17 
Sen
2022
13:48
336
11
3166
Virtual karabakh

Mülki əhalini hədəfə alan Ermənistanı hansı cəza gözləyir? - MÜSAHİBƏ + FOTO

17 Sen, 2022
13:48
3166

Mülki əhalini hədəfə alan Ermənistanı hansı cəza gözləyir? - MÜSAHİBƏ + FOTO

“Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Ermənistanın Azərbaycana qarşı təxribatlarının qarşısını almaq və ərazilərini qorumaq məqsədilə təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın etdi. 

Azərbaycan beynəlxalq hüquqi baxımdan tam legitim olaraq yalnız hərbi obyektləri hədəf aldığına görə və Ermənistanda yerləşən mülki obyektlərə heç birinə ziyan vurmağına görə, kimsə Azərbaycanı BMT-nin Cenevrə Konvensiyalarını pozmaqda günahlandıra bilməz. 1949-cu il Cenevrə Konvensiyasının 15-ci maddəsinə əsasən, silahlı münaqişədə gecikmədən yaralıları, cəsədləri, xəstələri axtarmaq, toplamaq və qarşı tərəfə təhvil vermək üçün tərəflər arasında müvəqqəti atəşkəs razılaşması əldə olunmalıdır”.

Bu sözləri Oxu.Az-a müsahibəsində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

O qeyd edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsi hər hansı dövlətin beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verir:

- Bu o deməkdir ki, beynəlxalq hüquq hər bir dövlətin özünümüdafiə haqqını tanıyır. Vəziyyət imkan verdiyi təqdirdə, atəşkəs və ya atəşin dayandırılması, döyüş meydanında qalan yaralıların uzaqlaşdırılması, mübadiləsi və daşınması üçün tədbirlər görülməlidir. Azərbaycan burada da humanitar hüquq qaydalarına riayət edərək İkinci Qarabağ müharibəsində birtərəfli qaydada humanitar atəşkəs təklif edib erməni tərəfdən saxlanılan şəxsləri və cəsədləri təhvil vermişdi. Amma Ermənistan təxribatlarından əl çəkmir. 

BMT Baş Assambleyası tərəfindən 16 sentyabr 2005-ci il tarixində qəbul edilmiş qətnamənin 138-ci bəndinə əsasən, dövlət başçıları öz əhalisini soyqırımı, müharibə cinayətlərindən, etnik təmizləmədən və insanlığa qarşı cinayətlərdən qorumaq üçün məsuliyyət daşıyır. Bu məsuliyyət müvafiq və zəruri vasitələrlə cinayətlərin qarşısının alınmasını nəzərdə tutur. Azərbaycan bu məsələdə tam uyğun mövqe göstərir. 

Təəssüf ki, bu, beynəlxalq ictimaiyyətin Ermənistanın hərəkətlərinə dərhal reaksiya göstərəcəyi demək deyil. Biz dəfələrlə şahid olmuşuq ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanla bağlı qanunsuz hərəkətlərinə göz yumub. Belə bir vəziyyətdə yeganə düzgün yol Azərbaycan Ordusunun adekvat cavabı ola bilərdi və bu da baş verdi. 

- Bəs Ermənistanın bu gərginliyi yaratmaqda məqsədi nədir? 

- Bu, Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirmək istəməməsindən qaynaqlanır. Sentyabrın 12-də baş vermiş hadisələr bir daha sübut edir ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının icrasından boyun qaçırır və götürdüyü öhdəlikləri həyata keçirmək istəmir. Ermənistan nəinki Moskvada, eyni zamanda Brüsseldə əldə olunmuş razılaşmaları yerinə yetirmək istəyində olmadığını törətdiyi bu təxribatlarla göstərir. Əgər Ermənistan həqiqətən də sülh əldə etmək istəyində olsaydı, indiyədək beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparmazdı, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj etməzdi.

Ermənistan rəhbərliyi 44 günlük müharibədən nəticə çıxarmaq əvəzinə, əksinə olaraq ordusunu bərpa etmək istiqamətində iş aparırdı. Azərbaycanın suveren ərazisi olan Qarabağa hərbçilər və silah göndərirdi. 

- Mövcud durumun nə vaxt bitəcəyini və nə ilə nəticələnəcəyini proqnozlaşdırırsınız? 

- Hesab edirəm ki, Ermənistanın Azərbaycanla sülh bağlamaq variantından başqa yolu yoxdur. Baş vermiş hadisələr sübut etdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq. Dediyim kimi, Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır. 

- Ermənistanı törətdiyi cinayətlərə, mülki əhalini hədəf almasına görə hansı cəza gözləyir?

- Azərbaycan dövləti tərəfindən Ermənistanın törətdiyi əməllərə görə tədbirlərin görülməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinə dövlətlərarası şikayətin verilməsi, 30 illik işğal dövründə Ermənistan və onun əməkdaşlıq etdiyi şirkətlərə qarşı xarici məhkəmə instansiyalarında təzminatla bağlı iddiaların qaldırılması, eyni zamanda, sözügedən irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə məsuliyyətə cəlb etmə prosedurlarına başlanması bu məsələdə bizdə ədalətin bərqərar olmasına ümid verir. Amma hesab edirəm ki, burada ən əsas məqam Azərbaycan dövlətinin müxtəlif hüquq mexanizmlərindən istifadə etməklə Ermənistanın törətdiyi beynəlxalq hüquqazidd əməllərə görə cəzalandırılmasını milli səviyyədə effektiv həyata keçirməsidir. 

Belə ki, rəhbərlik etdiyim “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi adından keçən il ictimaiyyətə təqdim etdiyimiz məhkəmə müşahidəsi hesabatında qeyd olunduğu kimi, Ermənistan vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə cinayətlər törətməsinə görə cari ilin iyun ayının 2-dən avqust ayının 2-dək cinayət işi üzrə məhkəmə prosesi, eləcə də qanunsuz erməni silahlı birləşmələrin üzvləri, muzdlular və digər cinayətkarlarla bağlı keçirilmiş milli məhkəmələrin qərarları bir daha sübut edir ki, Azərbaycan dövləti erməni cinayətkarları həm dövlətdaxili hüquq mexanizmlərindən istifadə etməklə, həmçinin beynəlxalq hüquq mühakimə sistemi vasitəsilə cəzalandırılması prosesini məqsədyönlü və beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həyata keçirir və keçirməyə davam edəcək.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri