Okt
2022
11:20
366
20
3147
Virtual karabakh

Praqa bəyanatı: Azərbaycan istəyinə nail oldu - ŞƏRH + FOTO

7 Okt, 2022
11:20
3147

Praqa bəyanatı: Azərbaycan istəyinə nail oldu - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat rəsmi Bakının növbəti diplomatik qələbəsidir. Sənədin müddəaları ölkəmizin maraqlarına tam cavab verir. Bəyanatın digər bəndləri öz yerində, ən əsası - Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bunun üçün Azərbaycan 30 il gərgin əmək sərf edib.

Eyni zamanda, Azərbaycan da Ermənistanın ərazi bütövlüyü və suverenliyini tanıyıb. Ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsi əsas sənəd kimi götürülüb. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqlənib. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyıb.

Praqa görüşünün gərgin keçəcəyi gözlənilirdi. Çünki dördtərəfli danışıqların iştirakçısı olan Fransa hər zaman ermənipərəst siyasət həyata keçirib. Bunu nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. N.Paşinyan Fransanın dövlət başçısı E.Makronun da iştirak etdiyi görüşdə özünü arxayın aparır, rəsmi Paris də İrəvanı dəstəklədiyini gizlətmirdi.

Fransa və Ermənistan sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərməyə cəhd etməyə çalışırdı. Lakin Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - beş saatdan artıq çəkən və iki hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alınıb. Sonda qəbul olunan bəyanat da bunu təsdiqləyir.

Praqada sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırılıb. Bu da Azərbaycanın maraqlarına cavab verir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra rəsmi Bakı sərhədlərin delimitasiyası məsələsi üzərində xüsusi dayanırdı. Azərbaycanın münasibətlərin normallaşması üçün Ermənistana təklif etdiyi beş maddəlik prinsip arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi də vardı. İndi isə İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsinə razılıq verib. Məsələnin Avropa İttifaqı kimi nüfuzlu qurumun himayəsi altında razılaşdırılması ilə yaxın zamanlarda bu sahədə irəliləyişin əldə olunacağını gözləmək olar.

Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz edib. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırılıb ki, missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.

Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması onunla bağlıdır ki, bu məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatla tənzimlənir. Həmin sənəd qüvvədədir, Zəngəzur dəhlizinin açılması hər zaman aktualdır, gündəmdədir və onun reallaşdırılması istiqamətində iş davam etdirilir. Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək.

Bütövlükdə, Praqa görüşündə rəsmi Bakı istəyinə nail oldu. Prezident İlham Əliyev Azərbaycanın maraqlarını layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Bu, həm də Rusiyaya qarşı yeni və ciddi addımdır. 30 ilə yaxın həm də Rusiyaya arxalanaraq Azərbaycan torpaqlarını işğal altında saxlayan İrəvanın bu gedişinə Moskvanın cavabı, yəqin ki, çox gecikməyəcək.

“Report”un analitik qrupu

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri