29 
İyl
2022
11:56
87
25
3806
Virtual karabakh

“Onların ərazidə marağı olduğu üçün Bakıda mərkəzi rayon yaradılmır” – MÜSAHİBƏ + FOTO

29 İyl, 2022
11:56
3806

“Onların ərazidə marağı olduğu üçün Bakıda mərkəzi rayon yaradılmır” – MÜSAHİBƏ + FOTO

“Bakının mərkəzi rayonunun yaradılmasına əsas müqavimət göstərənlər həmin o qüvvələrdir ki, təklif verdiyimiz ərazilərdə onların maraqları var. Çünki o rayon yaranarsa, orada xüsusi status və yanaşmalar olacaq, tələblər ciddiləşəcək və istənilən şeyi etmək qeyri-mümkün olacaq. O ərazidə işləyən adamlar, onları himayə edən rəhbərlər, ən birinci növbədə rayonların rəhbərləri istəməzlər ki, çox qiymətli torpaqlar onların sərəncamından çıxsın”.

Bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə Oxu.Az-a müsahibəsində deyib.

O, Bakıda inşa edilən çoxmərtəbəli binalardan, hələ 2019-cu ildən yaradılması gözlənilən mərkəzi rayondan, şəhərsalmadakı problemlər və işğaldan azad olunan ərazilərdəki quruculuq işlərindən danışıb.

- Prezident son çıxışlarının birində qeyd etdi ki, vaxtilə Bakıda inşa edilmiş çoxmərtəbəli binaların əksəriyyəti indi heç bir şəhərsalma normalarına uyğun gəlmir. Biz də şahidik: Məsələn, “İSR Plaza”nın önündə tikilən “McDonald`s”ın binası sökülüb yerində başqası tikildi, indi onun da sökülməsi barədə söhbətlər gedir. Bu açıqlamadan sonra paytaxtda yeni söküntü bumu başlaya bilərmi?

- Bunun olacağını düşünmürəm. Şəhərsalma dövlətin sosial siyasətinin böyük bir hissəsidir. Doğrudur, vaxtilə bir-iki bina sökülüb, amma onlar çox böyük zərər gətirdiyi üçün bu addım atılıb. Mərkəzi Parkın ərazisindəki çoxmərtəbəli binalar söküldü və sakinləri yeni mənzillərlə təmin edildi. Amma böyük miqyasda belə işlərin aparılacağına inanmıram, çünki mülkiyyət haqqında qanun var, o binalarda yaşayan insanlar artıq mülkiyyətçidirlər. Belə cəhdlər yalnız dövlət əhəmiyyətli bir tədbirlə bağlı ola bilər. Məsələn, bu gün Cavanşir körpüsünün yanındakı bina sökülür, çünki onun arxasında muzey tikiləcək. Yəni muzeyin qarşısının açıq olması, şəhərimizə gələn qonaqların onu görməsi üçün bina sökülür.

- Dövlət başçısı bir neçə dəfə qanunsuz binaların sökülməsi və yerində eybəcər binaların inşa edilməsinə münasibət bildirib. Bunlar bir yana, hələ tarixi binaların üzərində dəyişiklik edilməsi halları da səngimir. Məsələn, binalara əlavə borular quraşdırılır, üzərində mansard tikilir və s. Bunlar niyə davam edir?

- Bunun səbəbi çox ağırdır. Birincisi - insanların mədəni səviyyəsinin kifayət qədər aşağı olmasıdır. Gəlin etiraf edək ki, o qanun pozuntularını nə nazirlər, nə icra başçısı edir. Onu edən iş adamları, imkanlı şəxslərdir. Onlar da vətəndaşdırlar. Kütlənin tarixi abidələrə münasibəti ciddi deyil. Neçə il bundan əvvəl Mərkəzi Parkın ərazisində yaşayan insanlar köçürülərkən onlar yığışıb Memarlar İttifaqına gəldilər. Bilmək lazımdır ki, Memarlar İttifaqı ictimai təşkilatdır, bizim heç nəyə təsirimiz yoxdur, sadəcə, mütəxəssis kimi tövsiyə verə bilərik. Amma onlar buraya şikayətə gəldilər. Mən dedikləri yerə adam göndərdim, binaların fotosunu çəkdi. Sonra həmin şikayətçiləri çağırdım və fotoları qarşılarına qoyaraq, “Binaları bu görkəmə salan kimdir?”, “Kim bu pəncərəni daşla hörüb?”, “Kim mənzilindəki divarı deşib, boru çıxarıb?” kimi suallar ünvanladım, heç nə demədilər. Axı bunların hamısını onlar ediblər, burada günahkar başqası deyil. Lakin onlar atdıqları addımın memarlığa ciddi ziyan vurduğunu düşünmürlər.

- Üzləşdiyiniz daha nə kimi problemlər var?

- Biz ittifaq daxilində ictimai hərəkat yaratmışıq, adı da “Vətəndaş”dır. Onun üzvləri memar ola da bilər, olmaya da. Vəzifələri xoşagəlməz halları görəndə ittifaqa məlumat verməkdir ki, biz də həmin problemləri dövlət qarşısında qaldıraq. Bu yaxınlarda bir vətəndaş “WhatsApp”da videoçarx göndərdi ki, Türkanda “Daş yollar”ın üzərində kombayn işləyir və daşları dağıdır.

Bu daş yol eramızdan üç-dörd min il öncə yaranıb və bu günə qədər dövlət tərəfindən mühafizə olunan tarixi abidədir. Onun cəmi iki fraqmenti var. Vaxtilə ətrafında çoxlu kurqanlar vardı, o kurqanları orada yaşayan adamlar dağıtdılar, indi üç kurqan qalıb, daş yolun da bir qismi məhv olub. Yenə də o məlumatı alan kimi Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə zəng etdik. Eldar Əzizov dərhal Xəzər Rayon İcra Hakimiyyətinə göstəriş verdi və iş dayandırıldı. Amma əslində, bu, Abşeron rayonuna aid məsələdir. Abşeron rayonu Bakı ərazisində olan torpaqlara sərəncamçıdır. Ona görə də orada baş verən hadisələrdən çox zaman yerli idarəetmə orqanlarının xəbəri olmur. Abşeron rayonunun nəzarətçiləri gərək öz ərazilərinə nəzarət aparsınlar. Onların orada abidələrin varlığından xəbəri olmalıdır.

Vəziyyət qarışıq olduğuna görə Xəzər RİH-ə nəsə deyəndə: “Ərazi mənim səlahiyyətimdə deyil”, - deyirlər və haqlıdırlar. Ümumilikdə isə bu abidə bizimdir,  beş min illik tarixi var. Ona görə də bu cür söhbətlər edilməməlidir, biz bu torpaqlarda yaşamışıq. Bunu edən adamlar cəzalandırılmalıdırlar, biz həmin abidəni UNESCO-nun siyahısına salmalıyıq. Mədəniyyət Nazirliyi məsələni qaldırıb. Həllini tapacağını düşünürəm.

Dünyada onun təkrarı təkcə bir yerdə - Malta adasında var. Bunu qoruyub-saxlamaq lazımdır. Heç kim onların təyinatını bilmir, enli daş yoldur, çarxların zolağı da yonulub, özü də əllə yonulub hazırlanıb. Nə üçün olduğunu heç kim bilmir. Biz adını “daş yol” qoymuşuq. Amma bu, tarixdir, insan yaradıb, təbii bir şey deyil.

- 2019-cu ildə mərkəzi rayonun yaradılması məsələsi gündəmə gəlmişdi, təklifi siz vermişdiniz, bununla bağlı proses nə yerdədir? İş başlayıbmı? Yeni rayonun təşkilində nələr nəzərdə tutulub?

- Mən bu barədə mütləq danışacaqdım. Çünki bu məsələ məni çox narahat edir. O, həllini tapmadıqca biz xoşagəlməz hallarla rastlaşacağıq. Mərkəzi rayon yaranarsa, o rayonun ərazisinə münasibət kifayət qədər dəyişər. Bu ideya haqqında mən çoxdan düşünürdüm. O tarixi görüşdə bunu səsləndirdim. Görüşdən öncə bir neçə yüksək vəzifəli məmur məndən nə haqda danışacağımı soruşdu. Çünki orada olanların əksəriyyəti öz daxili problemləri haqqında danışırdı, kiminsə nəyəsə ehtiyacı vardı və onu dilə gətirirdi. Memarların da çoxlu ehtiyacı var, amma düşündüm ki, əgər bizi oraya yığıblarsa, deməli, vacib təkliflər gözləyirlər. Nə danışacağımı onlara bildirdim. Çalışırdılar ki, məni fikrimdən yayındırsınlar. Çünki burada böyük maraqlar var, amma mən yenə də fikrimi səsləndirdim və Prezident tərəfindən elə dəstək gördüm ki, məsələnin qısa zamanda həllini tapacağına arxayın oldum. Elə orada müvafiq qurumlara tapşırıqlar verdi. Görüşün səhəri Prezident Administrasiyasından zəng edib bildirdilər ki, Prezident qısa müddətdə sərhədləri müəyyənləşdirib planı təhvil verməyimizi tapşırıb.

Dörd rayondan bəzi hissələr alınıb yeni rayon yaranmalıydı. Ən böyük ərazi Səbail rayonuna düşürdü. Digər rayonlar isə Nəsimi, Yasamal və Nərimanov  idi. Mən layihəni hazırlayıb PA, BŞİH və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (DŞAK) nüsxələrini göndərdim. Bundan sonra Prezidentin tapşırığı ilə yığışıb bir də müzakirə apardıq. Bildiyimə görə, Prezident bu məsələni iki dəfə müxtəlif dövlət strukturlarının yadına salıb. Bir dəfə DŞAK sədri Anar Quliyevlə, bir dəfə də Eldar Əzizovla söhbət edib. Beləliklə, Memarlar İttifaqında biz yenə yığışdıq. Sonra isə pandemiya başladı, “gözləyək”, - dedilər. Daha sonra müharibə başladı, əsas diqqət oraya yönəldi. Sonda ünvanladığım suallara “Elbay müəllim, hazırda bütün diqqət Qarabağa cəlb olunub, fikrimiz oradadır, mütləq dediyiniz məsələyə də qayıdılacaq” cavabını aldım. Hər şeyi başa düşürəm, amma ümidimi itirməmişəm. Çünki başqa cür biz mərkəzi qoruyub-saxlaya bilməyəcəyik.

- Paytaxtda şəhərsalma ilə bağlı gələcək illərdə hansı tədbirlər nəzərdə tutulur?

- Paytaxtın yeni Baş Planı tərtib olunub. Hazırda Nazirlər Kabinetində təsdiqdədir. Dörd il onun üzərində iş aparılıb. Ona əsasən, Bakının inkişaf istiqamətləri, yol-nəqliyyat sistemi müasirləşəcək.

- Şəhərsalmadakı problemləri aradan qaldırmaq üçün əcnəbi mütəxəssislər cəlb olunublar? Hansı təkliflər irəli sürülüb?

- Şəhərsalma Komitəsinə son vaxtlar çoxlu mütəxəssislər dəvət olunublar. Elə mən də onlarla əməkdaşlıq edirəm. Azərbaycanda və xaricdə şəhərsalma üzrə təhsil almış gənc mütəxəssislər cəlb ediliblər. Düşünürəm ki, bu yöndə olan fəaliyyət işin müsbətə doğru inkişafına yol açacaq. Əvvəllər o komitənin elə böyük səlahiyyəti yox idi. Amma son illər Prezident onlara geniş səlahiyyət verib. Demək olar ki, şəhərsalma prosesini öz nəzarətlərində saxlayırlar.

- Bir az da işğaldan azad olunan ərazilərimizdən danışaq. Bəzi rayonların baş planları təsdiq olunub. Sizcə, onların çatışmayan tərəfləri var?

- İşğaldan azad olunmuş ərazilər haqqında danışmaq hər bir azərbaycanlı üçün böyük bir şərəfdir. Bu gün dünyada təkrarı olmayan proses gedir. Dövlət rəhbərliyinin götürdüyü istiqaməti millət dəstəkləyir. Ağalıya insanların köçürülməsi sevindirici haldır. Biz o kəndi diriltdik, yaşatdıq. İki ay əvvəl Ağdamda olmuşam, orada da böyük işlər aparılır, digər ərazilərimizdə də proses gedir. Baş Plan doqmatik sənəd deyil, konsepsiyadır, işin gedişatında dəyişə də bilər. Yəni belə çəkilibsə, mütləq elə də tətbiq edilməlidir deyə bir şey yoxdur. Bu, sadəcə, təklifdir. O şəhərlərdə hər şeyi dağıdıblar. Ağdamı mən görəndə elə həyəcanlıydım ki, ağlamaq tutdu. Şəhəri viran qoyublar, hər şeyi oğurlayıblar. Ona görə də işlər vaxt alacaq.

- Ağdam Mədəniyyət Məhəlləsi layihəsinin icrası nə yerdədir? Daha hansı işğaldan azad olunmuş ərazimizdə memarlıqla bağlı layihə düşünürsünüz?

- Bu gün orada hansısa binaların tikintisi o qədər də aktiv aparılmır. Əsas məsələ torpağın minalardan təmizlənməsidir. Dağıntıların içində nələr olduğunu bizə bildirmirlər, amma iş görülür. Elə biz orada olanda da qırmızı lentlə bağlanmış ərazilər vardı. Ağdamda bu gün yol tikintisi aparılır, həmçinin məktəb tikintisi gördüm, Ağdam məscidi də bərpa olunur. Biz başa düşməliyik ki, bu, uzunmüddətli bir prosesdir. Bütün ölkənin imkanları oraya istiqamətləndirilib. Bəziləri beş ildən sonra nəsə olacağını deyir. Bu, tamamilə cəfəng bir sözdür, beş il sonra heç nə olmayacaq, şəhərlərimiz tədricən bərpa olunacaq. Yaxın zamanda Şuşaya insanların qayıdışının baş verəcəyini düşünürəm. Amma biz bilməliyik ki, ümumi prosesin bitməsinə 15-20 il vaxt gedəcək. Əgər o ərazilər 30 ilə məhv edilibsə, deməli, o qədər də vaxt gərək olacaq ki, oraları biz istədiyimiz görkəmə salaq.

- 1986-cı il iyulun 26-da Ağdam şəhərində Çay evinin açılışı olmuşdu. Onun da bərpası gözlənilirmi? Ona bənzər bir çay evi Quzanlıda tikilib, amma eynisi deyil.

- Əlbəttə, eyni deyil, başqa görkəmdədir. Ağdam Çay Evi mütləq bərpa olunacaq, nə vaxt baş tutması işin gedişatından asılıdır. O qalan divar necə var, saxlanılacaq. Lakin düşünürəm ki, bərpa müasir görkəmdə olacaq, sadəcə divar və onun işarəsi tarixi olaraq qalacaq.

(Müsahibənin əvvəli burada)

Sayad Həsənli
Daha çox foto burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri