30 
Sen
2022
15:42
341
113
9744
Virtual karabakh

ABŞ Rusiyaya müharibə elan edir? - AÇIQLAMA + FOTO

30 Sen, 2022
15:42
9744

ABŞ Rusiyaya müharibə elan edir? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Moskvadakı səfirliyi iki gün öncə Rusiyada yaşayan və orada səfərdə olan vətəndaşlarını bu ölkəni tez zamanda tərk etməyə çağırıb. Səfirlikdən hazırda kommersiya reyslərinin sayının məhdudlaşdırıldığı, təcili aviabilet almaq imkanlarının zəif olduğu bildirilib. Məlumatda quru yolunun hələlik açıq olduğu diqqətə çatdırılıb və ABŞ vətəndaşlarına bu fürsətdən yararlanmaq tövsiyə edilib. Maraqlıdır, görəsən, ABŞ-ın bu addımı onun Rusiya ilə müharibəyə cəhd edəcəyindənmi xəbər verir? Bildirək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp da mütəmadi olaraq hər şeyin üçüncü dünya müharibəsi ilə bitə biləcəyinə dair açıqlamalar verir. 

Türkiyəli professor, “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri Hasan Oktay məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib ki, Putinin qismən səfərbərlik elan edib Ukraynanın şərqində tutduğu ərazilərdə “referendum” keçirməsindən sonra Almaniyaya gedən təbii qaz kəmərində baş verən partlayış istər-istəməz Rusiya-Ukrayna müharibəsinin daha geniş ərazilərə yayılma ehtimalını ortaya qoyur:

“ABŞ zaman-zaman gərginliyin yaşandığı coğrafiyalarda oxşar bəyanatlar verərək bir tərəfdən vətəndaşlarını qorumağa çalışarkən, digər tərəfdən də bölgənin təhlükəli zona olduğunu beynəlxalq hüquq baxımından göstərməyə çalışır. Hazırda bütün dünyanı “Üçüncü dünya müharibəsi olacaqmı?” sualı maraqlandırır. Amma onsuz da, bugünkü gərginlik müharibə atmosferini xatırladır. Sadəcə, bilməliyik ki, bütün müharibələr sülh üçün aparılır və diplomatlar sülhü bərqərar edirlər. O baxımdan Rusiya-Ukrayna böhranı ya ABŞ-Rusiya razılaşması, ya da ABŞ-Rusiya münaqişəsi ilə bitəcək”.

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, siyasi ekspert Sultan Zahidov isə hesab edir ki, ABŞ-ın bu addımı atmasının əsas səbəbi Rusiyada son dönəmlər müharibə səbəbilə xaosun yaşanmasıdır:

“Elan edilmiş qismən səfərbərlik fonunda gərginlik geniş vüsət almaqdadır. Rusiyanın səfərbərlikdən sonra hərbi vəziyyət elan edəcəyi də ehtimal olunur. Belə olanda dövlət daha da məhdudlaşdırıcı tədbirlərə əl atır, hətta insanların ölkədən çıxışına qadağa qoyula bilər. Ona görə də ABŞ-ın öz vətəndaşlarını Rusiyadan çıxmağa çağırması kifayət qədər rasional addımdır.

Nəzərə alsaq ki, ABŞ Rusiyada əsas düşmənlərdən biri hesab olunur, Ukraynaya dəstək göstərir, bu baxımdan həm də ABŞ öz vətəndaşlarının təhlükəsizliyi üçün belə bir çağırış həyata keçirir. Amma nəinki ABŞ, bir sıra Avropa dövlətləri də - Polşa, Bolqarıstan, Böyük Britaniya -vətəndaşlarını qısa zamanda Rusiyanı tərk etməyə çağırıb. Hətta Polşa səfirliyinin bəyanatında qeyd edildi ki, Rusiyada hərbi vəziyyət elan oluna bilər, bu da insanların ölkədən çıxmaq imkanını azaldar. Bu gün Rusiyanı təyyarə ilə tərk etmək imkanı get-gedə azalır”.

Ekspert Trampın çıxışında müəyyən həqiqətlərin olduğunu vurğulayıb:

“Necə ki 1962-ci ildə Kuba böhranı fonunda dünya nüvə müharibəsi və üçüncü dünya müharibəsinin astanasındaydı, indi də eyni hal yaşanır, hazırkı vəziyyət Kuba böhranını xatırladır. Həmin dövrdə ABŞ və SSRİ Kuba ətrafında ciddi qarşıdurmaya getmişdi və tərəflərdən biri digərinə hər an nüvə silahı ata bilərdi. Buna biz “Hobss tələsi” deyirik. Yəni dövlətlərdən biri digərinin ilkin zərbə vuracağından ehtiyat edərək özü ilk zərbəni endirir. İndi də Rusiya və ABŞ qarşı tərəfin hansı addımı atacağını bilmirlər, ona görə də preventiv olaraq nüvə silahından istifadə edə bilərlər. Bu isə faciəvi sonluğa - üçüncü dünya müharibəsinə gətirib çıxarar. Ona görə də ümid edək ki, tərəflər kommunikasiya hesabına problemi aradan qaldıracaqlar”.  

Həmsöhbətimiz Putinin nüvə ritorikasından da söz açıb: 

“Hətta Ağ Evin sözçüsü bu yaxınlarda açıqladı ki, birbaşa Rusiya ilə əlaqədədirlər, hətta Rusiyaya nüvə silahından istifadənin faciəvi sonluqla bitəcəyi də bildirilib. Amma Putinin hələ də nüvə ritorikası bitmir. Hətta səfərbərliklə bağlı çıxışında Rusiyanın əlindəki bütün vasitələrdən istifadə edəcəyini dedi. Əslində, bir növ çəkindirmə siyasətidir, nüvə silahının funksiyası elə çəkindirmədir. Amma istənilən halda, Putinin dəqiq nə edəcəyini müəyyənləşdirmək mümkün deyil. Ehtimal var ki, Rusiya taktiki nüvə silahlarından istifadə etsin, hətta rusiyalı ekspertlər də bu fikirdədirlər. Çünki Rusiyanın hələ 2000-ci ildə qəbul olunmuş milli təhlükəsizlik konsepsiyasında bir maddə yer alır ki, Rusiya öz ərazi bütövlüyünə təhdid gördüyü təqdirdə nüvə silahlarından istifadə edə bilər. 

Biz bildik ki, artıq Luqansk, Donetsk, Xerson və Zaporojyedə “referendum” keçirildi və Putinin həmin əyalətlərin Rusiyaya birləşdirilməsiylə bağlı qərar verəcəyi gözlənilir, deməli, bundan sonra Ukraynadakı “xüsusi hərbi əməliyyat” artıq Rusiyanın ərazi bütövlüyünün qorunması kontekstinə keçir. Bu isə Rusiyaya zəmin yarada bilər ki, taktiki nüvə silahından istifadə etsin. Rusiyanın bu addımı isə Qərbin - ABŞ və NATO-nun birbaşa adekvat cavabına səbəb olar. NATO-nun münaqişədə birbaşa iştirakı isə üçüncü dünya müharibəsi deməkdir, yəni bu ehtimal az olsa da, var. Baş versə, dünya bundan böyük zərər görəcək, ona görə də müharibənin qarşısının alınması zəruridir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri