28 
Sen
2022
19:30
35
163
2813
Virtual karabakh

Bəşər Əsəd rəqiblərinin gözündə “dəyər” qazanır: Türkiyə üçün sınaq, üzləşdiyi maneələr, İsrail amili – TƏHLİL

28 Sen, 2022
19:30
2813

Bəşər Əsəd rəqiblərinin gözündə “dəyər” qazanır: Türkiyə üçün sınaq, üzləşdiyi maneələr, İsrail amili – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2011-ci ildə “Ərəb baharı”nın əsdirdiyi küləklər Suriyaya da sıçradı, lakin bu hava axını Bəşər Əsədi hakimiyyətdən kənarlaşdıra bilmədi ki, bilmədi.

Bəşər Əsəd əsasən Rusiya və İrandan aldığı mənəvi qida və hərbi-siyasi dəstək sayəsində kürsüsündə qalmağı bacardı, bununla belə Suriya güclü aktorlar tərəfindən müəyyən edilən nüfuz dairələrinə bölündü.

Hazırda Suriyadakı situasiyanı dalan nöqtəsi kimi xarakterizə etmək məntiqli olardı, çünki nüfuz çevrələri, demək olar ki, durğunluq dövrünü yaşayır.

Suriyadakı nəzarət zolaqlarının xəritəsini sözlə təsvir etsək, deyə bilərik ki, ölkədə nüfuz dairəsi əsasən üç xarici oyunçu arasında bölüşdürülüb:

1. Suriya hökuməti ölkənin 65 faizinə nəzarət edir və həmin ərazilər razılaşdırılmış şəkildə Rusiya və İranın nəzarət zolağına düşür;

2. Kürdlərin çoxluq təşkil etdiyi ölkənin şimal-şərq hissələrinə ABŞ nəzarət edir, onun maraqları PKK tərəfindən dəstəklənir;

3. Türkiyə əsasən ölkənin şimal-qərbindəki zonaya nəzarəti həyata keçirir.

Türkiyə Bəşər Əsədin hələ də iqtidarda qalması fonunda özünün təhlükəsizlik tədbirlərini formatlamağı düşünür və Dəməşqlə danışıqlara gedilməsinə üstünlük verir.

Türkiyənin hədəfi onun 30 kilometrlik bufer zona şərtinin icrasına Suriya hökumətinin maneə yaratmamasına hesablanmış kimi görünür, hərçənd ki, Ankara bu zamana qədər apardığı hərbi əməliyyatlarda Dəməşqdən icazə almayıb.

Türkiyə ilə Suriyanın indiki yaxınlaşma meyli Ankara üçün vacibdir. Hesab etmək olar ki, bu, Rusiyanın da maraqlarına cavab verir və Moskvanın başı Ukraynadakı müharibəyə qarışdığından o, Ankara-Dəməşq dialoqunun başlanması ilə özünün Suriyadakı yükünü azaltmaq istəyir.

Türkiyə fürsəti fövtə vermir və ona artan təzyiqlər fonunda postulatlarının texniki detallarını dəyişdirir.

Əsas məqsədlərin toplusu isə dəyişmir və Türkiyənin həmin təhlükəsizlik ideallarını ümumi şəkildə iki istiqamət üzrə təsnifatlandırmaq olar:

- Türkiyə PKK və onunla əlaqəli qüvvələrin transsərhəd hərəkətlərinin qarşısını almaq amalı uğrunda savaşır,

- Suriyadakı PKK zonasının davamlılığına ölümcül zərbə vurmaq istəyir.

Türkiyə Suriya ilə müzakirələrə başlamaq xəttinə gedirsə, bu, elə Bəşər Əsəd üçün də sərfəlidir və onsuz da əli güclü olan Ankaradır.

Görünür ki, Türkiyə bu dəfə başladılacaq antiterror əməliyyatlarını sonacan aparmağı niyyətləyir (Tel-Rıfat və Münbiç əsas hədəf kimi görünür) və bu işdə genişmiqyaslı dəstək almaq planını qurur.

Ancaq nəzərə alınmalıdır ki, 11 illik fasilədən sonra dialoqun başlanması qeyd olunan məqsədlərin həyata keçirilməsində maneələr yaradacaq. Türkiyə Rusiyanın da, Suriyanın da razılığını ala bilər, amma onun ABŞ-la İranı yola gətirməsi çətindir.

ABŞ-ın öz, İranın isə fərqli məntiqlə PKK ilə sövdələşməsi Türkiyənin Suriyadakı kürd silahlılarını tərk-silah etməsinə və onların strukturlarını dağıtmasına əngəllər yaradacaq.

Proseslərin inkişaf trayektorasına dair mülahizələri İsrail faktoru ilə də diqqətdə saxlamaq lazımdır.

Hazırda İsraillə Türkiyənin Suriya üzrə prioritetləri üst-üstə düşür, münasibətlərin yumşalması isə Təl-Əvivə Türkiyə kimi bir dövlətin gücündən istifadə edərək İranı sıxışdırmağa kömək edə bilər.

NƏTİCƏLƏR:

1. Suriyadakı donmuş münaqişənin açılması üçün rəqib güclər arasındakı maraq toqquşması əlavə dəyər qazanır;

2. Rəqibləri üstələmək prinsipi əsas dinamika olaraq qalır;

3. Bəşər Əsəd məqsədə xidmət edən vasitələrdə situativ dəyərə sahibdir;

4. Türkiyə ilə Suriya razılığa gəlsələr, bu, İsrail üçün kəşfiyyat məlumatlarına çıxışa zəmin yaradacaq. Ankaranın Dəməşqdən aldığı məxfi məlumatlar mübadilə çərçivəsində Təl-Əvivə təqdim edilə bilər.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri