Avq
2022
12:52
93
38
2916
Virtual karabakh

Pelosinin Tayvan səfəri: Vaşinqtonla Pekin gizli sövdələşmə ediblər? – TƏHLİL + FOTO

3 Avq, 2022
12:52
2916

Pelosinin Tayvan səfəri: Vaşinqtonla Pekin gizli sövdələşmə ediblər? – TƏHLİL + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qlobal geosiyasi oxun öz trayektoriyasından çıxarılması üçün daha bir addım atıldı, bəli, Rusiya-Ukrayna müharibəsinin yaratdığı tektonik çat Çin-ABŞ münasibətlərində də dərinləşir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosinin Çinin ərazi-suverenlik prinsipi ilə incə strateji həssaslıqla yanaşdığı Tayvana səfəri Pekin-Vaşinqton əlaqələrinin üzərinə benzin tökməkdədir.

Bəşəri müstəvidə sual meydana çıxır: Görəsən, Pelosinin səyahəti Tayvan boğazında misli görünməmiş eskalasiyaya səbəb olacaqmı?

Qorxular qalmaqda davam edir, amma ABŞ və Çin tərəfindən Pelosinin səfərinə dair verilən açıqlamalar mübahisələrin hibrid müharibə səviyyəsində davam edəcəyini göstərir.

QISA XATIRLATMA: 1997-ci ildə Nümayəndələr Palatasının sədri Nyut Qinqriç Tayvana səfər edib. Pelosi həmin ildən sonra Tayvana səfər edən ilk ABŞ rəsmisidir. 1997-ci ildən bu yana ABŞ-la Çin heç zaman hərb meydanında kəllə-kəlləyə gəlməyiblər.

Cari mənzərədə iki nüvə gücü (ABŞ və Çin) arasında siyasi-diplomatik gərginlik artsa da, onların fövqəldövlət təmkini açıq hərbi toqquşmaların qarşısına sədd çəkir.

Ancaq nəzərə almaq lazımdır ki, Pelosinin Tayvana girişindən sonra başlanan hibrid savaşın formalaşdırdığı yeni baza perspektiv ssenarilər üçün açar rolunu oynayacaq.

Yəni ABŞ-la Çin arasında mümkün hərbi eskalasiyanın doğulacağı ehtimalı qeybə çəkilməyib.

Pelosinin yaratdığı gərginlik fonunda ABŞ-la Çinin qızışmış emosiyalarının arxasında hansısa gizli razılaşmanın olduğunu da söyləyə bilərik.

Bunu Pelosinin səfərindən beş gün öncə (iyulun 28-də) ABŞ Prezidenti Co Baydenlə Çin lideri Si Cinpin arasında baş tutan telefon danışığının gizli qalan tərəflərinə işıq tutaraq görə bilərik.

Elə görüntü yaranır ki, Nümayəndələr Palatasının spikerinin Çinin əsəbləri ilə oynaması Pekinlə Vaşinqton arasında əldə edilmiş konseptual razılaşmanın tərkib hissəsidir.

Bu tezisin üzərində dayansaq, ortaya dörd versiya çıxara bilərik:

1. ABŞ səfərə görə Çinin müharibə elan etməyəcəyini bilib, daha doğrusu, buna görə hətta Pekindən zəmanət alıb.

2. ABŞ Pekinin bu qarantiyasına əmin olduqdan sonra Pelosi ilə Çinin nəbzini yoxlayıb və Pekindən gələ biləcək hərbi “salam”ların trayektoriyasını müəyyən edib.  

3. Dünyanın iki nəhəng rəqibi bəzi istiqamətlər üzrə ümumi razılıq əldə etsə də, detallar üzərində rəqabət aparılır.

4. Tayvan faktoru Asiya-Sakit okeanı regionuna uzanan caynaqları itiləşdirir və bu böyük zonada Rusiyanın da maraqları sınağa çəkilir.

Lakin səbəbləri hansı mənbələrdə axtarsaq da, Çinlə ABŞ-ın ulduzu barışmır və hansısa sövdələşmələr də suya yazılmış kimi qalır.

Pelosinin Taypeyə enişindən sonra Çinin Tayvan ətrafında hərbi təlimlərə başlaması da instinktiv reaksiya kimi dəyərləndirilməlidir, hərçənd ki, Çinin bu əzələ nümayişi ABŞ-ın regiondakı dəniz qüvvələrinə birbaşa təhdid yaratmır.

ABŞ regionda demokratiya və Qərb dəyərlərini inkişaf etdirməklə hərbi-iqtisadi üstünlüyünü çoxaltmaq əzmindən əl çəkmir və onun bu prinsipiallığı Çinin də perspektiv addımlarına təkan verəcək.

Yəni ABŞ-ın müstəsna üstünlüklər əldə etmək yolunda şütüməsi Çini daha da aqressivləşdirir, bir güc digərinin hərəkətverici mühərrikinə çevrilir.

ABŞ-ın Tayvanı şirnikləndirməsi Çinin bu ərazi subyektində müstəqillik ideyalarının praktiki reallaşmasına təkan verəcəyi halda Pekin əlini silaha ata bilər və hərbi münaqişə qaçılmaz olar.

İndiki halda isə Pelosinin səfəri daha böyük strateji planda ABŞ-ın da, Çinin də qlobal maraqlarına dəhşətli təhdid elementi ortaya qoymur.

Pelosinin Tayvana gəlişi mümkün böhran situasiyalarının idarə edilməsi baxımından Vaşinqtonun da, Pekinin də qabiliyyətlərini artıracaq.

Strateji qabiliyyətlər Cənubi Çin dənizinə dikilən baxışların sərtliyinin dozasını çoxaldacaq, çünki bu dəniz regionu qlobal güclər üçün böyük əhəmiyyətə malikdir.

Cənubi Çin dənizi Asiyanı Avropa və Afrika ilə birləşdirən əsas ticarət magistralıdır və zəngin təbii ehtiyatlara malikdir.

Hesablamalara əsasən, Cənubi Çin dənizində 11 milyard barel neft və 190 trilyon kubmetr qaz ehtiyatı var.

Cənubi Çin dənizi dünyanın balıq ehtiyatının 10 faizini ehtiva edir ki, bu da yüz milyonlarla insan üçün əsas qida mənbəyidir.

ABŞ Cənubi Çin dənizinin Çinə düşən hissəsinə əhəmiyyətli əl qoymaq niyyətindədir və bununla Pekinin iqtisadi ekspansiyasını zəiflətmək istəyir.

PROQNOZLAR:

1. ABŞ-la Çin Tayvana görə qarşı-qarşıya gəlməkdən boyun qaçıracaqlar.

2. ABŞ-ın hərəkətləri Çinin Tayvan üzərində suverenlik hüququnu bərqərar etməsinə zəminlər yaradacaq.

3. ABŞ-la Çinin iqtisadi müharibəsi qısamüddətli hərbi güc nümayişləri ilə müşayiət ediləcək.

4. ABŞ Çini öz tərəfinə çəkmək üçün ona basqıları davam etdirəcək, amma Pekin Rusiya ilə regionda maraqlarını strateji xarakterdə qurmağı dayandırmayacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri