20 
Sen
2022
19:30
51
195
2061
Virtual karabakh

“Azərbaycana qarşı ittihamlar məlumatsızlıqdan deyil, qərəzlilikdən irəli gəlir” - MÜSAHİBƏ + FOTO

20 Sen, 2022
19:30
2061

“Azərbaycana qarşı ittihamlar məlumatsızlıqdan deyil, qərəzlilikdən irəli gəlir” - MÜSAHİBƏ + FOTO

“Baş verənlər Ermənistan hakimiyyətindəki revanşist qüvvələrin 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan vəziyyəti öz xeyrinə dəyişmək, Azərbaycana əzələ nümayiş etdirmək cəhdidir və bundan öncə də oxşar cəhdlər baş verib. Lakin şanlı Azərbaycan Ordusu, bu günə qədər olduğu kimi, 12 sentyabr təxribatının da qarşısını qətiyyətlə aldı və bir daha göstərdi ki, noyabr zəfərinin nəticələrini qoruyub-saxlamağa, hər cür terror və təxribatın qarşısını almağa qadirdir. Azərbaycan Ordusunun 12 sentyabr təxribatına verdiyi cavab həm də onu göstərdi ki, Ali Baş Komandanın da dediyi kimi, dövlətimiz erməni faşizminin bir daha baş qaldırmasına imkan verməyəcək”.

Bu fikirləri Oxu.Az-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin rəhbəri Cəlil Xəlilov səsləndirib. O qeyd edib ki, bu kimi hadisələrdə xaricdəki ermənipərəst qüvvələrin də marağı var:

- Bəzi güc mərkəzləri var ki, Azərbaycanın Qarabağ zəfərini heç cür həzm edə bilmir, müxtəlif yollarla bu zəfərə kölgə salmağa, onun nəticələrini mümkün qədər zəiflətməyə çalışırlar. Xüsusilə də erməni lobbisinin fəal olduğu ABŞ, Fransa kimi dövlətlərin bəzi məmurlarının timsalında bunu görmək mümkündür. Bu məsələdə xaricdəki erməni diasporları da mühüm rol oynayırlar. Onlar müxtəlif dəstəklər fonunda Ermənistanı yeni təxribatlara təhrik edirlər ki, bu da bölgədə sülh və sabitliyin bərqərar olması yolunda əsas əngəllərdən biridir.

- Ermənistan Azərbaycana qarşı ittihamlar səsləndirir və diasporlar hesabına beynəlxalq ictimaiyyəti buna inandırır. Lakin məlumdur ki, hazırda sərhəd şərtidir, belə olan təqdirdə Ermənistanın Azərbaycanı ərazilərinə müdaxilədə ittiham etməsinə xarici dövlətlər niyə inanır?

- Düşünürəm ki, təxribatın məhz Ermənistan tərəfindən həyata keçirildiyi hər kəsə, o cümlədən Azərbaycanı ittiham edənlərə yaxşı bəllidir. Sadəcə, onlar yaranmış vəziyyətdən istifadə edərək Azərbaycana təzyiq göstərməyə, öz maraqlarını ədaləti boğmaq, həqiqəti inkar etmək hesabına təmin etməyə çalışırlar. Yəni Azərbaycana qarşı ittihamlar məlumatsızlıqdan deyil, qərəzlilikdən irəli gəlir. Lakin kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyur və bundan sonra da qoruyacaq. 

- ABŞ-ın maraqları tam olaraq nədən ibarətdir? Niyə Ermənistana dəstəyi artırır?

- İndiki məqamda söhbət ABŞ-ın dəstəyindən deyil, bəzi ermənipərəst məmurların Ermənistana dəstəyindən gedə bilər. Necə ki biz bunu ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin timsalında görməkdəyik. Bütövlükdə isə ümid edirəm ki, ABŞ dövlət olaraq birmənalı şəkildə Ermənistandan yana seçim etməyəcək, Azərbaycanla əlaqələrin mövcud vəziyyətinə zərbə vura biləcək addımlardan yayınacaq.

- Fakt budur ki, bu gün həm ABŞ, həm də Fransa məmurları tərəfli mövqe nümayiş etdirirlər. Bu, Azərbaycanla əlaqələrə necə təsir göstərəcək?  

- Hesab edirəm ki, Azərbaycan ABŞ və Fransaya qarşı münasibətdə ənənəvi prizmadan çıxış etməli, yəni onların əsassız ittihamlarını öz həqiqətləri vasitəsilə, fakt və sübutlarla ifşa etməlidir. Azərbaycan, hər zaman olduğu kimi, bundan sonra da bütün dünyaya, o cümlədən  ermənipərəst güclərə göstərməlidir ki, onun hər bir sözünün, hər bir addımın arxasında fakt və həqiqət dayanır. 

- Hüquqi baxımdan Ermənistanı törətdiyi cinayətlərə, mülki əhalini hədəf aldığına görə hansı cəza gözləyir?

- Ermənistanın xalqımıza qarşı törətdiyi terror və təxribatlarla bağlı Azərbaycan Respublikasının əlaqədar hüquq-mühafizə orqanları araşdırmalar aparırlar, bununla bağlı çoxlu sayda cinayət işləri açılıb. Yəni bütün bu halların hər biri Azərbaycan qanunvericiliyi çərçivəsində araşdırılır və bunu törədənlər gec-tez qanun qarşısında cavab verəcəklər. 

Ermənistanın törətdiyi təxribatlar beynəlxalq qanunların, insan haqlarının kobud şəkildə pozulmasıdır ki, terrorçu dövlətin bu aspektdən cəzalandırılması dövlətimizlə yanaşı, beynəlxalq təşkilatların, qabaqcıl dövlətlərin, dünya ictimaiyyətinin mövqeyindən, sərgiləyəcəyi qətiyyət və prinsipiallıqdan asılıdır. Əgər belə bir prinsipiallıq olacaqsa, o zaman Ermənistanın beynəlxalq qanunvericilik əsasında cəzalanmasına şahid olacağıq.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri