25 
Sen
2022
00:39
365
34
3936
Virtual karabakh

Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib - YENİLƏNİB + TAM MƏTN/VİDEO

25 Sen, 2022
00:39
3936

Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib - YENİLƏNİB + TAM MƏTN/VİDEO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Ceyhun Bayramov sessiyanın ümumi müzakirələri çərçivəsində “Dönüş məqamı: bir-biri ilə əlaqəli çağırışların transformativ həlli yolları” mövzusunda bəyanat səsləndirib. Bəyanatda deyilir:

Cənab Prezident,

Cənab Baş katib,

Zati-aliləri,

Xanımlar və cənablar,

Öncə, Zati-aliləri Kasaba Kőrösini Baş Assambleyanın 77-ci Sessiyasına sədrlik etməyə başlaması münasibətilə təbrik edir və ona olduqca məsuliyyətli vəzifədə uğurlar arzulayıram. Kőrösi fəaliyyət göstərdiyi müddətdə Azərbaycan Respublikasının tam dəstəyinə arxalana bilər. Həmçinin, sədrliyini başa vuran Prezident, Zati-aliləri Abdulla Şahidə ötən il rəhbərliyi zamanı sərf etdiyi böyük əməyinə görə öz təşəkkürümü ifadə etmək istəyirəm.

Xanımlar və cənablar,

Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə verdiyi töhfəsi ilə tanınır. 2008-ci ildə Azərbaycan hökumətinin BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, YUNESKO, İSESKO və digər təşkilatlarla birgə başlatdığı “Bakı Prosesi” dialoq və mədəniyyətlərarası əməkdaşlıq üçün standartları və onun gündəliyini müəyyən etmişdir. Mədəniyyətlərarası dialoqun təşviqində Bakı Prosesinin mühüm rolu BMT Baş katibinin hesabatlarında da qeyd olunub.

Bakı Prosesinin uğurlu təcrübəsinə əsaslanaraq, Azərbaycan, BMT-nin Sivilizasiyalar Alyansı və İSESKO ilə birlikdə 2021-ci ilin iyun ayında davamlı sülh, mədəni irsin inkişafı və qorunmasına töhfə vermək məqsədilə “Mədəniyyət üçün Sülh” qlobal çağırışı adlı yeni beynəlxalq təşəbbüsün əsasını qoymuşdur. Bu təşəbbüsün də eyni dərəcədə uğurlu olacağına inanır və bütün ölkələri və beynəlxalq təşkilatları bu layihəyə qoşulmağa dəvət edirik.

Əziz həmkarlar,

Dünya COVİD-19 pandemiyasının gətirdiyi ciddi problemlərlə üzləşməkdə davam edir. Peyvəndləmənin miqyasının genişləndirilməsi və dünya əhalisinin yeni reallıqlara uyğunlaşmasının COVİD-19 pandemiyasından sonrakı dövr üçün ümidlər yaratmasına baxmayaraq, ciddi problemlər hələ də qalmaqdadır.

Pandemiyanın səbəb olduğu bütün təcili və uzunmüddətli çağırışlar qlobal əməkdaşlıq və həmrəylik üçün hərtərəfli çərçivə təmin edəcək yüksək səviyyəli siyasi iştirakla dəstəklənən yeni mexanizmləri zəruri edir.

Azərbaycan ilk vaxtlardan etibarən həm milli, həm də Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qalib gəlmək üçün daha böyük qlobal həmrəyliyin tərəfdarı olmuşdur və bu məqsədlə bir sıra qlobal təşəbbüslər irəli sürmüşdür. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində COVİD-19 pandemiyasına cavab olaraq BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsü BMT-yə üzvlüyün geniş dəstəyini qazanıb. Qoşulmama Hərəkatı adından Azərbaycan, həmçinin üzv dövlətlərin böyük dəstəyi ilə BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında qəbul edilmiş COVID-19 peyvəndlərinə bərabər, əlverişli, vaxtında və universal əlçatanlığın təmin edilməsinə dair qətnamələri müzakirəyə çıxarıb.

Azərbaycan ölkə daxilində effektiv peyvəndləmə kampaniyası ilə yanaşı, ehtiyacı olan ölkələrə əhəmiyyətli miqdarda COVİD-19 peyvəndləri bağışlamışdır. Biz pandemiya ilə mübarizə üçün 80-dən çox ölkəyə beynəlxalq yardım göstərmişik.

Pandemiyanın nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və COVİD-19 pandemiyasından sonrakı qlobal bərpa üçün səylərimizin birləşdirilməsinə yönəlmiş fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycan Prezidenti bununla əlaqədar olaraq BMT-nin pandemiyadan sonrakı qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu, yaxın aylarda Bakıda keçiriləcək COVİD-19 pandemiyası ilə mübarizə üzrə Qoşulmama Hərəkatının Təmas Qrupunun qarşıdan gələn Zirvə Görüşündə müzakirə olunacaq mövzulardan biri olacaq.

Zati-aliləri,

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan öz torpağında təhlükəsizlik çağırışları ilə üzləşmiş bir ölkədən qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilərək uzun bir yol keçmişdir. Bu yolda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının güclü və etibarlı tərəfdaşı olub, onu qətiyyətlə dəstəkləyib və onun fəaliyyətinə fəal töhfə verib.

Azərbaycan həm milli imkanları, həm də Qoşulmama Hərəkatının hazırkı sədri kimi sülh və təhlükəsizliyə, beynəlxalq hüquqi nizamın möhkəmləndirilməsinə, dialoqun, qlobal həmrəyliyin və çoxtərəfliliyin gücləndirilməsinə töhfə verməyə davam etməkdə maraqlıdır.

Biz, həmçinin qlobal fəaliyyəti canlandırmaq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və çoxtərəfliliyə kollektiv öhdəliyi nümayiş etdirmək üçün fürsət kimi Gələcəyin Zirvə görüşünü, onun hökumətlərarası danışıqlar yolu ilə əldə edilmiş nəticəsini və Sülh üçün Yeni Gündəliyi gözləyirik.

Azərbaycan BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə tam sadiqdir. Bu məqsədlə biz 2030-cu ilə qədər olan yeni inkişaf strategiyasını işə saldıq; bu strategiya öz növbəsində 2030-cu il gündəliyinə uyğunlaşdırılıb. Son bir ildə Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq baxımından daha da irəliləyib və BMT-nin 2022-ci ilədək Davamlı İnkişaf Hesabatında ilk 50 ölkə sırasında yer alıb. Azərbaycan ECOSOC-un himayəsi altında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda üç Könüllü Milli İcmal təqdim edən 12 ölkə arasındadır.

Yaşıl və dairəvi iqtisadiyyata keçid etmək üçün iqtisadiyyatımızın yenidən qurulmasında transformasiya xarakterli dəyişiklikləri davam etdiririk. Təmiz ətraf mühit və yaşıl inkişaf yeni milli inkişaf strategiyamızın beş prioritet sahəsindən biri kimi müəyyən edilmişdir. İqtisadiyyatımızda neft-qaz sektorunun mühüm rol oynamasına baxmayaraq, bu keçid inkişaf gündəmimizdə yüksək yer tutur. Məhz bu xüsusda 2022-ci ilin birinci yarısında Azərbaycanın qeyri-neft sektoru 11 faiz artaraq ÜDM-in 7,2 faiz artmasına təkan verib.

Hazırda Azərbaycan beynəlxalq bazarlara etibarlı karbohidrogen ixracatçısı olmaqla yanaşı, davamlı enerjini inkişaf gündəliyinə tədricən daxil edən nadir ölkələrdən biridir. Bununla əlaqədar olaraq biz, o cümlədən alternativ və bərpa olunan enerjinin yeni elementlərini tətbiq etməklə profilimizi artıracağıq. Bu yaxınlarda imzalanmış Aİ-Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandum Azərbaycanın qlobal enerji təhlükəsizliyinə konstruktiv töhfəsinin yaxşı nümunəsidir.

Davamlılıq, həmçinin işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı yenidənqurma və reabilitasiya fəaliyyətlərində də əsas istiqamətə çevrilmişdir. Müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” anlayışları tətbiq edilməklə indi sıfırdan yeni şəhər və kəndlər salınır. Müharibədən sonra artıq dövlət büdcəsindən bu məqsədlər üçün 3 milyard ABŞ dolları ayrılıb və Azərbaycan gələcəkdə daha çox sərmayə qoymaqda maraqlıdır. Azad edilən ərazi “yaşıl enerji zonası” elan edilib.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan yüksəlişdə olan tranzit ölkədir. Azərbaycan ərazisindən keçən dəhlizlər və marşrutlar yüksək səviyyəli infrastruktur və sürətli, təhlükəsiz tranzit trafiki baxımından nəqliyyat operatorları və biznes subyektləri üçün rəqabət üstünlükləri təklif edir.

Xanımlar və cənablar,

Bu il Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 ili tamam olur. Azərbaycan BMT ailəsinin bir hissəsi olduqdan sonra BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsip və məqsədlərinə möhkəm sadiqliyini ardıcıl olaraq nümayiş etdirib.

Biz, Azərbaycan ilə bağlı BMT-nin müdafiə etdiyi prinsiplər kobud şəkildə pozulduğu zaman BMT-yə daxil olduq. Həmin çətin anlarda BMT, Nizamnaməsində təsbit olunmuş əsas dəyərlərin müdafiəsində Azərbaycanın yanında olub.

Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistanın əsasını ərazi iddiaları, beynəlxalq hüququn yanlış şərhi, uydurma tarixi hekayələr və irqçi motivlər təşkil edən təcavüzündən ciddi zərər çəkib. Hələ o zaman BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına öz dəstəyini ifadə etmiş və bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdi. Baş Assambleya da belə etdi.

Təcavüz zamanı Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. 20 min azərbaycanlı qətlə yetirilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həm mülki, həm də hərbçi olmaqla itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi hələ də qeyri-müəyyəndir.

Ermənistan Azərbaycanın ətraf mühitinə uzunmüddətli zərər vurub. Həmçinin Azərbaycanın minlərlə mədəni irs nümunəsi Ermənistan tərəfindən dağıdılıb, talan edilib və ya mənimsənilib. Bu ilin əvvəlində İSESKO Azərbaycana işğaldan azad edilmiş ərazilərində Mədəni İrsin Mühafizəsi Vəziyyətinin Qiymətləndirilməsini həyata keçirmək üçün texniki missiya göndərib. Onilliklər ərzində Azərbaycan Ermənistanı regionda mədəni irsin qorunması və mühafizəsi üzrə qiymətləndirmə və məsləhətlər vermək üçün müstəqil, şəffaf YUNESKO missiyasını dəstəkləməyə çağırıb. Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı 2020-ci ildə başa çatsa da, hələ də YUNESKO-nun missiyası gəlməyib və mən bir daha belə bir missiyanın həyata keçirilməsinə açıq şəkildə çağırıram.

Pozuntuların və dağıntıların miqyası azərbaycanlı mülki şəxsləri terrora məruz qoymaq, qətlə yetirmək və qovmaq, Azərbaycanın bütün izlərini bu ərazilərdən silmək kimi aydın niyyət və məqsədin olduğunu nümayiş etdirir.

Təxminən 30 il ərzində etnik təmizləmə həyata keçirən Ermənistan azərbaycanlıların geri qayıtmasının qarşısını almaq və bu ərazilərin ilhaqını təmin etmək məqsədi ilə beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Ermənistandan və üçüncü ölkələrdən erməniləri kütləvi şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə qanunsuz məskunlaşma siyasətini həyata keçirib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) himayəsi altında münaqişələrin həlli səyləri heç bir nəticə verməyib.

Təxminən 30 il ötdükdən sonra, 2020-ci ilin payızında Azərbaycan Ermənistanın növbəti irimiqyaslı hərbi təxribatına cavab olaraq və BMT Nizamnaməsi ilə üzv dövlətlərə verilən ayrılmaz hüquqları rəhbər tutaraq əks-hücum əməliyyatına başlayıb. Nəticədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı Üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan öz ərazilərini işğaldan azad edib və üç onillikdən bəri davam edən silahlı münaqişə hərbi-siyasi yolla həll edilib.

Üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan arasında bütün hərbi fəaliyyətlərin başa çatdığını elan etdi. O, regionda sülhün möhkəmləndirilməsi üçün bütün erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması, məcburi köçkünlərin geri qaytarılması və regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi parametrləri müəyyən etdi.

İndi Azərbaycan işğaldan azad edilmiş ərazilərində misli görünməmiş bərpa və yenidənqurma fəaliyyətlərinə başlayıb və onların tam reinteqrasiyası prioritet təşkil edir. Bu cür fəaliyyətlərin məqsədi nəhayət, yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına və münaqişənin təsirinə məruz qalmış ərazilərdə dinc həyatı təmin etməyə imkan yaratmaqdır. Bu günlərdə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələr qayıdıb.

Azərbaycan etnik, dini və ya hər hansı digər mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməklə, münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını da öz siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir.

Davam edən bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənməsi və Ermənistanın minalanmış ərazilər haqqında dəqiq və dolğun məlumat verməkdən davamlı imtina etməsidir. Ermənistan işğalın davam etdiyi illər ərzində və Azərbaycan ərazilərindən öz qüvvələrini çıxararkən həmin əraziləri ağır və fərq qoymadan mina və digər partlayıcı maddələr ilə çirkləndirmişdir. Üçtərəfli Bəyanatın imzalanmasından indiyədək mina partlayışları nəticəsində 240-dan çox Azərbaycan vətəndaşı və hərbçisi həlak olub və ya ağır yaralanıb.

Azərbaycanın minalarla mübarizədə milli imkanlarını və səylərini daha da gücləndirmək və artırmaq üçün məqsədyönlü və davamlı beynəlxalq texniki və maliyyə yardımı ilə yanaşı, mina sahələrinin xəritələrinin əldə edilməsi də insanların həyatını xilas etmək və sülhü möhkəmləndirmək baxımından çox vacibdir. Bu xüsusda, BMT-nin davamlı dəstəyi, adekvat və proqnozlaşdırıla bilən mina fəaliyyətinin maliyyələşdirilməsi zəruridir.

Zati-aliləri,

Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparmaq və münaqişədən zərər çəkmiş ərazilərdə sakinlərin reinteqrasiyasını həyata keçirməklə yanaşı, bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı əsasda tanıma və hörmət əsasında Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə start verib.

Azərbaycan dəfələrlə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib və bu məqsədlə öz milli nümayəndə heyətini yaradıb.

Eyni zamanda Azərbaycan, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səylər göstərmişdir.

Son aylar ərzində Ermənistan və Azərbaycan arasında birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, Ermənistan, görünür, danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini vicdanla yerinə yetirmək əvəzinə, tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir.

10 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir. Son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib.

Ermənistan bir sıra siyasi və hərbi təxribatlardan sonra, xüsusən də iki ölkə liderlərinin dördüncü Brüssel görüşündən sonra sentyabrın 12-dən 13-nə keçən gecə şərti dövlət sərhədi xətti boyunca gecə vaxtı və mürəkkəb relyefdən istifadə edərək Azərbaycanın hərbi mövqeləri arasındakı yollarda mina yerləşdirərək növbəti irimiqyaslı hərbi təxribata əl atıb.

Daha sonra Ermənistan müxtəlif çaplı silahlardan istifadə edərək Azərbaycan mövqelərini atəşə tutmuşdur ki, bu da Azərbaycan hərbi qulluqçuları arasında itkilərə səbəb olmuş, hərbi infrastrukturuna xeyli ziyan vurmuşdur.

Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhlükənin neytrallaşdırılması, şəxsi heyətin, eləcə də ərazidə yenidənqurma işlərində iştirak edən mülki heyətin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat tədbirlər həyata keçirib. Azərbaycan silahlı qüvvələri son dərəcə təmkin və peşəkarlıq nümayiş etdirərək, Azərbaycan mövqelərinə hücumların qarşısını almaq üçün yalnız Ermənistanın atəş nöqtələrini yüksək dəqiqlikli silahlarla hədəfə alıb.

Ermənistan açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyin daha da artmasına cəhd edib. Belə ki, sentyabrın 13-də Ermənistan, razılaşdırılmış atəşkəsə məhəl qoymayaraq Azərbaycan ərazisini yüksək çaplı silah və artilleriyadan atəşə tutmağa davam edib. Nəticədə Azərbaycan tərəfində 80 hərbçi həlak olmuş, 282 hərbçi və 2 mülki şəxs yaralanmışdır.

Ermənistanın bu cür təhlükəli hərəkətlərinə zidd olaraq, Azərbaycan son dərəcə təmkinli davranıb, müvafiq beynəlxalq tərəfdaşlarla təmaslar da daxil olmaqla bir sıra addımlar atıb, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və həqiqi iradə nümayiş etdirib.

Nəhayət, atəşkəs Ermənistan və Azərbaycan arasında birbaşa rabitə kanalları vasitəsilə sentyabrın 14-də saat 20:00-dan etibarən bərpa edilib və hər iki tərəfin də təsdiq etdiyi kimi, atəşkəs davam etdirilir.

Gərginlikdən sonra Azərbaycan humanitar nəticələrin aradan qaldırılması ilə məşğuldur və bu kontekstdə birtərəfli qaydada həlak olmuş hərbi qulluqçuların qalıqlarını Ermənistana qaytarmağa hazır olduğunu bəyan edib və bununla bağlı BQXK-nı məlumatlandırıb.

Azərbaycan gərginliyin mövcudluğunda maraqlı deyil və ola da bilməz. Əslində, son hərbi əməliyyatlar münaqişədən sonra irimiqyaslı investisiya, reabilitasiya və yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilərə yaxın yerdə baş verib.

Bundan əlavə, son gərginlik Ermənistandan son 30 ildə müşahidə etdiyimiz nümunəyə çox uyğun gəlir. Ermənistan hər dəfə sıçrayışa nail olmaq üçün həlledici mərhələdə lazımi qərarlar qəbul etmək məsuliyyətindən yaxa qurtarmaq vasitəsi kimi analoji ciddi təxribata əl atırdı.

Biz arzu edərdik ki, Ermənistanın indiki rəhbərliyi öz sələflərinin regionda sülh və təhlükəsizlik imkanları pəncərəsini bir daha qəsdən bağlamaq yolu ilə getməsin.

Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhlükəni dəf etməkdə qətiyyətlidir və Ermənistanı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırır. Əvəzində Ermənistan mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə regionda proqnozlaşdırıla bilən sabit vəziyyət yaratmaq üçün davam edən normallaşma prosesinə konstruktiv şəkildə qoşulmalıdır.

Bu kontekstdə Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il avqustun 31-də Brüsseldə Aİ Şurasının sədri ilə keçirilən dördüncü görüşündə əldə olunan razılığa əsasən, Azərbaycan təxirə salmadan Ermənistana sülh müqaviləsi üzrə praktiki işə başlamağa hazır olduğunu bir daha bəyan edib. Görüşdən dərhal sonra biz Ermənistana belə danışıqlar üçün konkret tarix və məkan təklif etdik.

İki gün əvvəl biz Ermənistan Baş nazirinin burada səsləndirdiyi bəyanatı dinlədik. Təəssüflər olsun ki, bu, erməni tərəfinin normallaşma əvəzinə qarşıdurmanı davam etdirməyə niyyətli olduğunu nümayiş etdirən növbəti bir sübut oldu. Azərbaycanda biz hesab edirik ki, regionumuz kifayət qədər qarşıdurma, dağıntılar və iztirablar görüb. Hər iki xalqın münaqişədən sonrakı normallaşmaya tam şəkildə qoşulmasının vaxtıdır, beləliklə, nəhayət, tariximizin faciəli səhifəsini çevirib uşaqlarımız üçün daha yaxşı gələcək qurmağa başlaya bilərik. Azərbaycan tərəfi öhdəliklərinə sadiqdir. Ümid edirik ki, Ermənistan nəhayət konstruktiv şəkildə qarşılıq verəcək və danışıqlara səmimi şəkildə qoşulacaq.

Zati-aliləri,

Ərazilərini uzunmüddətli xarici hərbi işğaldan azad edən Azərbaycan onların mümkün olan ən yüksək standartlara uyğun olaraq tam şəkildə yenidən qurulması və yenidən inteqrasiyası istiqamətində səylərini əsirgəməməkdə əzmlidir. Eyni zamanda, ölkəmiz istər qlobal enerji təhlükəsizliyinə töhfə vermək, COVİD-19 pandemiyasına qarşı mübarizəyə kömək etmək, istərsə də davamlı inkişafı təşviq etmək olsun, bütün müvafiq sahələrdə beynəlxalq birliyin məsul üzvü rolunu oynamağa davam edəcək. Biz inanırıq ki, qloballaşan dünyada heç bir ölkə ada deyil və biz buna uyğun hərəkət edirik.

00:02

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində Milli Bəyanatla çıxış edib.

Bu barədə “Report” BMT-nin saytına istinadən xəbər verir.

Nazir qeyd edib ki, koronavirus pandemiya şəklində uzunmüddətli çağırışların dünya ölkələri arasında həmrəyliyə ehtiyac yaradıb. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətindən də bəhs edib.

Nazir pandemiya ilə mübarizədə respublikamızın 80-dən çox ölkəyə yardım göstərdiyini vurğulayıb.

“Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olaraq qalır. Ölkəmiz işğaldan azad olunmuş ərazilərində kənd və şəhərləri sıfırdan bərpa edir, bu ərazi yaşıl enerji zonası elan edilib”, - nazir deyib.

Nazir çıxışında BMT ilə Azərbaycan arasında əlaqələrə toxunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü, ikinci Qarabağ müharibəsindən danışıb. 

23:44

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında Milli Bəyanatla çıxış edir.

Bu barədə BMT-nin saytı xəbər verir.

Nazir çıxışında BMT ilə Azərbaycan arasında əlaqələrə, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ikinci Qarabağ müharibəsindən danışır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri