Okt
2022
13:58
297
16
1254
Virtual karabakh

“Regionda sülh istəyən dövlətlər Ermənistana sülh müqaviləsini imzalatmalıdırlar” - RƏY + FOTO

3 Okt, 2022
13:58
1254

“Regionda sülh istəyən dövlətlər Ermənistana sülh müqaviləsini imzalatmalıdırlar” - RƏY + FOTO

Oktyabrın 2-də Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndində piyada əleyhinə mina partlayıb. Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Rasim Kərimzadə yaralanıb. Dərhal xəstəxanaya yerləşdirilən şəxsin sağ ayağında bir neçə barmağı amputasiya edilib.

Bu, işğaldan azad edilmiş ərazilərdə baş verən ilk partlayış deyil, son olduğunu da demək çətindir. Ölümlə nəticələnən hadisələrdən biri isə üç gün öncə, sentyabrın 30-da Füzulinin Yuxarı Dilağarda kəndində qeydə alınıb. Mina partlayışı nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olublar. Ümumilikdə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin noyabrından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 250-dək insan minalardan zərər görüb. 

Məlumdur ki, Üçtərəfli Bəyanata əsasən, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil verməli idi. Lakin iki ildir ki, düşmən öhdəliklərini icra etməkdən boyun qaçırır. Hələ bu, azmış kimi, təxribatçı əməllərini də davam etdirir. Belə ki, son vaxtlar Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyənləşib. Bu fakt isə Ermənistanın yeni minalar basdırmaqla azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin sübutudur.

Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistan masada başqa fikir səsləndirsə də, masadan kənarda təxribatdan əl çəkmir:

“Çox təəssüf ki, Ermənistan digər öhdəliklərini icra etmədiyi kimi, minalanmış ərazilərin xəritəsini də qaytarmadı. Düzdür, əsirlərə görə bir neçə rayonun xəritəsini verdi, ancaq onların da dəqiqliyi heç 20-25 faiz deyildi. Ermənistanın tutarsız davranışlarına Azərbaycan çox tutarlı cavablar verib. Amma təəssüf ki, Ermənistan yenə də gərginlik yaratmaqdan vaz keçmir. Onlar masada sülh sazişindən danışanda müəyyən mənada razılaşdıqlarını bildirirlər, amma iki gün sonra dərhal təxribat törədirlər. Bir müddət əvvəl Kəlbəcərə keçib əraziyə mina basdırdılar, həmin minalar Ermənistanın yeni istehsalıdır”.

Deputat hesab edir ki, regionda sülh istəyən dövlətlərin hər biri Ermənistana təzyiq göstərib ona sülh müqaviləsini imzalatmalıdırlar:

“Əgər əmin-amanlıq istəyirlərsə, bunu etməlidirlər. Ermənistan müstəqil siyasət yürüdə bilmir. Havadar dövlətlər başqa çıxış yolunun olmadığını başa düşməlidirlər. Əgər Ermənistan qonşu dövlətlərlə normal münasibət qurmasa, inkişafdan daim geri qalacaq. Bu gün Zəngəzur dəhlizinin açılması ən çox Ermənistanın xeyrinədir. Blokadadan çıxması, Qərb və Şərqlə əlaqələri inkişaf etdirməsi, ticarət dövriyyəsi yarada bilməsi üçün dəhlizin vacib olduğunu bilməlidir. Ermənistan hazırkı siyasəti ilə uduzur, revanşist qüvvələr erməni xalqına pislik edir. Bunu nə vaxt anlasalar, sülh sazişi bir o qədər yaxın olacaq. Yox, başa düşməsələr, vəziyyət başa düşdükləri dillə izah olunacaq”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri