17 
Avq
2022
18:26
214
28
1986
Virtual karabakh

Ərdoğan Zelenskiyə nələri çatdıracaq? – ŞƏRH

17 Avq, 2022
18:26
1986

Ərdoğan Zelenskiyə nələri çatdıracaq? – ŞƏRH

Avqustun 18-də BMT baş katibi Antoniu Quterreş Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşün formatı qlobal böhranın aradan qaldırılmasında Türkiyənin nə dərəcədə böyük rol oynadığını göstərir.

Bu görüşdə humanitar dəhlizlərin açılması, taxıl böhranının həlli ilə bağlı düsturlar masaya qoyulacaq.  

Zelenski Ərdoğana ümid yeri kimi baxır, özü də bu, təkcə Türkiyə dövlətinin humanitar təşəbbüslərinə görə deyil.

Zelenski Ərdoğanın Rusiya ilə isti münasibətlərdə olduğunu başa düşərək onun müharibəni bitirmək üçün potensialını da dəyərləndirir.

Ərdoğan son bir ayda Rusiya Prezidenti Vladimir Putinlə iki dəfə görüşüb, bu fonda Zelenskinin onunla masa arxasına keçməsi ortaya bir versiya çıxarır:

Ərdoğan Ukraynadakı müharibəyə dair Putindən aldığı təklifləri Zelenskiyə çatdıracaq. Türkiyə və Ukrayna liderlərinin üzbəüz görüşməsi müharibənin sonlandırılması üçün Rusiyanın masaya qoyduğu ciddi mətləblərdən xəbər verir.

Amma Ərdoğanın Zelenskini Rusiyanın şərtlərinə razı salması mümkünsüz kimi görünür. Ona görə ki, Putinin şərtləri Ukraynanın ərazi bütövlüyü və suverenliyini heçə sayır. Əslində, Ərdoğan da Putinin ssenarisi ilə razı deyil, amma ola bilsin ki, onlar keçirdikləri görüşlərdə daha praqmatik bir variantı müzakirə ediblər və ən azından, ortaq məxrəcə yaxın bir hədd tapılıb.

Ərdoğan Zelenskiyə həmin “qızıl orta”nı çatdıracaq. Eyni zamanda Türkiyə əzəldən bəri tutduğu Ukraynaya dəstək xəttini səsləndirəcək və iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq da müzakirəyə çıxarılacaq.

Rusiya Türkiyənin Ukraynada “Bayraktar” PUA-ları istehsal edən zavod açacağına hədə ilə cavab verib və belə bir müəssisənin Kremlin legitim hədəfində ola biləcəyini bəyan edib.

Bu, Türkiyə və Ukrayna müdafiə sənayesi üçün təhdiddir, ona görə də Ərdoğanla Zelenski Rusiyadan gələn və iki ölkə üçün ortaq təhdid yaradan nöqtənin neytrallaşdırılmasını müzakirə edəcəklər.

Ərdoğan-Zelenski görüşü Türkiyə üçün Ukrayna münaqişəsinin hazırkı durumu və Kiyevin perspektiv planları barədə ətraflı məlumat almaq, Ankaranın bundan sonrakı strateji addımlarını qurmaq baxımından önəmlidir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri