18 
Avq
2022
18:30
128
45
1810
Virtual karabakh

“Bizim yaxınlığımız heç kim üçün təəccüb yaratmamalıdır” – Deputat Tokayevin səfərindən danışdı

18 Avq, 2022
18:30
1810

“Bizim yaxınlığımız heç kim üçün təəccüb yaratmamalıdır” – Deputat Tokayevin səfərindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıya rəsmi səfərə gələcək. Görüş çərçivəsində ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar əməkdaşlığın intensivləşdirilməsi də daxil olmaqla, strateji tərəfdaşlığın inkişafının nəzərdən keçiriləcəyi gözlənilir. 

Tokayevin səfərinin vacibliyini vurğulayan Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qrupunun üzvü Səməd Seyidov Oxu.Az-a açıqlamasında bildirib ki, iki ölkə arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir: 

“Biz eyni soy-kökə, tarixə, adət-ənənəyə sahib xalqlarıq. Ona görə bizim tarixi birliyimiz və yaxınlığımız heç kim üçün təəccüb yaratmamalıdır. İki ölkə arasında olan əlaqələr tarixi və millətlərarası münasibətləri özündə ehtiva edir.

Eyni zamanda Qazaxıstan bu gün nəinki Mərkəzi Asiyada, dünyada söz sahibi bir ölkədir. Düzdür, bir müddət bundan əvvəl orada baş vermiş hadisələr bəzi qüvvələr tərəfindən bir qədər onun müstəqillik ideyasına, rəmzinə xələl gətirə biləcək bir məsələ kimi qələmə verildi. Lakin əsla elə deyil. Qazaxıstan bu gün öz müstəqilliyini qoruyub-saxlamaqla yanaşı, öz müqəddəratını təyin etmək iqtidarında olan bir siyasət aparmağa başlayıb. Məhz bu siyasətə birbaşa xidmət edən əlaqələr də Azərbaycanla bağlıdır. Ona görə ki, Azərbaycan həm regionda, həm keçmiş Sovet İttifaqına daxil olan ölkələr arasından ən müstəqil, ən güclü, özünə güvənən və düzgün siyasət aparan ölkələrdən biridir”. 

S.Seyidov vurğulayıb ki, Azərbaycan bir neçə il ərzində gözəçarpan tarixi nailiyyətlər əldə edə bilib: 

“Torpaqlarını işğaldan azad edib, iqtisadi cəhətdən yüksələ bilib, geriyə qalan problemlərin həlli istiqamətində elə addımlar atır ki, həmin addımlar hər kəs tərəfindən bəyənilir, eyni zamanda Azərbaycanın milli maraqlarına uyğun gəlir. Bütün bunlarla yanaşı, Azərbaycan dünyanın, xüsusilə Avropanın bir çox məsələlərdə, həmçinin enerji və logistika nöqteyi-nəzərdən, həlledici partnyoruna çevrilir. Ona görə Qazaxıstan Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır və belə də olacaq. Bu, həm Qazaxıstanın, həm də Azərbaycanın milli maraqlarına uyğun gəlir, həmçinin regionda sabitliyə, inkişafa, beynəlxalq qanunlara dəstək verən bir siyasət kimi qiymətləndirilə bilər”. 

Aysel Aslanqızı

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri