Okt
2022
16:48
260
41
2430
Virtual karabakh

Separatçılığı dəstəkləyən İran: Ehtimal edilən bumeranq zərbəsi - ŞƏRH

6 Okt, 2022
16:48
2430

Separatçılığı dəstəkləyən İran: Ehtimal edilən bumeranq zərbəsi - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Separatçılıq və onun dəstəklənməsi beynəlxalq hüququn, BMT Nizamnaməsinin pozulmasıdır. Başqa sözlə, dövlətin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət göstərmək və bu istiqamətdə törədilən cinayətlərə şərik olmaqdır.

İrandakı hakimiyyət keçmiş SSRİ ərazilərində, habelə qonşu dövlətlərdə bölücülüyü bəyanat, çıxış və bir sıra hallarda əlaqələrlə dəstəkləyir.

Ölkədə keçirilən genişmiqyaslı etiraz aksiyalarında aparıcı tələblər milli haqların təmin edilməsi olmasa da, bu yöndə şüarlar səslənir. Bu halda Tehran hakimiyyəti əsas tələbləri təhlil edib, onlarla bağlı çıxış yolları axtarmaqdansa, daha çox bu tip şüarları irəli sürənləri cəzalandırmağa çalışır. Belə olan halda o, ənənəvi olaraq İsrail, ABŞ və qonşu dövlətləri ittiham edir. İranın qənaətincə, ölkə vətəndaşları milli haqlarının təmin olunması ilə bağlı şüarlar irəli sürmək qabiliyyətinə malik deyillər.

Yeri gəlmişkən, İran son zamanlar Məhsa Əmininin qətlə yetirilməsinə qarşı ölkənin 20-yə yaxın əyalətində keçirilən etiraz aksiyalarında da düşmən elan etdiyi ənənəvi dövlətin və qonşuların əlinin olduğu iddiası ilə çıxış edir.
 
Hətta İslam respublikasının Azərbaycanın dövlət sərhədini keçərək İran ərazisinə daxil olan  “terrorçu”ların saxlanıldığına dair iki dəfə məlumatı yayıldı. Şərqi Azərbaycan əyalətinin Sərhəd Qoşunları Komandanı Məhəmməd Əhmədi jurnalistlərə açıqlamasında əyalətin Azərbaycanla sərhəd bölgəsi olan Xudafərində iki nəfərin saxlanıldığını, onlardan odlu silahlar və partlayıcı maddələrin götürüldüyünü iddia edib. O, ölkə daxilində təxribat törətmək istədiklərini iddia etdiyi iki nəfərin kimliyi barədə açıqlama verməyib.
 

İranın daxilindəki problemləri həll etməkdə acizlik göstərən bu qonşu dövlət Azərbaycana qarşı ermənilərin və Ermənistanın separatçılıq fəaliyyətini həmişə dəstəkləyib. Bunun üçün çoxsaylı faktlar və örnəklər göstərmək olar. Bunun ən bariz nümunəsi İran ərazisində Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşdə “Qarabağ Ermənistandır və nida” yazılmış plakatın qaldırılması idi. Adıçəkilən klubun toxunulmazlığı yoxdur. Bu şüarın yazılmasında və ortaya çıxarılmasında Paşinyana bu şəraiti İran hakimiyyəti yaratmışdı. Yaxud Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında binaların dağıdılmasında, təbii sərvətlərin talan olunmasında İranın oynadığı rol tarixdə pis nümunə olaraq qalır.
 
İran tərəfi Azərbaycana qarşı xoş olmayan niyyətini 44 günlük müharibə zamanı və ondan sonra da gizlədə bilmədi. İslam respublikası Ermənistan və erməni havadarları ilə birlikdə Azərbaycana qarşı təbliğatla məşğul oldu. Hətta bu ölkənin ən yüksək səviyyələrində Azərbaycanda İsrail hərbçilərinin yerləşməsi ilə bağlı cəfəngiyyat dolu ittihamları deməkdən belə çəkinmədilər.

Bir çox məsələlərdə, o cümlədən Ermənistanla sərhədlərin müəyyənləşməsində, Zəngəzur dəhlizinin açılmasında rəsmi İrəvanın hamisi kimi çıxış etməsi Tehran hakimiyyətinin Azərbaycana qarşı dəyişməz mövqeyinin görüntülərindəndir.

Rəsmi Tehran Rusiyanın Ukraynada apardığı müharibədə də separatçılığı dəstəkləməkdən çəkinmədi. Bu il iyunun 17-də Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum çərçivəsində Ukraynanın Donetsk vilayətindən olan separatçıların “lider”i Denis Puşilinlə İranın iş adamları arasında ticarət əlaqələrinə dair müqavilə imzalanmışdı. Separatçıların başçısı İranın onlara tikinti materialları və meyvə-tərəvəz məhsullarını göndərəcəklərini bildirmişdi. “Donetsk Xalq Respublikası” isə İrana metal məhsullar, çuqun, gübrə, polad məmulatlar, daş kömür müəssisələri üçün avadanlıq və s. ixrac edəcək. Müqavilə “Respublika”nın “sənaye-ticarət palatası” ilə İranın “Farnuş treydinq” şirkəti arasında imzalanıb.

İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamenei Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Ukraynaya qarşı müharibədə Moskvanın mövqeyini müdafiə edərək bildirmişdi: “RF təşəbbüsü ələ almasa idi, o biri tərəf müharibəni başlayacaqdı”.
 

Bu tezisi Ukraynada apardığı müharibədə haqlı olduğunu isbatlamaq üçün Rusiya irəli sürmüşdü. Oxşar ifadənin İran lideri tərəfindən səsləndirilməsi, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzün, separatizmin dəstəklənməsi idi.

Qeyd edək ki, İranın müdafiə etdiyi Suriyadakı rejimin başçısı Bəşər Əsəd və Yəməndəki qiyamçı husilər də Rusiyanın Ukraynadakı addımlarını müsbət qarşılayırlar.
2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində Rusiyanın törətdiyi əməllərə də İran hakimiyyəti, dolayı da olsa, haqq qazandırıb. Tehranın Moskvadakı ovaxtkı səfiri Seyid Mahmud Səcadi bildirmişdi ki, Abxaziya və Cənubi Osetiya xalqlarına rəğbət bəsləyirlər və qismən tanınan bu bölgələrin inkişafı üzrə Rusiya ilə əməkdaşlıq edəcəklər.
İran hakimiyyəti uzun illər terrorçu PKK qruplaşmasının Türkiyəyə qarşı fəaliyyətinə də dəstək verib. Ancaq son zamanlar bu qruplaşmanın İran üzrə fəaliyyəti gücləndiyindən Tehran onlara qarşı radikal addımlar atmağa çalışır.

Separatçılıq bütün dövlətlərin başına gələ biləcək hadisədir. Ancaq bu tip məsələlərin tənzimlənməsi üçün beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi və başqa hüquqi aktlar mövcuddur. Keçmiş müttəfiq respublikalara və Türkiyəyə münasibətdə separatizmi müdafiə etməklə Tehran hakimiyyəti ölkəsində baş verəcəyi ehtimal olan oxşar hadisələrdə həmin dövlətlərin dəstəyindən məhrum ola bilər. Tarix və hadisələr sübut edib ki, İran kimi sürüşkən mövqe tutanlar daha çox ziyana düşürlər. Odur ki, bir müddət sonra rəsmi Tehran da separatizmi dəstəkləməklə atdığı yanlış addımların zərərləri ilə üzləşə bilər. Belə çıxır ki, Ukrayna hadisələrində müharibəni başlayana, işğalçılığa, ilhaqçıya haqq qazandırmağın “fayda”sını İran hələ uzun müddət görəcək. Bu tip hadisələri dəyərləndirərkən “bumeranq effekti” ifadəsindən istifadə edirlər. Qədim insanların bu aləti dinozavrlar dövründən çağdaş informasiya texnologiyalarınadək bir yol keçib. Onun İran hakimiyətinin yanından keçəcəyi də istisna deyil.

“Report” İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri