17 
Sen
2022
11:35
324
20
2844
Virtual karabakh

Adil Kaukenov: “Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə bilməz” - MÜSAHİBƏ

17 Sen, 2022
11:35
2844

Adil Kaukenov: “Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə bilməz” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən başa çatan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında əlamətdar görüş baş tutub. Görüş zamanı Çin rəhbəri qeyd edib ki, Azərbaycan və Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir. Bundan əlavə, Si Cinpin Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb.

Çinin Azərbaycanla bağlı maraqları nələrdir?

Oxu.Az bu sualla tanınmış şərqşünas, Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş eksperti Adil Kaukenova müraciət edib:

- Çinin Qafqazda və ya hansısa başqa regionda siyasətini başa düşmək çox vacibdir. Aydındır ki, Azərbaycanın, məsələn, Zəngəzur dəhlizi ilə bağlı öz gündəliyi var. Çin Xalq Respublikası isə hər şeyə qlobal baxır. Amma eyni zamanda bəllidir ki, Pekin Azərbaycanı regionun əsas ölkələrindən biri kimi nəzərdən keçirir. Azərbaycan Respublikası dinamik inkişaf edir, ciddi iqtisadiyyata, güclü silahlı qüvvələrə malikdir. Və təkcə Qafqazda deyil, bütün postsovet məkanında, o cümlədən Mərkəzi Asiya və təbii ki, Şərqi Avropada avtoritetə malikdir.

Bu kontekstdə Çin nəinki Azərbaycanla əməkdaşlıq etmək, hətta yeri gəlmişkən, artıq mövcud olan münasibətləri yüksək siyasi səviyyədə saxlamaqda maraqlıdır. Azərbaycan Çinə qarşı ardıcıl və aydın siyasət aparır. Pekin bunu müsbət qarşılayır və qarşılıqlı marağı dərinləşdirə biləcək, həmçinin daha güclü iqtisadi təməl qura biləcək layihələri araşdırır.

Əgər “Bir kəmər, bir yol” layihəsini xatırlasaq, artıq Çindən yola çıxaraq Qazaxıstan, Xəzər dənizi və daha sonra Azərbaycandan keçən mövcud dəhlizi görə bilərik. Qazaxıstan tərəfi, yeri gəlmişkən, bu dəhlizin biznes baxımından daha səmərəli olması üçün Azərbaycanla birlikdə aktiv fəaliyyət göstərir. Burada isə bürokratik maneələrin azaldılması önəmlidir.

Hesab edirəm ki, Azərbaycanın da Çinlə bağlı maraqları var, çünki bu ölkə dünyanın bir nömrəli investorudur. Çin sərmayəsinə imkan yaratmaqla Çindən təkcə enerji və neft sahəsində deyil, həm də elm tutumlu sənaye sahələri də daxil olmaqla müxtəlif sferalarda investisiyalar əldə etmək mümkündür. Üstəlik, burada Çin liderdir. Deməli, hər iki tərəfin siyasi və iqtisadi maraqları var. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına və nəinki ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığa nə qədər maraqlı olması barədə söhbətlər də təsadüfi deyil. Yeri gəlmişkən, Qazaxıstan Azərbaycana dost ölkə kimi bütün bu cür təşəbbüslərdə Bakıya yalnız dəstək ola bilər.

- Çin Sədri Si Cinpin bildirib ki, Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu, sıradan bir bəyanatdır, ya bunun arxasında daha çox şey var?

- Ərazi bütövlüyü məsələsi həm Azərbaycan, həm də Çin üçün çox önəmlidir. Bu faktor olmadan gələcək səmərəli əməkdaşlıqdan danışmaq mümkün deyil. Ona görə də ÇXR-in ölkə reallıqlarına da əsaslanan mövqeyi mövcuddur. Burada söhbət Tayvan və “vahid Çin” prinsipindən gedir.

Beləliklə, Pekin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə bilməz. Çin bu məsələyə öz prizmasından baxır. Müqavilələr bağlanarkən, Çin həmişə imza atanlardan yalnız bir Çinin olduğunu etiraf etmələrini tələb edir.

Müvafiq olaraq, ÇXR ilə əlaqələr saxlayan ölkələr Tayvanla hər hansı şəkildə əməkdaşlıq etməməli və onu dövlət kimi tanımamalıdır.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri