30 
Sen
2022
15:34
60
618
2074
Virtual karabakh

Səfir: “İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlayacaqlar” - MÜSAHİBƏ

30 Sen, 2022
15:34
2074

Səfir: “İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlayacaqlar” - MÜSAHİBƏ

“İqtisadiyyat Nazirliyi ilə əlaqəli şəkildə bəzi İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırmaqdadır və tezliklə işə başlayacaqlar”. 

Bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Report”a müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanla İran arasında münasibətlərin səviyyəsini, o cümlədən iqtisadi əlaqələrin durumunu necə qiymətləndirirsiniz?

- Münasibətlərin səviyyəsi çox yüksəkdir. İki ölkə prezidentlərinin Türkmənistanın paytaxtı Aşqabadda iki dəfə səmimi görüşü olub. Azərbaycan və İranın siyasi, o cümlədən hərbi-təhlükəsizlik, eləcə də iqtisadi sahəyə məsul olan digər rəsmi şəxslərinin də mütəmadi görüşləri arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənməsindən xəbər verir. Bu ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 23%-dən çox artıb.

- Bir qədər əvvəl İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu məqsədə nail olmaq üçün dörd körpünün, o cümlədən Araz çayı üzərində iki avtomobil körpüsünün (piyada keçidi ilə) və iki dəmir yolu körpüsünün, rabitə və enerji təchizatı infrastrukturunun tikintisi nəzərdə tutulub. Bu işlər hansı mərhələdədir?

- Bildiyiniz kimi, ötən 30 il ərzində - Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən başlayaraq İran mehriban qonşuluq, qardaşlıq, mədəni və dini ortaqlıq ruhuna ehtiram əsasında, azərbaycanlı bacı və qardaşlarına dəstək olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında öz ərazisindən keçməklə əlaqələrin yaradılması üçün münasib şərait yaradıb, bu marşrut Azərbaycan vətəndaşlarının gediş-gəlişi üçün həmişə ən təhlükəsiz, ən əlverişli quru marşrut hesab edilib.

İkitərəfli nəqliyyat əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə bu ilin martında, ikitərəfli əlaqələrin 30 illiyində, Dövlətlərarası Birgə İqtisadi Komissiyasının 15-ci iclası İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Daha sonra dəqiq nöqtənin müəyyən edilməsi və hazırlıq işlərinin aparılması üçün texniki işçi qrupları yaradılıb.

Sevindirici haldır ki, bu il sentyabrın 21-də yeni körpülərin tikintisinin təməlqoyma mərasimi keçirilib və qərara alınıb ​​ki, bu layihənin birinci mərhələsində Araz çayı üzərində uzunluğu 216 metr, eni 25 metr olan ikizolaqlı beton avtomobil yol körpüsü və hər tərəfdən bir piyada zolağı salınacaq. Körpünün tikintisinin başlanması ilə bağlı texniki məsələləri diqqətdə saxlamaq üçün yaxın vaxtlarda birgə texniki işçi qrupları görüşünün keçirilməsi nəzərdə tutulub .

- Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti iclası nə vaxt keçiriləcək?

- Davam edən danışıqlara əsasən, komissiyanın 16-cı iclasının 2023-cü ilin əvvəlində Tehranda keçirilməsi planlaşdırılır.

- Yaxın gələcəkdə iki ölkə arasında qarşılıqlı səfərlər gözlənilirmi?

- Prezident İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri hər iki ölkənin gündəliyindədir. Bundan əlavə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub. Təbii ki, gündəmdə başqa proqramlar da var ki, onlar təsdiqlənən kimi açıqlanacaq.

- İran maşınqayırma sənayesi üzrə fəaliyyət göstərən şirkəti Hacıqabulda istehsala başlayacaqmı? Bu istiqamətdə işlər hansı mərhələdədir?

- Bizim avtomobil istehsalı ilə bağlı Neftçalada birgə layihəmiz mövcuddur və şükürlər olsun ki, bu layihə uğurlu layihə olub, yaxşı avtomobil istehsalı olub. Ancaq təəssüf ki, Hacıqabulda layihənin icrası bir sıra məsələlərlə bağlı, o cümlədən koronavirus (COVID-19) pandemiyasının yayılması və Azərbaycana səfərlərin məhdudlaşması ilə əlaqədar dayandırılıb və ondan sonra nəzərəçarpacaq irəliləyiş olmayıb. Amma məsələ gündəmdədir və nəzərdən keçirilir, mən şəxsən bu barədə tərəflərlə danışmışam. Ümid edirəm ki, biz gələcəkdə bununla bağlı danışıqların bərpasının şahidi olacağıq.

- İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyirdilər, bu istiqamətdə hər hansı yenilik varmı? Hazırda həmin ərazilərdə neçə İran şirkəti fəaliyyət göstərir?

- İqtisadiyyat Nazirliyi ilə əlaqəli şəkildə bəzi İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırmaqdadır və tezliklə işə başlayacaqlar. Ancaq gözləntilərimiz bundan artıqdır. İran şirkətlərinin keyfiyyəti və rəqabət qabiliyyəti yüksəkdir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri