Okt
2022
12:28
210
42
1979
Virtual karabakh

İranda əsən inqilab küləyi!

1 Okt, 2022
12:28
1979

İranda əsən inqilab küləyi!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Mirzə Fətəli çox-çox uzaq 1865-ci ildə yazırdı: “Ey əhli-İran, sən əgər azadlıq nəşəsindən və insan hüquqlarından xəbərdar olsaydın bu köləliyə, bu rəzalətə dözməzdin”. Mirzənin uzaqgörənliyi bu məqamda da özünü göstərir. Azadlığa aşiq olan  İran xalqları üsyana qalxır. Çünki aradan çox suallar axmış, çox əhvalatlar baş vermişdir. 

İranda davam edən aksiyalar bir üsyana çevrilməkdədir. Ölkənin hər yerində, etnik mənşəyindən, dilindən, məzhəbindən asılı olmayaraq hər kəs hakim rejimə qarşı qiyam bayrağını qaldırıb. Bu üsyan əvvəlki üsyanlara heç bənzəmir. Buna görə də üsyanın əsaslı təhlilinə ehtiyac var.

Hər şeydən qabaq onu qeyd etmək lazımdır ki, mövcud İran İslam Respublikası bir inqilab nəticəsində qurulub. Ona görə də inqilablar bu ölkənin ruhuna xas olan bir passionarlıq, coşğunluqdur. Elə 1979-cu il inqilabından sonra da İran xalqları dəfələrlə üsyana qalxmışdır. Bu dəfə isə proseslər tamamilə fərqli kontekstdə davam edir.

Belə ki, Mirzə Fətəli yuxarıda sitat gətirdiyimiz “Kəmallüddövlə məktubları” əsərində İran ictimai inkişaf, tərəqqi və modernləşmə yolunda necə çıxılmaz vəziyyətə düşdüyündən bəhs edir. Təsadüfi deyildir ki, qadın azadlığı mövzusu Mirzə Fətəlinin həm sözügedən traktatında, həm də komediyalarında qabarıq şəkildə təhlil edilmişdir. Mirzə Fətəli ümumilikdə Azərbaycanda və eləcə də Yaxın Şərqdə qadın azadlığı problemini ilk dəfə əsaslı şəkildə ortalığa çıxaran mütəfəkkir kimi tarixə düşmüşdür. 

İrandakı aksiyalarda da qadınların başlıca rol oynaması bu mənada xarakterikdir. Mirzə Fətəlinin bəhs etdiyi dövrdə - XIX əsrin ortalarında İran Qərb sivilizasiyasının qatarına gecikmiş, ictimai inkişafda geriyə düşmüş, ictimai həyatın bütün formalarında arxada qalmışdır. Məhz bu gerilik İranda mürtəce qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Söhbət 1979-cu il inqilabından gedir. 

İranda XIX və XX əsrin monarxları zamanın ruhunu düzgün oxuya bilmədikləri üçün tarixin arxivinə verilmişdir. Bugünkü İran rejimi də həmin təhlükə qarşısındadır. Bu aksiyalar zamanın tələbidir və bu dəfə də olmasa gələn dəfə mütləq, amma mütləq hakim rejimin məhvi ilə nəticələnəcəkdir.

Lenin inqilab üçün üç şərti irəli sürürdü: 

1) Yuxarılar əvvəlki qaydada idarə edə bilmir; 
2) Aşağılar əvvəlki qaydada yaşaya bilmir; 
3) İnqilabi şərait yaranır. 

İranda hər üç şərtin gerçəkləşdiyini görmək üçün münəccimbaşı olmağa gərək yoxdur.

Rejim əvvəlki idarəetmə qabiliyyətini itirib. Onların ənənəvi idarəetmə forması qeyri-işlək vəziyyətdədir. Aksiyalara münasibətdə də bu tendensiyanı müşahidə etmək mümkündür. Belə ki, bu aksiyalar üçün İranda münbit zəmin olduğunu görməyən, prosesin bu yerə gəlməsində öz siyasətlərinin günahkar olduğunu anlamayan siyasi və dini elita bəhanələr yaratmaqla reallığı dəyişdirməyə çalışır. 

Bu aksiyaların ABŞ və İsrailin maliyyəsi ilə İranın terror təşkilatı kimi tanıdığı Xalq Mücahidləri Ordusunun, PKK-nın İraq qanadının, Azərbaycan türk millətçilərinin, şah tərəfdarlarının, sünnilərin gerçəkləşdirdiyi barədə məlumatlar hökumətə yaxın mediada tirajlanır. Gerçəklik isə bundan çox fərqlidir. Bu aksiyalar sözün həqiqi mənasında İran xalqının daxili tələbi, insani arzusudur. Arxada heç bir niyyət, ya da siyasi qüvvə axtarmağa ehtiyac yoxdur. Leninin ikinci şərti, aşağıların əvvəlki qayda ilə yaşamaq istəməməsi əsas cəhət kimi çıxış edir və hakim rejim bunu görə bilmir.

Görsəydilər əxlaq polisi adı altında insanların özəl həyatına bu qədər kobud müdaxilə etməzdilər. Yeri gəlmişkən, əksər din xadimləri əvvəlki dövrlərdə baş örtüsünün sərbəst buraxılmasını təklif edir, dinin tələblərinin şəxsi seçim ilə gerçəkləşməsini məqbul bilirdilər. İndi isə İranda güclənən modernləşmə meylləri qarşısında hakim rejim repressiyalar yolunu tutdu. Bu siyasətin meyvələri də göz qarşısındadır.

Mirzə Fətəlinin böyüklüyü də onun təhlil qabiliyyətində və hadisələri öncədən görməsində idi. İran əhli artıq azadlıq nəşəsini və insan hüquqlarının nə olduğunu çox gözəl anlayır. İran türkləri başda olmaqla İran xalqları artıq modern bir təfəkkürə yiyələnib, dünyanın gedişatını aydın şəkildə duyub. Hakim rejim isə tarixin bir çox səhifəsində olduğu kimi ictimai dəyişikliyi sezməyərək beyinlərindəki hazır qəlibləri siyasi idarəetmə prinsiplərinə çeviriblər.

Bundan əlavə, İranda son illərdə sürətlə artıb son aylarda pik mərhələyə qədəm qoyan yoxsulluq problemi də hadisələrin katalizatoru rolunu oynayır. Ancaq İran hakimiyyəti xalqın güzəranını yaxşılaşdırmaq əvəzinə çadra taxılması qaydasını bəhanə edərək xalqı əzməyə, onun üsyankar ruhunu məhv etməyə, dini təbliğatla ac qarınları doyurmağa çalışır. Barıt çəlləyinə qığılcım da burda düşür. 

Sosial narazılığı aradan qaldırmaq üçün dini təmayüllü repressiyalar insanların həssas nöqtəsinə toxunur, bir növ qaş düzəltmək istəyərkən vurub gözü də çıxarırlar. İran hökumətinin və ali dini rəhbərliyinin əsas problemi də bundan ibarətdir. Onlar insanlara dar dalandan, inqilabdan başqa çıxış yolu qoymayıblar. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri