Okt
2022
20:52
35
278
1994
Virtual karabakh

“Ermənilərin müharibə cinayətlərini üst-üstə yığsaq, Babil qülləsi yaranar” - AÇIQLAMA + FOTO

6 Okt, 2022
20:52
1994

“Ermənilərin müharibə cinayətlərini üst-üstə yığsaq, Babil qülləsi yaranar” - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkarlandı. Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov həmin qalıqların 12 nəfər Azərbaycan hərbçisinə məxsus olduğunu açıqladı. Məlumata görə, dişlər və digər sümüklərdən nümunələr götürülərək məhkəmə genetik ekspertizası aparılaraq hərbçilərin şəxsiyyətləri aydınlaşdırılacaq. Məhkəmə tibb ekspertizası da, genetik ekspertiza da 15 gün çəkəcək. 

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə faktla bağlı paylaşımında həmin məzarda basdırılan hərbçilərin Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən işgəncə verilərək öldürüldüklərini bildirib. O, Edilli kəndinin Ermənistan tərəfindən azərbaycanlı girovları saxlamaq üçün həbs düşərgəsi kimi istifadə edildiyini diqqətə çatdırıb. 

Məlumdur ki, Birinci Qarabağ müharibəsində dörd mindən çox azərbaycanlı itkin düşüb, onların çoxu erməni vandalizminin qurbanı olub və kütləvi məzarlarda dəfn edilib. Ancaq Ermənistan indiyədək kütləvi məzarlıq yerlərini açıqlamayıb. Üstəlik törətdiyi əməllər azmış kimi, bu gün Azərbaycana qarşı əsassız iddialar səsləndirməkdən də çəkinmir. Ermənilər feyk məlumatlar paylaşaraq Azərbaycanı dünyaya cinayətkar kimi tanıtmağa çalışırlar. Son olaraq guya Azərbaycan hərbçilərinin erməni əsirləri öldürməsiylə bağlı video paylaşmaları da belə saxta xəbərlərdən biridir. 

Xatırladaq ki, bundan öncə də Fərrux yüksəkliyiEdillidə kütləvi məzarlar aşkarlanıb.

Məsələ ilə bağlı Oxu.Az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, ermənilər hərbi sahədə uduzduqdan sonra bölgədə 1980-ci illərin axırındakı vəziyyəti yaratmağa cəhd edirlər:

“Biz indi Ermənistanın ideoloji və informasiya müharibəsində əks-hücuma keçməsinin şahidi oluruq. Elə bilirlər ki, yenidən təbliğat kampaniyasını gücləndirməyə başlasalar, bu onlara nəsə verəcək. Ermənilər gözlərinin önündə olan imtiyazlı imkanları düzgün dəyərləndirə bilmədən yenidən qarşıdurma siyasətinə, nifrət ideologiyasına üstünlük verirlər. Kənardan üçüncü qüvvələrin dəstək verməsi, silah-sursat vəd etməsi erməniləri çaşqın vəziyyətə salır.

Müharibədə hər bir şey ola bilər, ancaq ermənilərin feyk fabrikinin yaydığı məlumatlar əsassızdır. Onların Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin sayı, demək olar ki, fantastik həddədir. 30 ildən çoxdur ki, onlar Azərbaycan xalqına divan tutublar, qadınlarımıza, uşaqlarımıza işgəncə veriblər. Bu cinayətləri üst-üstə yığsaq, Babil qülləsi olar”.

Ekspert Azərbaycanın əks-arqumentlərlə Ermənistanın bütün iddialarını beynəlxalq instansiyalarda darmadağın etdiyini vurğulayıb:

“Bundan sonra da eyni vəziyyət təkrarlanacaq. Dünən Azərbaycanın Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi də ondan xəbər verir ki, biz onlar tərəfindən dağıdılmış şəhərlərimizin həm işğal dövründəki, həm də indiki görüntülərini nümayiş etdirərək dünyanı erməni təhlükəsi haqqında agah etməyə çalışırıq. Çünki beynəlxalq təşkilatlar, dövlətlər bəzi hallarda özlərini görməzliyə vururlar. Ancaq bilməlidirlər ki, erməni xalqı bizə qarşı bu cinayətləri törədibsə, sabah onlara qarşı da edəcək”.

Politoloq prokurorluq orqanlarının məsələni diqqətdə saxladığını da bildirib:

“Azərbaycanın istintaq orqanları bütün bu işlərin hamısını təfərrüatları ilə araşdırmalı, faktlar saxlanılmalı və beynəlxalq arbitraj instansiyalarına müraciət edilməlidir. Çünki biz 2020-ci ilin payızına qədər dözdük. Həmin vaxtadək onlar özlərini qondarma qalib kimi aparırdılar, cəfəng fikirlər səsləndirirdilər, Azərbaycan isə layiqli cavablarını verdi, nəticə etibarilə bu gün biz qalibik, separatçı rejim nəinki iflasa uğrayıb, gələcəklə bağlı bütün ümidlərini də itirib. Nahaq yerə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan: “Biz gərək heç vaxt ermənilərin olduğu Qarabağın dünya tərəfindən tanınmasına ümid bəsləməyək”, - demir. İçlərində bir az ağıllı düşünən odur, lakin onun səhmləri bu gün çox aşağı səviyyədə qiymətləndirilir. O çalışır ki, xalqını ayıltsın, əgər xalq ayılmaq istəmirsə, cinayətkarların dalınca getsin. Onsuz da yenə yerlərində sayacaqlar, ən yaxşı halda kimsə canıyananlıq edəcək və qabaqlarına sür-sümük atacaq. Amma biz onları bütün istiqamətlərdə məğlub edəcəyik, Xocalı soyqırımı hər şeyin cavabıdır. Bu soyqırımında bizim 600 nəfərdən çox həmvətənimiz həlak olub, onunla bağlı bütün faktlar var, hətta saxta ittihamlarını da araşdırırıq”.

Həmsöhbətimiz qondarma erməni soyqırımı barədə də fikirlərini bölüşüb:

“Dünyaya onların nə dərəcədə riyakar olduğunu göstərəcəyik. Uzun illərdir Qərb ermənilərin riyakarlığına göz yumur və dəstək verir. Ermənistana vəd verirlər ki, qondarma soyqırımı gündəmə gətirsə, dəstək göstərəcəklər. Amma o dəstəyin heç bir əhəmiyyəti yoxdur. Ən uzağı, parlamentlər səviyyəsində guya ermənilərə qarşı soyqırımı olduğunu deyirlər, tutarlı arqument səsləndirə bilmirlər. Hansısa ölkənin seçicilərini, onların parlamentdəki nümayəndəsini pulla satın alırlar, lobbiçiliyə cəlb edirlər və onun dili ilə türklərin onlara qarşı soyqırımı törətdiklərini iddia edirlər.  Bu işlərin sonu yoxdur. Ənənəvi işi görərək, köhnə işlərə rəvac verərək yeni nəticələr əldə etməyə çalışmaq axmaqların işidir. Ona görə də Ermənistan heç bir istiqamətdə uğur qazanmayacaq”.

Sayad Həsənli 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri