Avq
2022
10:52
380
53
2965
Virtual karabakh

Politoloqdan XƏBƏRDARLIQ: “Qisas” əməliyyatının digər fazalarını gələcəkdə müşahidə edə bilərik” - FOTO

6 Avq, 2022
10:52
2965

Politoloqdan XƏBƏRDARLIQ: “Qisas” əməliyyatının digər fazalarını gələcəkdə müşahidə edə bilərik” - FOTO

“Uğurla başa çatan əməliyyatın digər fazalarını gələcəkdə müşahidə edə bilərik. Regional sülhü dayanıqlı etmək üçün rusiyalı sülhməramlıların da üzərinə böyük məsuliyyət düşür. Azərbaycan öz ərazisində erməni yaraqlılarının qalmasına göz yummayacaq”. 

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri növbəti dəfə 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozublar. Erməni yaraqlıları avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədiblər.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Hakim yüksəkliklər nəzarətə götürülüb

Terror-təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstəriblər. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulmasına və təminat yollarının çəkilməsi üzrə mühəndis işlərinə başlanılıb. “Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Ermənistan öhdəliklərdən yayınır

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında deyib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından indiyə qədər ötən vaxt ərzində bir neçə dəfə belə insident yaşanıb. Onun sözlərinə görə, Azərbaycan birtərəfli qaydada Ermənistanı sülhə məcbur etmək üçün tədbirlər görür. Politoloq bildirib ki, Laçın dəhlizi istiqamətində avqustun 3-də yaşanan olay Azərbaycan tərəfini daha prinsipial və qətiyyətli addımlar atmağa məcbur edib:

“Kod adı “Qisas” olan antiterror əməliyyatı erməni təxribatına layiqli cavabdır. Davamlı hal alacaq belə əməliyyatların mənəvi və ideoloji əsasları var. Üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi.  Əfsus ki, bu maddənin tələbi indiyə qədər yerinə yetirilməyib. Qeyri-qanuni erməni silahlı qüvvələri indi də Azərbaycan ərazilərindədir. Bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 19 iyul 2022-ci il tarixli müsahibəsində söyləyib ki, Ermənistan silahlı qüvvələrinə məxsus bölmələrin Qarabağdan çıxarılması bu ilin sentyabr ayında başa çatacaq. Bu açıqlama onu göstərir ki, Ermənistan hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni olaraq saxlamaqdadır”.

Problemin qısa müddətdə həllinin nümayişi

Politoloq vurğulayıb ki, rəsmi İrəvan sülh prosesinə mane olur, prosesləri uzadır, Rusiya və Avropa İttifaqının təşəbbüsü ilə imzalanan bir sıra sənədlərin tələblərini pozur, vaxt qazanmağa, gərginlik yaratmağa çalışır:

“Nikol Paşinyan hökuməti Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində hər hansı hüquqi addım atmır. Nəqliyyat dəhlizləri açılmır, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilmir, sülh müqaviləsinin imzalanması üçün siyasi iradə nümayiş etdirilmir. Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi, kapitulyasiya aktına imza atan Ermənistan üçtərəfli bəyanatın tələblərini qeyd-şərtsiz icra etməlidir. Ölkə başçısı cari ilin 6 ayının yekunlarına dair müşavirədə Moskva və İrəvana bu barədə açıq mesajlar ünvanlayıb. Bütün bu xəbərdarlıqlardan sonra rəsmi Bakı əməli-praktik müstəvidə problemin qısa müddətdə həllinin mümkünlüyünü nümayiş etdirib”.

Sülhməramlıların üzərinə böyük məsuliyyət düşür

İ.Hüseynovun sözlərinə görə, Azərbaycan tərəfi tələb edir ki, bölgə hərbsizləşdirilsin, regional sülh və sabitlik təmin olunsun: “Rusiya sülhməramlılarının arxasında gizlənən Ermənistan silahlı qüvvələrinin birləşmələri isə qeyri-qanuni əməllərlə bu çağırışlara zidd fəaliyyət ortaya qoyurlar. Bütün bunlar dözülməz haldır və Azərbaycan tərəfi belə yanaşmanı qəbul etmir. Uğurla başa çatan “Qisas” əməliyyatının digər fazalarını gələcəkdə müşahidə edə bilərik. Regional sülhü dayanıqlı etmək üçün Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların da üzərinə böyük məsuliyyət düşür. Azərbaycan öz ərazisində erməni yaraqlılarının qalmasına göz yummayacaq. Beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozan, separatçılığı körükləyən Ermənistan baş verənlərdən ciddi nəticə çıxarmalıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri