22 
Sen
2022
17:30
107
42
1960
Virtual karabakh

ABŞ-la Britaniya arasında “20 illik dostluq sazişi” imzalana bilər: Vaşinqtonun “enerji”si aşıb-daşır – ŞƏRH

22 Sen, 2022
17:30
1960

ABŞ-la Britaniya arasında “20 illik dostluq sazişi” imzalana bilər: Vaşinqtonun “enerji”si aşıb-daşır – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-la Böyük Britaniya arasında enerji sahəsində 20 illik müddəti əhatə edən saziş imzalanması gözlənilir.

Böyük Britaniya ABŞ istehsalçılarından mayeləşdirilmiş təbii qaz (LNG) almaq istəyir, bununla da enerji təminatındakı dayaqları bərkitməyi hədəfləyir.

Böyük Britaniyanın Moskvadan aldığı LNG-nin həcmi elə də az deyil, bu miqdar Rusiya-Ukrayna müharibəsi zamanı daha da artıb.

Britaniya özünün enerji mənbələrini şaxələndirmək və ölkədəki qaz qiymətlərinin artımını önləmək üçün indi də ABŞ-a və Norveçə “sığınır”. Britaniya Norveçdən qaz alır və indi yeni müqavilələrlə idxal həcmini genişlətməyi düşünür. Ancaq Londonun güvəndiyi əsas mənbə ABŞ-dır.

Britaniya üçün etibarlı tərəfdaş olan ABŞ dünyanın ən böyük mayeləşdirilmiş qaz ixracatçısıdır.

Son rəqəmlərə əsasən, ABŞ-ın bu sahədəki gündəlik ixracı orta hesabla 11,2 milyard kubfut həcmindədir.

Britaniyanın enerji sektorundakı addım səsləri Avropada Rusiya təbii qazından istehlakın azalması çağırışları üçün hərəkətverici amildir.   

Britaniya iqtisadi kataklizmlərdən sığortalanmaq üçün ABŞ-la yeni qaz sazişləri bağlayacaq, bu, hökumətin enerji qiymətlərində artan inflyasiyaya qarşı görəcəyi tədbirlərin bir elementidir.

Britaniya ilə yanaşı, Türkiyə də Prezident Rəcəb Tayyib Ərdoğan səviyyəsində ABŞ-dan daha çox mayeləşdirilmiş təbii qaz almaq niyyətini ifadə edib.

Görünür ki, gözlənilən enerji böhranının həll yollarında ABŞ həlledici güc qazanır. ABŞ qlobal bazarlarda böyük qaz tədarükçüsünə çevrilməyini öz rıçaqlarını gücləndirən alət kimi inkişaf etdirəcək.

ABŞ Avropanı özündən asılı vəziyyətə salmaq üçün qoca qitəni enerji amili ilə sınağa çəkə biləcək potensialını nümayiş etdirə bilər.

Çünki ABŞ-ın LNG sənayesini uzunmüddətli müqavilələr müşayiət edir. Bu isə Vaşinqtona başqa regionlara yeni diktəedici tezis verəcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri