18 
Avq
2022
19:30
269
18
2694
Virtual karabakh

Azərbaycan-Ermənistan sülh gündəliyi: Danışıqların gizli qalan hissəsində Zəngəzur məsələsi də var – ŞƏRH

18 Avq, 2022
19:30
2694

Azərbaycan-Ermənistan sülh gündəliyi: Danışıqların gizli qalan hissəsində Zəngəzur məsələsi də var – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-Ermənistan sərhəd zolağında və Qarabağ İqtisadi Zonasında gərginliklər olsa da, iki ölkənin sülh gündəliyi ərşə çəkilməyib.

Sülh gündəliyində Azərbaycan üçün prinsipial olan və İrəvan qarşısında şərt kimi irəli sürülən tezislərə həlledici bir dirəniş göstərilmir.

Hərbi hərəkətliliklər isə Azərbaycanın sülh danışıqlarında əlini daha möhkəm arqumentlərlə bərkidir. Bu mənada Azərbaycanla Ermənistan arasında yüksək səviyyəli müzakirələrə qədər Ordumuzun cəza tədbirlərinin davam etməsi mümkündür.

Azərbaycan tələblərində konkret və əzmkar olduğunu “Qisas” antiterror əməliyyatı ilə də sübut etdi, əlavə dəlillərin bəziləri göz önündə, digərləri isə bağlı qapılar arxasında və ya diplomatik təmaslarda qeyd olunur.

Gizli razılaşma motivi təşkil edə biləcək məqamlara gəlincə, Azərbaycan Ermənistandan Zəngəzur dəhlizinin açılması kontekstində azərbaycanlıların tarixi torpaqlarına qayıtmalarına dair şərtlər səsləndirə bilər.

Hesab edirik ki, Prezident İlham Əliyevin Azərbaycanın tarixi torpaqları ilə bağlı səsləndirdiyi bəyanatlar danışıqlarda Zəngəzur motivlərinin də ayrıca xətt təşkil etdiyinə dəlalət edir.

Haradan-haraya... Bir zamanlar Ermənistan Qarabağa gah “müstəqillik” tələb edirdi, gah status, indi isə bunların hamısı dəfn edilib və Azərbaycan qazandığı qələbə ilə prosesləri, danışıqları, beynəlxalq rəyi tamamilə öz lehinə çevirə bilib.

İndiki danışıqlarda artıq Qarabağ mövzusu Ermənistanın yadından çıxıb və öz sərhədlərinin qeydinə qalmaq adı ilə başqa-başqa təxribatlara əl atır.

Elə Azərbaycanın da hərbi aktlarının hazırkı və gələcək miqyası təxribatlara qarşı preventiv tədbirlər kompleksinin bir hissəsidir.

Nəticə olaraq, Azərbaycanla Ermənistan arasında yeni münaqişə yox, sülh müqaviləsinin imzalanması gündəmdədir.

Gündəlikdə Ermənistanla Qarabağı birləşdirən Laçın yolunun (Gorus-Xankəndi marşrutu) dəhliz məntiqi aradan qalxır, Zəngəzur dəhlizinin isə açılması ön planda saxlanılır.

Əgər Qarabağdakı ermənilər Azərbaycan ərazilərində yaşamağa qərar versələr və Ermənistan da gələcəkdə onlara hər hansı canıyananlıq etmək istəsə, o zaman Laçın yoluna alternativ dəhlizdən istifadə ediləcək. Lap köhnə marşrutdan istifadəyə Azərbaycan razı olsa belə, bu, onun öz şərtləri və tətbiq etdiyi rejim əsasında olacaq.

Qısası, hansı yol olursa-olsun, nəticədə Ermənistan Azərbaycanın qərarlarının və yoxlamalarının altından keçmək məcburiyyətində qalacaq.

Danışıqların nə zaman keçiriləcəyinə gəlincə, bunun dəqiq vaxtı hələ razılaşdırılmayıb. Hesablamaq olar ki, hazırda müzakirələrin yeni raundu üçün diplomatik-siyasi ünsiyyətlər davam edir və proses razılaşdırılma mərhələsindədir.

Rusiya ilə Qərb danışıqlarda, onsuz da, razılaşdırılmış şəkildə hərəkət edirlər, Türkiyə amili isə hər iki tərəfi Azərbaycanın maraqlarını təmin etməyə kökləyir.

Ümumilikdə danışıqlar xəttində Qərb son zamanlar öndə dursa da, bu dəfə onu Moskvanın əvəz edəcəyi görünür.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri