölkəmiz konkret zaman kəsiyində bütün istiqamətlər üzrə qarşıya qoyduğu məqsədlərə nail oldu. Bu gün ölkəmizdə iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası istiqamətində nəhəng infrastruktur, nəqliyyat, energetika layihələri icra edilir. Ən əsası isə qlobal nizamsızlıq, xaos və anarxiya fonunda Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür. Siyasi, iqtisadi, hərbi, enerji, ərzaq, informasiya komponentləri olmaqla, milli təhlükəsizliyimiz yüksək səviyyədə təmin edilir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Şəbnəm Həsənovanın “Prezident İlham Əliyevin informativ, qətiyyətli, aydın baxışlı çıxışı onun peşəkar üslubunun unikal fərdi atributudur” sərlövhəli məqaləsində yer alıb.

Politoloq qeyd edib ki, müşavirə zamanı dövlətimizin başçısının Azərbaycanın daxili və xarici siyasəti haqqında müfəssəl fikirləri indiki zaman kontekstindən keçmişdə görülən işlər haqqında hesabat, gələcəyə istiqamətlənmiş yol xəritəmizin əsas konturlarının nədən ibarət olması, Prezidentin idarəetmə strategiyasının başlıca aspektləri haqqında idi. Şübhəsiz ki, hər bir dövlətimizin başçısının çıxışları müasir prezident idarəçiliyi üçün həyati əhəmiyyət kəsb edir. Dünyanın sürətlə dəyişən dinamikasını nəzərə alsaq, prezidentlərin nitqinin qısamüddətli motivlərini dəqiq əks etdirmək baxımından illik çıxışlar hər zaman dəqiqliklə araşdırılır.

Prezidentimizin bu çıxışı isə yenidən xalqımızda ictimai rəy yaratmaqla bərabər, beynəlxalq aktorlara da istiqamətlərimizin hansı bucaq altında müəyyənləşdirildiyindən xəbər verdi. Xarici siyasətdə nüfuzumuzun artması, beynəlxalq etimadın yüksək olması illər ərzində çəkilən zəhmətin uğurlu bəhrəsidir. Azərbaycanın yaratdığı reallığın qəbul olunmasının nəticəsidir ki, gücümüzün və nüfuzumuzun artması baxımından dünya dövlətləri Azərbaycanla əməkdaşlıqda, ölkəmizə investisiya yatırmaqda maraqlıdır.

Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılmasının, Azərbaycanın etibarlı tərəfdaş kimi özünü bir daha sübut etməsinin nəticəsidir ki, dövlət başçımız yaxın vaxtda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənədin imzalanacağının anonsunu verdi.

Müstəqil siyasət yürüdən Azərbaycan bütün qonşu ölkələrlə konstruktiv istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu hər zaman ən ali səviyyədə bəyan edir. Bu yanaşma Ermənistana da aiddir. Əsas məsələ odur ki, Ermənistan da bu təkliflərə adekvat cavab versin və cavab verməsi istiqamətində ona ciddi təsirlər, təzyiqlər olsun.

Bu baxımdan da Azərbaycan Prezidentinin xarici siyasətimizin prioritet istiqamətləri haqqında çıxışı Azərbaycanın regional və qlobal məsələlərə baxış bucağının ölçüsünü və istiqamətini müəyyən etmək baxımından, mövcud siyasi konyunktura fonunda siyasi üstünlüklərimizin nədən ibarət olması haqqında idi. Dövlətimizin başçısının çıxışında səsləndirdiyi açar sözləri ümumi formalaşacaq mənzərə haqqında müəyyən elementlər və komponentlər vasitəsilə ötürüldü. Hələ onu da nəzərə alaq ki, bu mesajların çatdırılma meyillərinə nəyin təsir etdiyini ən dəqiq formada bilmirik. Bunun fonunda bir məqam dəqiqdir ki, xaricə ötürülən mesaj ikitərəfli idi. Belə ki, Prezident İlham Əliyevin çıxışının faydasının və dəyərinin olduqca yüksək olması Azərbaycan xalqının öz lideri ətrafında daha sıx birləşməsi ilə düz mütənasiblik təşkil etməsi fonunda müəyyən daxili məsələlərdən dividend əldə etməklə Azərbaycana qarşı insinuasiya kampaniyaları aparan milli və qeyri-milli kampaniyalar da nəticə çıxarmalıdır.

Azərbaycanda hərbçilərin sosial müdafiəsi yaxşılaşdırılır, qazilərə, şəhid ailələrinə yüksək dövlət qayğısı mövcuddur. Adətən siyasi konyunkturanın qeyri-sabit vəziyyəti və siyasi etimadsızlıq mühitinin vəziyyətinin pisləşməsi dövlətin öncədən planlaşdıraraq atdığı, atacağı addımlarda ciddi korrektələrə getməyə vadar edir. Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyi xarici siyasət kursunun hər bir komponenti və incə məqamı nəyi, necə, nə vaxt edəcəyinin sübutunu, zaman sıralarının təhlilindən istifadə edərək vaxtında alınan proaktiv qərarların səmərəliliyinin carçısıdır.

Siyasətdə bir amil də önəmlidir ki, mənfi beynəlxalq hadisələrin böhranı fonunda milli müraciət formasının dəqiqliklə xalqa çatdırılması məntiqli olduğu qədər xalqa sədaqətin əyani təzahür formasıdır.

Dünyanın zəifləyən iqtisadiyyatı fonunda dövlət və hökumət başçıları xalqla təmasdan yayınaraq daha az siyasətə əsaslanan çıxışlar etməyə üstünlük verirlər ki, bütün bu gərginliklər fonunda dövlət başçımız ən çətin situasiyada belə, “mən xalqımdan heç nəyi gizlətmirəm” deyərək, xalqımızın maraqlarını hər bir amilin fövqündə tutduğunu tək sözündə deyil, əməlində də sübut edir. Çünki dünyanın bir çox prezidenti zamanında etiraf edib ki, idarəetmənin uğursuzluğuna ən çox səmərəsiz ünsiyyət səbəb olur. Deməli, Azərbaycan Prezidentinin liderliyini nümayiş etdirən siyasətə sadiqlik xalqımıza olan qayğı ilə birbaşa və sıx şəkildə bağlıdır.

Məhz bu baxımdan Prezident İlham Əliyevin siyasətinin “qızıl dövrü” Azərbaycanın daxili iqtisadiyyatından qaynaqlanmayan siyasi və iqtisadi dalğalanmaların çətinliyi fonunda bir daha üzə çıxır. Bəzi dünya ölkələrinin liderlərinin vəziyyəti düzgün hesablaya bilməməsi fonunda çoxunun atdığı addımlar qeyri-adekvat və qeyri-effektiv olub, qarışıq və qeyri-ardıcıl nəticələr versə də Azərbaycan aydın baxış formalaşdıra bilir. Ən əsas məqam odur ki, formalaşdırdığımız bu baxış, sadəcə, dövlətimizin mənafeyi naminə deyil, bütün region xalqlarının təhlükəsizliyinə, rifahına hesablanmışdır. Deməli, səbəb-nəticə etibarlılığının artması dövlətimizin başçısının müəyyənləşdirdiyi uzaqgörən siyasi kursun, sadəcə, 44 gün üçün deyil, uzunmüddətli hədəflər istiqamətində hesablandığından xəbər verir. Prezident İlham Əliyevin ictimai problemləri həll etmək bacarığı və bundan heç də az olmayan güclü istəyi ilə bağlı ictimai gözləntiləri təmin etmək istiqamətində bütün potensial resurslardan istifadə edərək gözləntiləri həyata keçirdiyindən, dövlətimizin başçısına ictimai dəstəyin sonsuz olduğundan xəbər verir.

İqtisadiyyatın vəziyyəti Prezidentin siyasi uğuru üçün çox vacibdir. Orta əməkhaqqının təqribən 14 faiz, pensiyanın 10 faizdən çox olmaqla, iqtisadiyyatın 6,2 faiz, qeyri-neft iqtisadiyyatının 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalının 2,1 faiz, qeyri-neft sənaye sahəsinin 11,5 faiz artması kəmiyyət təhlili fonunda keyfiyyət təhlilinin uğurlu olmasını da sübut edir. Prezidentin illik müvəffəqiyyət dərəcəsi fəaliyyəti dövründə ona qarşı ictimai mövqeyin ölçüsü ilə müəyyənləşdirilir. Bu baxımdandır ki, Sosial Tədqiqatlar Mərkəzinin Prezident İlham Əliyevin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı inam və etimad istiqamətində keçirilən sorğu nəticələrinə əsasən, respondentlərin 88,1 faizi Prezidentə tam etibar etdiyini, 10,2 faizi əsasən etibar etdiyini bildirib.

Prezident İlham Əliyevin informativ, qətiyyətli, aydın baxışlı çıxışı onun peşəkar üslubunun unikal fərdi atributdur. Prezidentin iqtisadi, siyasi, hərbi, sosial, humanitar, təhsil, mədəniyyət və digər sahələrdə dəqiq, fundamental və koordinasiyalı aydın baxışının olduğundan xəbər verir. Aparılan işlərə paralel olaraq eyni zamanda, Azərbaycan yeni iqtisadi rayonlarını Qarabağ və Şərqi Zəngəzuru da dirçəldir. Azərbaycan Prezidentinin çıxışı dövlətimizin xərcləri və qazancları, sadə dildə desək, aldıqları və verdikləri haqqında iki mərkəzi fərziyyə ilə bağlı olduqca informativ, müsbət dividendlərdən ibarətdir. Siyasi mühitdəki əlverişli və əlverişsiz olmayan dəyişikliklərə cavab olaraq idarəetmə strategiyamızın düzgün müəyyənləşdirildiyi reallığıdır.

Təhlil vahidi kimi Prezidentin giriş və yekun nitqi ayrılıqda siyasətimizin, mövqeyimizin ardıcıl komponentlərini və bütövlükdə toplusunu tədqiq etməklə yürütdüyümüz siyasəti sistematik şəkildə təhlil etmək məqsədi daşıyırdı. Prezidentin siyasi və iqtisadi siyasətinin vəziyyəti əldə olunan uğurların tarixi nailiyyətlərimiz olduğundan xəbər verir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri