Okt
2022
12:00
240
23
2085
Virtual karabakh

İanə ilə dolanan, hədiyyə silahlarla döyüşən ermənilər - ŞƏRH + FOTO

1 Okt, 2022
12:00
2085

İanə ilə dolanan, hədiyyə silahlarla döyüşən ermənilər - ŞƏRH + FOTO

Ermənistan iqtisadiyyatı əsasən xarici dövlətlərin yardımlarına möhtacdır. Onun büdcəsi havadar dövlətlərin maliyyə yardımları, ianələr, vergilərdən daxil olan gəlir və bir də beynəlxalq donorların qrantlarından formalaşır. Açıq-aşkar göründüyü kimi, Ermənistanın iqtisadiyyatı bir çox baxımdan Rusiyadan asılı vəziyyətdədir. Bu ölkənin rəsmiləri və erməni etnik qrupunun tanınmış nümayəndələri hər il ABŞ-da, Avropa ölkələrində, xüsusilə Fransada ianə toplamaq üçün marafonlar, xeyriyyə tədbirləri keçirirlər. Məsələn, ötən il keçirilən 24-cü telemarafonda 12 milyon 351 min dollar ianə toplanmışdı. Bu maliyyə vəsaitinin Ermənistandakı sosial problemlərə xərclənəcəyi deyilir. 

Deməli, sosial problemlərini xarici ianələrin hesabına həll etməyə çalışan Ermənistan hakimiyyətinin silahlanmadan danışması gülünc görünür. Halbuki Ermənistan vətəndaşları sosial problemlər ucbatından, hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edirlər. Belə çıxır ki, rəsmi İrəvan yuxarıda qeyd etdiyimiz istiqamətdə topladığı maliyyə vəsaitini silahlanmaya sərf etmək istəyir.
 

Yeri gəlmişkən, 2021-ci ildə Ermənistanın ovaxtkı müdafiə naziri Arşak Karapetyan Rusiya ilə “AK-12” avtomatlarının, “Forpost” zərbə, kəşfiyyat dronlarının və s. alınmasına dair danışıqlar apardıqlarını bildirmişdi. O, Ermənistan ordusunda aparılan islahatlara dəstək çərçivəsində Moskvanın rəsmi İrəvana 100 milyon dollarlıq kredit ayırdığını da qeyd etmişdi.
Son günlər isə Hindistanın Ermənistana 270 milyon dollarlıq silah-sursat, raket və hərbi texnika satdığına dair xəbərlər də yayılıb. Baş nazir Nikol Paşinyan bir sıra dövlətlər, o cümlədən müttəfiqlərinin onlara 100 milyonlarla dollarlıq verməli olacaqları silah-sursat və texnikanın tədarükündən imtina etdiklərini vurğulayıb.

Paşinyan deyir ki, Azərbaycan Ermənistana silah satılmasına mane olur. Ancaq fakt odur ki, keçmiş müdafiə naziri David Tonoyan 2021-ci il sentyabrın 30-da silah-sursat alarkən sui-istifadə hallarına yol verməkdə ittiham olunaraq həbs edilib. Bu iş üzrə Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Müdafiə Nazirliyinin Aviasiya İdarəsinin keçmiş rəisi Avetik Muradyan, silah təchizatı şirkəti David Qalstyanın (“Patron Davo”) da adı hallanır. Başlanan cinayət işləri ölkədə silah qaçaqmalçılığı və ya beynəlxalq silah mafiyası ilə əlaqələrin olduğunu təsdiqləyir.

 

Məsələn, 2005-ci ildə Artur Solomonyan və bir qrup şəxs İrəvandan Rusiya istehsalı olan qumbaraatanlar, “Stinger” raketləri, “AK-47” avtomatları və minaları ABŞ-a qaçaq yolla gətirdiklərinə görə Birləşmiş Ştatların hüquq-mühafizə orqanları həbs edilmişdilər.

Nikol Paşinyanın yaxın ətrafından sayılan Ermənistanın “Şuşa xüsusi taqımının” “keçmiş komandiri” olmuş Jirayr Sefilyanın və Samvel Babayanın beynəlxalq silah qaçaqmalçılığında adlarının hallanması da bunu təsdiqləyir. Samvel Babayan Gürcüstan üzərindən İrana və başqa ölkələrə silah tədarükündə aparıcı rollardan birini oynayıb. Belə çıxır ki, Ermənistan hərbçiləri ölkənin silahlı qüvvələrinə hədiyyə edilən silahları qaçaq yolu ilə xaricə çıxarıblar. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə həm də bu qanunsuz silah alveri şəbəkəsini də sıradan çıxarıb.

Ermənistana hədiyyə silah adı altında “qara bazar”a qeydiyyat olmayan silahların verilməsi və oradakı qaçaqmalçılar tərəfindən onun başqa dövlətlər, o cümlədən İrana satılmasına nəzarət yox dərəcəsindədir.

 

Qeyd edək ki, İranla Ermənistanın dövlət sərhədini Rusiya hərbçiləri qoruyur.

Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsində Ermənistana silah verilməsi ilə bağlı bildirmişdi: “Bizdə S-300 hava hücumuna qarşı qurğular var, biz onları Rusiyadan almışıq... Yalnız fərq ondadır ki, biz bunu pulla alırıq və bu da çox bahalı sistemlərdir. Ermənistan isə bir çox hallarda pulsuz alır. Yəni, hədiyyə kimi, ya da ki, kredit şəklində alır. Amma o kredit kağız üzərində qalır, qaytarılmır”.

Maliyyə naziri Tiqran Xaçaturyan isə hökumətin iclasında 2023-cü ilin dövlət büdcəsi layihəsini təqdim edərkən bildirib ki, həmin ilin dövlət büdcəsində infrastruktur, o cümlədən müdafiə sahəsinin xərcləri 56 faiz artaraq 1 milyard 326 milyon dollar olacaq. Bu rəqəm inandırıcı görünmür. Belə ehtimal etmək olar ki, Ermənistan bununla hədiyyə ediləcək silahların alınması üçün guya maliyyə vəsaiti ayırdığını göstərmək istəyir. Yaxud ölkə ərazisinə daxil olacaq qanunsuz silahların “yuyulması”na şərait yaradır.

Ermənistana silahlanma istiqamətində dəstək və yardım edənlər ilk növbədə erməni xalqına pislik edirlər. Çünki o silahı verənlər onları müharibəyə də sürükləyəcək. Müharibə isə ermənilər üçün yeni faciə, itkilər və mühacirət deməkdir. Sadaladığımız faktlar və cinayət işləri Ermənistanda silahlanmaya beynəlxalq nəzarəti artırmağın vacibliyini şərtləndirir. Çünki bu ölkədəki silah mafiyasının İranla da qanunsuz əməllər törətdiyinə dair əvvəllər xəbərlər yayılıb.

Report İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri