10 
Avq
2022
16:12
75
135
3319
Virtual karabakh

Moskva ilə isti görünən təmaslar: “Rəsmi Ankaranı xəbərdar edirlər ki, çox da dərinə getməsin” - FOTO

10 Avq, 2022
16:12
3319

Moskva ilə isti görünən təmaslar: “Rəsmi Ankaranı xəbərdar edirlər ki, çox da dərinə getməsin” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı Rusiya ilə yaxınlaşma səbəbilə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyi düşünür. Bu barədə “Financial Times” nəşri məlumat yayıb.  Bildirilib ki, bir neçə Qərb rəsmisi Rusiya və Türkiyə prezidentlərinin Soçidəki danışıqlardan sonra ölkələr arasında ticarət və enerji sahəsində əməkdaşlığı genişləndirmə vədlərindən narahatdır.

Maraqlıdır, bu sanksiyalar nədən ibarət ola bilər? Mövcud təhdidin Türkiyəni Rusiya ilə ticari əlaqələrdən çəkindirmə ehtimalı varmı?

Məsələni Oxu.Az-a şərh edən beynəlxalq münasibətlər üzrə mütəxəssis, professor Yalçın Sarıkaya bildirib ki, xəbərin vaxtı və üslubu bunun, heç şübhəsiz, media vasitəsilə Türkiyəyə verilən mesaj olduğunu ortaya qoyur:

“NATO adlı təhlükəsizlik bloku olduğu halda AB üçün blok ifadəsinin işlədilməsi, Türkiyə iqtisadiyyatının onsuz da “kövrək” olduğuna işarə edilməsi, bir sıra adı açıqlanmayan avropalı və amerikalı diplomat və bürokratlara istinad göstərilməsi də bunun belə olduğunu göstərir.

Düzü, Türkiyə son bir-iki ildə xarici siyasətdə problem yaşadığı müxtəlif aktorlarla münasibətlərini yaxşılaşdırmağa yönəlmiş siyasət yürüdür və bunu “normallaşma” kimi təqdim edir. Qarabağ zəfərindən sonra Ermənistanla yeni münasibətlərin inşası, İsraillə uzun fasilədən sonra əlaqələrin canlanması, Misirlə münasibətlərin bərpası, hətta bütün təxribatlarına rəğmən, Yunanıstana verilən mesajlara belə, bu kontekstdən baxılmalıdır. Bu normallaşma üfüqünün içində yer alan hədəflərdən biri isə ABŞ-dır.

Lakin ABŞ Türkiyəyə nəinki müttəfiq kimi baxmır, hətta normal iki dövlətin bir-birinə qarşı göstərməməli olduğu kəskin bir münasibət nümayiş etdirir. Çoxtərəfli danışıqlarda bir araya gələn liderlərin mətbuat qarşısında səmimi poza vermələri çox təbiidir. Lakin ortada ABŞ-ın CAATSA, yəni “ABŞ-ın düşmənləriylə mübarizə”si çərçivəsində sanksiyaya məruz qoyduğu bir Türkiyə var”.

Professor qeyd edib ki, Rusiyadan enerji asılılığının azaldılması istiqamətində atılan addımlar qısa müddətdə nəticə verəcək səviyyədə deyil:

“Sadəcə, bəziləri bunu qəbullanmaq istəmirlər. Türkiyə Ukraynanın ərazi bütövlüyünün pozulmamalı olduğunu hər fürsətdə dilə gətirib, Rusiyanı bu işğalı sonlandırmağa səsləyib, Ukraynaya müharibə cəbhəsində böyük üstünlük verən PUA-lar satıb, ancaq Vaşinqton istəyir deyə Rusiyaya sanksiya tətbiq etməyəcəyini də bildirib. 

Biz bilirik ki, Aİ son vaxtlar bir neçə dəfə Türkiyəyə qarşı sanksiya məsələsini gündəmə gətirib. Məsələn, iki il əvvəl insan haqları, sərbəst toplaşmaq və nümayiş azadlığı kimi məsələlərə istinad edilərək belə sanksiyalara işarə edilirdi. 2020-21-ci illərdə Fransa və Yunanıstanın Türkiyəyə sanksiya tətbiq etmək üçün apardıqları mübarizəni də xatırlayırıq. Lakin unutmamalıyıq ki, bu sanksiyaların tətbiqi Avropa Şurasında yekdillik tələb edəcək.

Bu tipli yeganə sanksiya Türkiyənin Şərqi Aralıq dənizində öz yurisdiksiyasında qazma və kəşfiyyat fəaliyyətləri üçün tətbiq edilmişdir və hələ də qüvvədədir. “Financial Times”ın xəbərlərinin işarə etdiyi indiki sanksiyalar isə maliyyə sahəsinə işarə edir və görünür, Türkiyə hökumətinə birbaşa iqtisadi təzyiq yaratmaq məqsədi daşıyır”.

Professor sanksiyalar tətbiq ediləcəyi təqdirdə bunun siyasi baxımdan türkiyəli seçicilərə də mənfi təsir göstərəcəyini vurğulayıb:

“Ona görə də Türkiyə diplomatiyasının Aİ dövlətləri ilə ikitərəfli münasibətlərində vasitələrə əl atacağını istisna etmək olmaz. ABŞ Türkiyəni müharibə şəraitində fürsətcil olmaqda ittiham edir və Aİ dövlətlərinin bu məsələ ilə bağlı qərarını müəyyənləşdirməyə çalışır. Lakin onun problemi Türkiyənin fürsətcilliyi deyil, Ankaranın Moskva ilə dialoqa hələ də açıq olmasıdır”.

Həmsöhbətimiz Türkiyənin hətta Aİ-nin qurucu böyüklərinin belə ticarət əlaqələrini tam kəsmədiyi Rusiya ilə münasibətlərini sonlandırmayacağını vurğulayıb:

“Ticarətin milli valyutalarla edilməsi məsələsi isə bu günün mövzusu deyil, illərdir gündəmə gətirilən və qismən tətbiq edilən bir məsələdir. Ancaq müdafiə sənayesi və maliyyə məsələlərində Ankara daha ehtiyatlı ola bilər. Nə qədər ki məsələnin mərkəzində Türkiyə-ABŞ münasibətləri var, biz bunu birbaşa Avropa məsələsi kimi görə bilmərik. Türkiyənin NATO üzvü kimi mümkün genişlənmədə veto kartından istifadə edə biləcəyi məlumdur. Bu mövzuda əldə olunan razılaşma tərəflərin öhdəliklərindən asılıdır. Əgər ABŞ Aİ-dən Türkiyəyə qarşı birgə addım gözləyirsə, bunun həm NATO, həm də müttəfiqlik anlayışı üçün müəyyən nəticələri olacağını düşünməlidir”.

Siyasi təhlilçi Şahin Cəfərli isə hesab edir ki, Avropa Birliyinin Türkiyəyə sanksiya tətbiq etməsi hələ ki gündəmdə deyil:

“Sadəcə, Qərb çevrələri Türkiyənin Rusiya ilə iqtisadi əlaqələri dərinləşdirmək niyyətindən narahatdırlar. Onlar Türkiyənin bu siyasətinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozacağını düşünürlər. Xüsusilə də söhbət Türkiyənin “Mir” ödəniş kartları sisteminə şərait yaratması ilə bağlı əldə olunan razılaşmadan gedir. Bu, Rusiyanın Qərb sanksiyalarından yayınması kimi qiymətləndirilir. O baxımdan Türkiyə bu cür addımlarda ehtiyatlı olmalıdır. Rusiya ilə iqtisadi ticarət əlaqələrini daha da dərinləşdirərsə və Rusiyanın sanksiyalardan yayınmasına şərait yaradarsa, Türkiyənin də sanksiya altına düşmə ehtimalı var”.

Ekspert Türkiyənin bu cür radikal addımlar atmaqdan çəkinəcəyini deyib:

“Rusiya əhəmiyyətli bir tərəfdaşdır, amma Avropa Birliyi Türkiyə üçün daha önəmlidir. Biz Türkiyənin xarici siyasətinə nəzər salsaq, görərik ki, Türkiyə Rusiya ilə ticarətdə uduzan tərəfdir. Yəni Türkiyə Rusiyaya az mal satır, çox mal alır. Amma AB ilə ticarətdə Türkiyə qazanan tərəfdir, çünki ixracı idxalından daha çoxdur. Türkiyəyə qarşı hansısa iqtisadi sanksiyanın tətbiq olunması Türkiyənin onsuz da kövrək olan iqtisadiyyatına daha ağır zərbə vura bilər. Bu xalqa da, seçki ərəfəsində olan hökumətə də lazım deyil”.

Politoloq Elxan Şahinoğlu isə Türkiyənin kapitala ehtiyacı olduğunu diqqətə çatdırıb:

“Avropa İttifaqı şübhələnir ki, Türkiyə-Rusiya iqtisadi əməkdaşlığı genişlənə və sanksiyalar altında olan Rusiya şirkətləri Türkiyəyə investisiya qoya bilərlər. Görünür, ABŞ da diplomatik kanallarla Türkiyəni xəbərdar edib. Bu gün Türkiyənin kapitala, investisiyaya ehtiyacı var, ölkədə inflyasiya artır, xalqın alıcılıq qabiliyyəti aşağıdır. Rusiya prezidenti istəyir ki, əlində olan kapitalı Türkiyəyə cəlb etsin, bu da Türkiyənin marağındadır. Ona görə də Rusiya ilə iqtisadi əməkdaşlıq artır, artıq gələcək hədəf ticarət mübadiləsini 100 milyard dollar artırmaqdır. Ölkəyə Rusiyadan turistlər gəlir, Rusiya Türkiyədə atom elektrik stansiyası tikir, qaz alır. Amma problem ondadır ki, Rusiya Türkiyənin bank hesablarında müxbir hesabları açmaq istəyir. Bu, Qərbi narahat edir, çünki həmin Rusiya bankları sanksiya altındadır. Ona görə də Türkiyəni xəbərdar edirlər ki, Rusiya ilə əməkdaşlıqda çox dərinə getməsin. Bunların fonunda hesab edirəm ki, Putin Ərdoğana əməkdaşlığı inkişaf etdirməyi təklif etsə də, Ərdoğan qərar verməkdə tələsməyəcək”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri