30 
Sen
2022
13:34
345
17
3238
Virtual karabakh

Hərbi ekspert Nersisyan: “Azərbaycanın qüdrətinə müqavimət göstərmək heç də asan deyil”

30 Sen, 2022
13:34
3238

Hərbi ekspert Nersisyan: “Azərbaycanın qüdrətinə müqavimət göstərmək heç də asan deyil”

Sentyabrın 13-14-də Azərbaycanla döyüşlər nəticəsində Ermənistan tərəfinin ağır itki verməsi bir sıra amillərlə - təmas xəttinin təchizat səviyyəsi, lazımi silahların olub-olmaması, təşkilati problemlər və s. ilə bağlıdır.

Bu cür itkilərə gətirən səbəblərin təhlili əsaslı və qərəzsiz qiymətləndirmə tələb edir.

Bu barədə hərbi ekspert Narek Nersisyan erməni KİV-ə müsahibəsində bildirib.

Sentyabrın 13-14-də sərhəddə genişmiqyaslı eskalasiyanın insan itkiləri baxımından erməni tərəfi üçün çox ağır nəticələri oldu. Tam olmayan iki gün sürən hərbi əməliyyatlarda ölən və itkin düşənlərin sayı, sonradan məlum olduğu kimi, 207 nəfər təşkil edib (əslində - daha çoxdur - red.).

Bu rəqəmlər bir çox ekspert və siyasətçilərin diqqətini çəkib. Belə ki, Ermənistanın eks-prezidenti Robert Koçaryan bu yaxınlarda keçirdiyi mətbuat konfransında deyib ki, təmas xətti effektiv şəkildə təchiz edilsəydi və əsgərlər müdafiə olunsaydılar, belə ağır itkilərin qarşısını almaq olardı. O hesab edir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi 44 günlük müharibədən sonra heç bir nəticə çıxarmayıb.

Hərbi ekspert vəziyyətə daha geniş prizmadan baxmağa çağırıb və hesab edib ki, istehkamların qeyri-kafi olması heç bir halda əsas səbəb deyil.

“İkinci prezident itkilərimizin əsas səbəbini mövqelərin kifayət qədər təchiz edilməməsində görürsə, bəlkə də, müasir müharibənin xüsusiyyətlərini tam anlamır. Təbii ki, müdafiə xəttində təchizatın daha yaxşı təşkil edilməsinin mümkünlüyünə şübhə yoxdur. Amma rəqibin, yəni hazırda Azərbaycanın, tətbiq etdiyi silahlardan istifadə etdiyi halda ən güclü mühafizə olunan müdafiə xətti belə, ciddi itkilərdən qoruya bilmir”, - Nersisyan bildirib.

Onun sözlərinə görə, eskalasiya zamanı Azərbaycan Silahlı Qüvvələri təkcə minaatanlardan və iriçaplı atıcı silahlardan deyil, həm də uzaqmənzilli top və raket artilleriyasından, həmçinin zərbə PUA-larından və kamikadze dronlardan da istifadə edib.

Mütəxəssisin nöqteyi-nəzərindən yanaşsaq, oxşar imkanlara malik olmadan və ya çox məhdud sayda əldə etməklə belə qüdrətə müqavimət göstərmək asan iş deyil.

“Mövcud şəraitdə döyüş meydanında qarşıdurma üçün Ermənistanın iki həll yolu var - ya qabaqlayıcı zərbələr endirməlidir, ya da çoxeşelonlu hava hücumundan müdafiə sistemi olmalıdır. İdeal olaraq, bu və ya digəri var. Amma təəssüf ki, bizdə nə uzaqmənzilli zərbə sistemləri, nə də hava hücumundan müdafiə sistemləri lazımi sayda yoxdur. Ən azı, ona görə ki, güman etdiyim kimi, müttəfiqlər və hərbi-texniki tərəfdaşlar onları bizə tədarük etməyiblər. Bu barədə də danışmalıyıq”, - Nersisyan qeyd edib.

Mühəndislik işlərinə gəlincə, keçmiş zabit hesab edir ki, 44 günlük müharibədən sonrakı iki il ərzində Ermənistan hərbi rəhbərliyi uzunmüddətli müdafiə strukturları, müvafiq kamuflyajla betonlanmış istehkamlar, müşahidə kameraları və digər texniki həll üsulları yarada bilərdi və yaratmalı idi. Amma istənilən halda, cəbbəxanalar boş və ya natamam olsa, bütün bunlar yarımçıq olacaq.

Hazırkı “nə müharibə, nə sülh” şəraitində ön xətdəki vəziyyəti şərh edən ekspert bildirib ki, “mövcud hərbi imkanlarla Ermənistan tərəfinin əsas əməliyyat və əməliyyat-taktiki vəzifəsi rəqibə maksimum zərər vurmaq olmalıdır”.

Nersisyanın nöqteyi-nəzərindən, birbaşa və ya dolayısı ilə potensial iştirakçıların sayını nəzərə alsaq, yeni münaqişə daha böyük miqyas ala bilər. Burada qlobal və regional güclərin maraqları toqquşur. Elə buna görə yeni müharibə elə də asan olmayacaq.

Bu şəraitdə ekspert Ermənistanın siyasi rəhbərliyinin son dərəcə aşağı, “demək olar ki, sıfır” idarəçilik səviyyəsini növbəti problem hesab edir. Təbii ki, ölkənin maraqları baxımından müsbət təsir göstərə biləcək fərdi təşəbbüslər var, lakin ümumilikdə indiki siyasət mövcud çağırışlara cavab vermir.

Ölkə üçün təhlükə həm müxalifətin hərəkətləri, həm də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın son bəyanatlarıdır. Nersisyan əmindir ki, “Ermənistan 44 günlük müharibədə döyüşü uduzdu, lakin daxili və xarici proseslər indiki istiqamətdə davam edərsə, bu, real kapitulyasiyaya gətirib çıxara bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri