Okt
2022
16:15
341
40
2970
Virtual karabakh

Alma-Ata Bəyannaməsinin tarixi əhəmiyyəti nədən ibarətdir? - AÇIQLAMA + FOTO

7 Okt, 2022
16:15
2970

Alma-Ata Bəyannaməsinin tarixi əhəmiyyəti nədən ibarətdir? - AÇIQLAMA + FOTO

Ötən gün Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə dördtərəfli formatda görüş baş tutdu. Bu görüş çərçivəsində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam tanıdığını açıqladı. Tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bəyan etdilər. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Oxu.Az-a açıqlamasında Praqada baş tutan görüşün həddindən artıq vacib və əhəmiyyətli olduğunu vurğulayıb:

“Avropanın, Fransa prezidentinin təşəbbüsü ilə təşkil olunmuş bu toplantıda ən mühüm hadisə məhz Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə keçirilən görüş idi. Başqa bu dərəcədə əhəmiyyətli məsələləri həll edən bir görüş görmədim. Təbii ki, ikitərəfli görüşlər də keçirildi, müxtəlif danışıqlar aparıldı, ancaq sadəcə bu görüş bəyanatla yekunlaşdı. Bu isə dördlü bir bəyanat deyil, hesab edirəm ki, bütün Avropanın bəyanatıdır”. 

Millət vəkili 1991-ci ildə imzalanan Alma-Ata Bəyannaməsinin əhəmiyyətindən də söz açıb:

“Azərbaycanın ərazi bütövlüyünün tanınması Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və 1991-ci ilin Alma-Ata müqaviləsinə uyğun həyata keçirildi. BMT-nin Nizamnaməsində dövlətlərin ərazi bütövlüyünün qorunması və sərhədlərin toxunulmazlığı ilə bağlı konkret müddəalar var. Alma-Ata Bəyannaməsi isə Sovet İttifaqının dağılmasından sonra MDB-nin yaradılmasıyla bağlıdır. O bəyannamə Azərbaycanın MDB-yə daxil olmasına əsas yaradan hüquqi presedentdir. 1991-ci ildə Gürcüstan o müqaviləni imzalamadı, çünki həmin dövrdə Zviad Qamsaxurdiya hakimiyyətdə idi. Eduard Şevardnadze hakimiyyətə gələndən sonra 1993-cü ildə Gürcüstan MDB-yə qəbul olundu. Müqavilənin tarixi əhəmiyyəti bundan ibarətdir”. 

Sülh müqaviləsinin bu ilin sonunadək imzalanıb-imzalanmayacağı məsələsinə gəldikdə isə deputat bu işin baş tutacağına inanmaq istədiyini bildirib:

“İstərdim ki, bu istiqamətdə işlər sürətlə getsin. Ancaq asan bir proses deyil, yavaş-yavaş irəliləməliyik. Çünki biz dəfələrlə görmüşük ki, bəyanatlar verilib, ancaq sonra Ermənistan boyun qaçırıb. Ancaq indi vəziyyət bir az başqa cürdür. Bu sənəd elə siyasi fiqurlarla müşayiət olunur ki, Ermənistan çəkinsə, özünə böyük bir problem yaradar”.

Həmsöhbətimiz Sankt-Peterburqda bu gün baş tutacaq MDB dövlət başçılarının qeyri-rəsmi görüşü barədə də fikirlərini bölüşüb:

“Orada yalnız Azərbaycan prezidenti yox, Ermənistanın baş naziri, o cümlədən Mərkəzi Asiya ölkələrinin rəhbərləri də olacaq. Görüşlərin hansı səviyyədə aparılacağı dəqiq bilinmir. Ancaq biz həmişə demişik ki, sülhə aparan bütün təşəbbüslərin tərəfdarıyıq. Biz dəfələrlə bəyan etmişik ki, Avropa-Azərbaycan danışıqlar formatı heç də Üçtərəfli Bəyanatın əksinə getmir. Ona görə də biz heç bir formatdan imtina etmirik. Biz həm Vaşinqton, həm Brüssel, həm də Moskva formatını dəstəkləyirik. Çünki məqsədimiz formatlara yox, sülhə üstünlük vermək və Azərbaycanın maraqlarını qorumaqdır”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri