29 
İyl
2022
11:32
79
21
1582
Virtual karabakh

Haukur Hauksson: “Skandinaviya ölkələrində türkofobiya var” - MÜSAHİBƏ

29 İyl, 2022
11:32
1582

Haukur Hauksson: “Skandinaviya ölkələrində türkofobiya var” - MÜSAHİBƏ

İslandiya artıq uzun illərdir ki, ardıcıl olaraq dünyada ən təhlükəsiz və sülhsevər ölkələr sırasında lider mövqedədir.

Bunu “Global Peace Index” (“Qlobal Sülh İndeksi - red.) analitik mərkəzinin hesabatları da sübut edir. 

NATO-nun üzvü olan İslandiya əhalisinin sayına görə (370 min nəfər) Şimali Atlantika Alyansının bütün digər dövlətlərindən geri qalır.

Bir neçə ay əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski öz videomüraciətində Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara dəstək çıxan İslandiyaya təşəkkürünü bildirdi.

İslandiyalı deputatlar da öz növbəsində ukraynalıların mübarizəsinə hörmət əlaməti olaraq ayağa qalxdılar.

Bundan əlavə, paytaxt Reykyavikdə Rusiya səfirliyinin yaxınlığındakı meydanın adı dəyişdirilərək “Kiyev meydanı” adlandırıldı.

Tanınmış islandiyalı jurnalist və analitik Haukur Hauksson Oxu.Az-a müsahibəsində İslandiyanın hazırkı qlobal təhlükəsizlik böhranına və Ukraynadakı müharibəyə necə münasibət bəsləməsindən danışıb:

- İndi ölkə əhalisi əsasən qərbyönlü, NATO-ya meyilli mövqeyə sadiqdir - media bu istiqamətdə səmərəli fəaliyyət göstərir. Ukraynadakı hərbi əməliyyatlar birtərəfli olsa da, aktiv şəkildə işıqlandırılır - Rusiyanın mövqeyi ilə bağlı heç bir məlumat verilmir. Beləliklə, təsvir təmiz qara və ağdır.

- Əvvəllər belə hesab olunurdu ki, islandiyalıların həmişə öz fikirləri var və bu, çox vaxt NATO-nun fikri ilə üst-üstə düşmür, baxmayaraq ki, ölkə alyansın bir hissəsidir. Bu fikirləri mənə həm də 2000-ci illərin əvvəllərində Vaşinqtonda görüşdüyüm İslandiya Ədliyyə Nazirliyinin yüksəkvəzifəli məmuru böyük fəxrlə söyləmişdi. İndi vəziyyət dəyişibmi?

- Bəli, İslandiya son vaxtlara qədər daha müstəqil mövqe nümayiş etdirirdi. 2017-ci ilin sonundan ölkəni Baş nazir Katrin Yakobsdouttirin rəhbərlik etdiyi solçu hökumət idarə edir. “Sol-yaşıllar” İslandiyanın Avropa İttifaqına daxil olmasına qarşı idilər və ölkənin NATO-da təmsil olunmağına etiraz edirdilər. Amma indi hər şey dəyişib. Artıq onlar İslandiyada daha çox alyans qoşunlarının olmasını istəyirlər, Avropa İttifaqına daxil olmağa can atırlar. Bütün bunlar Rusiya qarşısında qorxudan qaynaqlanır. Eyni transformasiya digər Skandinaviya dövlətlərində də baş verib (Skandinaviya ölkələrinə Danimarka, İsveç, Norveç və İslandiya daxildir - red.)

- Məhz buna görə də Skandinaviya ölkələri olan İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlər. Bunu bizə həmin ölkələrdən olan ekspertlər də söyləyirlər...

- Finlandiya və İsveçdə insanlardan NATO-ya üzv olmaq barədə soruşulmayıb, qərarı siyasi elita verib. Amma təbii ki, Rusiyanın hərbi əməliyyatları isveçlilərin və finlərin narahatlığını artırıb. Baxmayaraq ki, mənim fikrimcə, İsveç və Finlandiyanın ənənəvi neytrallığı onların bombalanmayacağının ən yaxşı təminatıdır. Lakin indi İslandiyada bütün siyasi ictimaiyyət və İslandiya xalqının əksəriyyəti İsveç və Finlandiyanın NATO-ya daxil olmasını alqışlayır. Bunun İslandiya üçün təhlükəsizlik qarantı olacağına dair ümumi fikir var və ölkənin cənub-qərbində ABŞ hərbçilərinin sayının artması da buna zəmin yaradacaq.

- Bu məsələdə Türkiyənin irəli sürdüyü şərt var. Türkiyənin Böyük Millət Məclisi Ankara qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyən Finlandiya və İsveçin Alyansa daxil olmaq üçün təqdim etdiyi sənədləri ratifikasiya edəcəkmi? Ümumiyyətlə, belə bir hiss var ki, bəzi Qərb dövlətləri Türkiyəni Şimali Atlantika Alyansından sıxışdırıb çıxarmağa çalışırlar...

- Əgər böyük əraziyə və güclü orduya malik bir NATO ölkəsi olan Türkiyə alyansı tərk edəcəksə, Şimali Atlantika Alyansı tamamilə fərqli olacaq. Bundan sonra Türkiyə Cümhuriyyəti neytral, bəlkə də, islamyönümlü ola bilər. Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə yaxşı münasibətləri var. Türkiyə faktoru dünyada çox önəmli rol oynayacaq. Mən öz proqnozumu verə bilərəm - on ildən sonra Türkiyə NATO-da olmayacaq. Bəli, Avropa İttifaqı da fərqli olacaq, Aİ ilə ABŞ arasında münasibətlərə yenidən baxılması mümkündür.

Skandinaviya ölkələrində (uzaq şimalda yerləşən ada olan İslandiya istisna olmaqla) isə həm türkofobiya, həm də islamofobiya var. Skandinaviyalılar Türkiyəyə getməyi belə, dayandırıblar, onlarda müəyyən qorxu müşahidə olunur. Mən bunu mətbuatda dərc edilən xəbərlərlə və dünyanı anlama səviyyəsinin aşağı olması ilə əlaqələndirirəm.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri