Avq
2022
12:42
244
21
3398
Virtual karabakh

Putin-Ərdoğan danışıqları: Soçidəki müzakirələrin doğuracağı nəticələr, Azərbaycana fayda – TƏHLİL

8 Avq, 2022
12:42
3398

Putin-Ərdoğan danışıqları: Soçidəki müzakirələrin doğuracağı nəticələr, Azərbaycana fayda – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 5-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirildi.

Prezidentlərin budəfəki danışıqlarının strateji məğzi iki ölkə arasındakı siyasi münasibətlərin Rusiya-Ukrayna müharibəsi fonunda iqtisadi rıçaqlarla bərkidilməsi mahiyyətini daşıyırdı.

Putin-Ərdoğan dialoqunun iqtisadi platformasında:

1. “Türk axını” enerji layihəsinin gücü və Avropanın qaz təminatındakı rolu qabardılıb;

2. İki ölkənin birgə layihəsi olan “Akkuyu” atom elektrik stansiyasının tikintisi ilə bağlı fikir ayrılıqlarına son qoyulması ön planda tutulub;

3. Liderlər Rusiyadan Türkiyəyə ixrac edilən qazın ödənişinin rublla ödənilməsi barədə razılıq əldə ediblər ki, bu da ABŞ dollarının hegemonluğunun azaldılması yolunda vacib sayıla bilər. Yaxın perspektiv üçün isə rublla ödəniş dollar dominantlığına real təhdid yarada biləcək səviyyəyə qalxmayacaq;  

4. Ukraynada blokadada qalan taxılın dünya bazarlarına çıxarılmasını təmin etmək Türkiyənin beynəlxalq humanitar missiyasının prioritetləri sırasındadır. Ankara qlobal ərzaq təhlükəsizliyini təhdid edən qarşıdurmaya müvəqqəti də olsa son qoymaqla həm Rusiyanın, həm Ukraynanın, həm də Qərbin etibarını qazanır.

Sadaladığımız bəndlər Rusiyanın Qərbin sanksiyalarından yayınma səylərini əhatə edir və sözsüz ki, Moskva Ankaranın belə bir şərait yaratmasına görə ona vəfa borcunu göstərməlidir.

Rusiya Türkiyənin etdiyi və ya bundan sonra edəcəyi jestləri Suriyanın şimalındakı güzəştlər konsepsiyası ilə adekvat cavablaya bilər.

Yəni Kreml Türkiyə ordusunun Suriyanın şimalındakı antiterror əməliyyatlarının qarşısına keçməmək kimi bir öhdəliyə sahiblənir, hərçənd ki, bunun da bir sərhədi olacaq.

Putin-Ərdoğan hər nə qədər bir-birinə isti münasibət sərgiləsə də, iki ölkənin böyük şahmat taxtasındakı strateji maraqları onları rəqib halına da gətirir.

Qərb isə çalışır ki, bu rəqabəti körükləsin və Rusiya-Türkiyə münasibətlərinə xələl gəlsin, lakin bunun özü də limitlidir.

Çünki Türkiyə Qərblə Rusiya arasında əhəmiyyətli rabitə kanalıdır və maraqların uyğunlaşdırılması körpüsüdür. Türkiyənin NATO üzvü olması Qərb üçün region üzərində əla fürsətlər təqdim etsə də, Ərdoğan ölkəsinin böyük təhlükəli oyunlara doğru itələnməməsi siyasətinə sadiqdir.

Ankaranın tutduğu ehtiyatlı mövqe Qərblə Türkiyə arasındakı ipləri gərir, buna görə də Ərdoğan ölkəsinin təhlükəsizlik maraqlarını Rusiya ilə də uyğunlaşdırmaq zərurəti ilə hərəkət edir.

Böyük siyasi məharət sahibi olan Ərdoğan həm NATO-nun rəqibi olan Rusiya ilə, həm də Qərblə danışıq aparmaq qabiliyyətini saxlamaq üçün incə bir xətt çəkir.

Hazırda Rusiya-Türkiyə arasındakı qarşılıqlı ehtiyaclar daha çoxdur, bu amil iki ölkənin pozitiv siqnallarla bir-birinə yaxınlaşmasını sürətləndirir. Moskva isə Ankaranı öz xəttindən çıxarıb  onun tamamilə özünə həlledici dəstəkçi statusuna gəlməsini hədəfləyir.

Söhbət ondan gedir ki, Putin Türkiyənin Ukraynaya tədarük etdiyi “Bayraktar”lardan narahatlıq keçirir, böyük ehtimal ki, indi Kreml həmin pilotsuz zərbə aparatlarından özü üçün də almaq niyyətindədir.

Türkiyənin Rusiyaya “Bayraktar” satacağı inandırıcı versiya deyil, çünki Ankaranın sahib olduğu yeni nəsil silahlar regiondakı hərbi qüvvələr nisbətində ona fövqəladə üstünlük gətirir.

Liderlərin danışıqlar masasında Cənubi Qafqazdakı situasiyanın da müzakirə predmeti olduğunu deyə bilərik, əldə olunan yeni razılıqlar Azərbaycanın xeyrinədir.

Bunu hadisələrin xronikasına nəzər yetirdikdə də görmək  mümkündür. İndən belə Türkiyənin Cənubi Qafqazdakı hərbi-siyasi mövcudiyyətinin yeni detalları formalaşacaq.

PROQNOZLAR:

1. Putinlə Ərdoğanın axırıncı təması Rusiyanın Qərbin sanksiyaları qarşısında nəfəs almaq kanalını təmin edəcək;

2. Türkiyənin Suriyanın şimalındakı nüfuz dairəsi genişlənəcək və Rusiya ilə bu ölkədə yeni maraqlar yaradılacaq;

3. Azərbaycan-Türkiyə-Rusiya üçlüyünün növbəti razılıq üçün hazırlıq işləri başlanılacaq. Bunun əlamətlərini əsasən Azərbaycanın Şərqi Zəngəzur bölgəsindən Ermənistana yeni panorama açılmasında görəcəyik.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri