18 
Avq
2022
17:40
32
252
2709
Virtual karabakh

Rusiya Belarus vasitəsilə yenə təhdidə əl atır - TƏHLİL

18 Avq, 2022
17:40
2709

Rusiya Belarus vasitəsilə yenə təhdidə əl atır - TƏHLİL

Rusiyanın Ukraynaya qarşı təcavüz siyasəti davam etdikcə müharibənin qığılcımlarının başqa yerlərə sıçrama riskləri də yüksəlir.

Son günlər Ukrayna Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımdakı hərbi obyektləri zərbə altına qoyduqca Kremldə narahatlıqlar artır.

Ümumiyyətlə, Ukrayna həmişə əks-hücum əməliyyatlarına keçəndə və Qərbdən gələn hərbi dəstək artanda Rusiya dərhal hədə ritorikasını dəyişir.

Qərbin və Ukraynanın Rusiyadan çəkindiyi məqam nüvə silahı ilə əlaqəlidir, hərçənd ki, Kreml dəfələrlə bəyan edib ki, nüvə silahı yalnız zəruri müdafiəyə ehtiyac duyulduğu zaman istifadə edilə bilər.

Ancaq Qərbdə nüvə silahının tətbiqi barədəki narahatlıqları həmin silahların yerləşdirilmə arealına dair qorxular da müşayiət etməkdədir.

Rusiya nüvə silahlarını özünün müttəfiqi olan Belarus ərazisinə daşımaq niyyətindədir, bu, yeni bir məlumat olmasa da, təzədən aktuallaşıb.

Rusiya Belarusdakı perspektiv nüvə təchizatını əsasən iki sahə üzrə həyata keçirmək niyyətindədir:

- Belarusda olan “Su-25” döyüş təyyarələrinin nüvə silahı daşımaq üçün modernləşdirilməsi;

- Nüvə başlığı ilə təchiz edilmiş “İskəndər-M” raketlərinin yerləşdirilməsi.

Belarus nüvə silahlarının öz ərazisinə “qonaq gəlməsindən” o qədər də məmnun kimi görünmür, hərçənd ki, üzdə başqa mövqe ifadə edilir və Minsk Moskvanın Ukraynadakı hərəkət trayektoriyasına dəstək verən ölkədir.

Beləliklə, Rusiya NATO-ya onu nüvə qüvvələri ilə əhatə edə biləcəyinə dair siqnal ötürür. Ukraynadakı münaqişə zəminində Belarusun da məcburən nüvə çətiri altında kölgələnməsi nüvə təhlükəsizliyi ilə bağlı vəziyyəti təhdid edir.  

Rusiya Belarus amili ilə Avropaya qarşı ikinci cəbhə aça biləcəyi təəssüratlarını gücləndirmək qabiliyyətini nümayiş etdirir.

NATO-nu Ukrayna münaqişəsindəki iştirakından çəkindirmək üçün Rusiyanın Belarusdan istifadə edə bilmək ehtimalı kiməsə təəccüblü gəlməməlidir.

Rusiya ümumilikdə NATO-nu qorxu altında saxlamaq üçün müxtəlif üsullara əl atır, lakin nüvə qüvvələri Belarusda yerləşərsə, bu ölkə də Qərbin legitim hədəfində ola bilər. Belarusu narahat edən də budur və Moskvadan təhlükəsizlik zəmanətinə də dərin inam bəsləmir.

Rusiya da, Qərb də nüvə toqquşmasına cəsarət etmədiklərindən nüvə müharibəsi ehtimalı elə də böyük deyil, bununla belə, Belarus vasitəsilə Avropanın təhlükəsizlik arxitekturasına ikinci potensial təhlükə formalaşdırılması prosesi gedir.

Rusiya siyasətinin NÜVƏsinə stimul verən elə Qərbin özüdür, çünki ABŞ başda olmaqla bir sıra NATO ölkələri şərq cinahında əlavə qoşun yerləşdirilməsinə çalışırlar.

Bir növ Rusiyanın müdafiə refleksləri qıcıqlandırılır və Moskva təbii şəkildə Belarusa silah yerləşdirməyə təhrik edilir.

Vəziyyət o dərəcədə qeyri-müəyyəndir ki, tərəflərin ortamüddətli və uzunmüddətli strategiyaları öz yerini situativ əvəzlənmələrə verə bilər.

Qarışıq atmosferdə proqnoz səsləndirmək də çətinləşir, lakin bir neçə məsələ nəzərə alınmaqla bəzi mülahizələrə yol açır:

1. Rusiya Belarusu öz tərəfinə çəkib, Minsk Moskvaya dəstək verir. Buna görə də Rusiyanın Belarus torpaqlarında nüvə silahları yerləşdirəcəyi qaçılmaz görünür;

2. NATO Ukraynadakı müharibənin nəticələrini gözləyir, əgər Rusiya istədiyini qoparsa, onda Alyans Moskvanın Belarusla bağlı qərarına “hörmətlə” yanaşacaq;

3. Rusiya Ukraynada məğlubiyyətə düçar olsa, Qərb Kreml üzərində üstünlük qazanacaq və Moskvanı nüvə siyasətinə dair bəzi redaktələrə məcbur edəcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri