Okt
2022
15:30
297
19
3647
Virtual karabakh

Əlaqələr çat verir? - “Uduzan tərəf Fransa olacaq, Azərbaycan yox” - RƏY + FOTO

6 Okt, 2022
15:30
3647

Əlaqələr çat verir? - “Uduzan tərəf Fransa olacaq, Azərbaycan yox” - RƏY + FOTO

Radikal erməni qrupları vaxtaşırı Azərbaycan səfirliklərinə hücumlar təşkil edərək vandalizm aktı törədirlər. Bu olayın sıxlıqla yaşandığı ölkələrdən biri də Fransadır. Xüsusilə, son vaxtlar Fransadakı diplomatik nümayəndəliyimizə qarşı təxribat əməlləri artmaqdadır. Azərbaycan qarşı tərəfə dəfələrlə xəbərdarlıq etsə də, görünən odur ki, Fransa hökuməti səfirliyimizin mühafizəsinin təşkil edilməsində elə də maraqlı deyil. Bu səbəbdəndir ki, analoji hadisə oktyabrın 1-də təkrar yaşandı, ermənilər səfirliyin inzibati binasına qırmızı rəngli boya ataraq binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazdılar. 

Bunların fonunda oktyabrın 3-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edildi. Baş verənlərin Fransa tərəfinin lazımi tədbirləri görməməsinin nəticəsi olduğu və diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəlikləri Fransanın yerinə yetirmədiyi diqqətə çatdırıldı. Son olaraq isə zorakılıq aktlarının araşdırılması, təqsirkarların məsuliyyətə cəlb olunması, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edildi. Zakari Qros isə öz növbəsində Azərbaycan tərəfinin müraciətinin Fransanın səlahiyyətli orqanlarına çatdırılacağını bildirdi. 

Maraqlıdır, Fransada erməni radikalların Azərbaycan əleyhinə ardıcıl çıxışları, səfirliyimizə qarşı təxribatları iki ölkə arasında əlaqələrin tamamilə pozulmasına yol aça bilərmi?

Mövzu barədə Oxu.Az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 30 il ərzində Fransanın da üzvü olduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin real fəaliyyəti münaqişəni dondurmaq və Ermənistanın işğalına müəyyən dərəcədə legitimlik donu geyindirməkdən ibarət olub:

“Fransanın ermənipərəst mövqeyini biz çox yaxşı bilirik. Birinci Qarabağ müharibəsi zamanı BMT-nin Təhlükəsizlik Şurasında dörd qətnamə qəbul olunarkən onlar çox səy göstərdilər ki, bu iş baş tutmasın. Çünki həmin qətnamələrdə bilavasitə Ermənistanın təcavüzkar göstərilməsi onları narahat etmişdi. 

Bütün bu illər ərzində həmsədrlərin real fəaliyyəti münaqişəni dondurmaq və Ermənistanın işğalına müəyyən dərəcədə legitimlik donu geyindirməkdən ibarət idi. İkinci Qarabağ müharibəsi zamanı da onlar Azərbaycana qarşı fəaliyyətlərini davam etdirdilər. Cəhd vardı ki, Təhlükəsizlik Şurasında Azərbaycana qarşı bəyanat qəbul olunsun, amma uğursuz oldular”. 

Həmsöhbətimiz hesab edir ki, bu hadisələrin sonunda uduzan tərəf Fransa olacaq:

“Son zamanlar biz yenə onların təşəbbüsü ilə Təhlükəsizlik Şurasında iclas keçirildiyini, bizə qarşı fəaliyyətin davam etdiyini görürük. Səfirliyimizə qarşı hücumları da bu kontekstdə təhlil etməliyik. Təbii ki, bütün bu hadisələr ikitərəfli əlaqələrə mənfi təsir göstərəcək. Amma Azərbaycan diplomatik müstəvidə öz etirazlarını bildirir. Hesab edirəm ki, bütün bu hadisələrin sonunda elə uduzan tərəf Fransa olacaq, Azərbaycan yox”.

Sayad Həsənli 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri