13 
Okt
2022
15:47
72
260
3373
Virtual karabakh

“Qərb Ukrayna-Rusiya danışıqlarını istəmir” - ŞƏRH + FOTO

13 Okt, 2022
15:47
3373

“Qərb Ukrayna-Rusiya danışıqlarını istəmir” - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Doqquz aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi hər kəs üçün sirr olaraq qalır. Başlanğıcda Rusiyanın yarım aya qələbə çalacağı proqnozlaşdırılsa da, artıq savaşın necə yekunlaşacağına dair fikirlər olduqca qarışıqdır. Son olaraq Krım körpüsünün partladılması isə bir növ müharibənin yaxın müddətdə bitməyəcəyinin anonsu idi. 

Ötən müddət ərzində hər iki ölkə iqtisadiyyatına milyardlarla dollar dəyərində ziyan dəyib. Bu gün Qərb Rusiyaya qarşı bütün istiqamətlərdə sanksiyalar tətbiq edir. Avropa Rusiyadan enerji asılılığını sonlandırmağa çalışır, bunun üçün başqa mənbələrin axtarışına da başlanılıb. Lakin bununla belə Rusiya şərtlərinə əməl olunmayacağı təqdirdə, savaşı sonlandırmayacağı haqqında bəyanatlar verməkdən çəkinmir. 

Məsələ ilə bağlı Oxu.Az-a danışan ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman müharibənin ən azı qışa qədər davam edəcəyini proqnozlaşdırır:

“Hazırda Ukrayna hərbçiləri işğal olunmuş ərazilərin əhəmiyyətli hissəsini azad etmək üçün tam gücləri ilə mübarizə aparırlar. Ancaq yenə də onların işi Rusiya qüvvələrinin və separatçıların müqaviməti, eləcə də əhaliyə qarışmış rusiyayönümlü loyalların xəyanəti nəticəsində çətinləşir. Bundan əlavə, bəllidir ki, Rusiya əvvəllər bir çox strateji əraziləri tez bir zamanda ələ keçirməyi bacardı, ona görə də son və davamlı uğurlara baxmayaraq, hələ də azad ediləcək geniş ərazi var. Qarşıdan qış gəlir, bu, işləri bir qədər çətinləşdirəcək. Rusiya mülki əhalinin məskunlaşdığı ərazilərə hava hücumlarını gücləndirib, daha çox mülki əhalinin ölümünə və onların əmlaklarının məhvinə səbəb olub. Yalnız səkkiz aydan sonra ABŞ Ukraynaya qabaqcıl hava hücumundan müdafiə sistemləri vəd edir, ancaq onların da nə vaxt təhvil veriləcəyi bəlli deyil”.

Ekspert hesab edir ki, bütün mənfiliklərə baxmayaraq, növbəti aylarda Rusiya münaqişənin yavaş tempindən faydalana bilməyəcək, çünki qoşunları ruhdan düşüb, zəifləyib:

“Onlar müharibələrə hazır deyillər, həmçinin Rusiyanın dağıdılmış texnikasının yenidən bərpası üçün lazım olan avadanlıqları əldə etməsinin hazırkı şəraitdə yolu yoxdur. Rusiya İran pilotsuz təyyarələrini almağa davam edir, lakin yeni hava hücumundan müdafiə sistemi onların təsirini azalda bilər. Rusiyanın hətta sadiq müttəfiqləri ilə də əlaqələri zəifləyib. Əhəmiyyətli maliyyə sanksiyalarının bəziləri yalnız indi tam olaraq qüvvəyə minir və Rusiya iqtisadiyyatına böyük ziyan vurur. Doğrudur, üfüqdə qaz böhranı görünür və Avropa İttifaqı qışın ən soyuq vaxtında enerji böhranının kəskinləşməsi ilə üzləşsə, necə reaksiya verəcəyi bəlli deyil, amma yenə də Rusiya üçün siyasi vəziyyətin daha da pisləşəcəyini ehtimal edirəm”.

İ.Tsukerman bildirib ki, Rusiya iqtisadiyyatını dirçəltmək üçün ilk olaraq müharibə ilə bağlı bütün sanksiyalar aradan qaldırılmalıdır:

“Bundan əlavə, müdafiə sənayesini canlandırmaq üçün müdafiə ilə bağlı avadanlıqların idxalı həyata keçirilməli, kənd təsərrüfatı fəaliyyəti bərpa olunmalı və ən əsası xarici biznes geri qayıtmağa hazır olmalıdır. Lakin siyasi və biznes riskləri mövcud olduqca bu baş verməyəcək. Rusiya hələ də enerji satışından gündəlik milyardlarla dollar qazanır, lakin bu pulun iqtisadiyyatını dirçəltməyəmi, yoxsa yalnız müharibə və korrupsiya xərclərinəmi sərf edildiyi bəlli deyil”.  

Ukrayna iqtisadiyyatına gəldikdə isə həmsöhbətimiz onun bərpasının ən azı on il çəkəcəyini vurğulayıb:

“Bərbad vəziyyətdədir. Ölkənin məhsuldar vətəndaşları qaçqın düşüb, minlərlə iş yeri bağlanıb, kənd təsərrüfatı sektoru məhv edilib, müdafiə ilə bağlı xərcləri pik həddədir, milyardlarla dollar dəyərində infrastruktur artıq yararsız vəziyyətdədir. Ümumiyyətlə, müharibə nəticəsində ortada trilyonlarla dollarlıq iqtisadi ziyan var”.

İqtisadiyyat üzrə fəlsəfə doktoru, siyasi ekspert İlqar Vəlizadə isə diqqətə çatdırıb ki, Rusiya və Ukraynanın şərtləri bir-birilə tərs mütənasiblik təşkil edir:

“Ona görə də tərəflər ortaq məxrəcə gələ bilmirlər. Hadisələr göstərir ki, müharibənin uzanması hər iki ölkəyə ciddi təsir göstərir. Daha çox itki verən tərəf isə Ukraynadır, çünki onun ərazisində gedir, şəhərlər dağılır, insanlar ölür, qaçqınların sayı artır-bir sözlə Ukrayna iqtisadiyyatı dərin böhran içərisindədir. Bəzi sahələr, xüsusilə qara metallurgiya, iri maşınqayırma müəssisələri, o cümlədən gübrə istehsalı ilə məşğul olan müəssisələr məhv olub. Saydıqca siyahı uzanır, ona görə də həmin iqtisadiyyatı bərpa etmək üçün uzun vaxt və böyük vəsait, investisiya lazım olacaq”.

İqtisadçı iqtisadiyyatda struktur dəyişikliyinin qaçılmaz olduğunu qeyd edib:

“Ölkənin iqtisadiyyatı yenidən qurulmalıdır. Bir neçə ay bundan əvvəl 50 milyard dollar həcmində ziyanın olduğu səsləndirilirdi, yəqin ki, indi daha çox olar. Kənd təsərrüfatı istehsalı zəifləyib, gələn il, çox güman ki, Ukrayna buğda istehsal edə bilməyəcək, hətta öz ehtiyaclarını ödəməkdə də çətinlik çəkəcək. Bu isə dərin humanitar böhrana gətirib çıxarır. Fəsadları aradan qaldırmaq üçün illər lazım olacaq. Avropa İttifaqı yaxın müddətdə Ukraynanın iqtisadiyyatını bərpa edəcəyinə dair vədlər verir, amma indi Avropa iqtisadiyyatının özünə yardım lazımdır”. 

Ekspertin sözlərinə görə, proseslər ondan xəbər verir ki, qarşı tərəf zərəri daha da genişləndirmək üçün müharibəni dayandırmır:

“Rusiyanın tələbi ondan ibarətdir ki, danışıqlar Rusiyanın şərtləri ilə getsin. Bunu isə Ukrayna istəmir. Çünki bu o demək olar ki, Ukrayna Krımın və Şərqi Ukraynanın itirilməsinə razılıq verir. Problemin həllində vasitəçilərin, xüsusilə Türkiyənin böyük rolu ola bilər. Amma Qərb Ukrayna-Rusiya danışıqlarını istəmir. Ukrayna hakimiyyətinə müəyyən təsirlər göstərir ki, müharibə davam etsin, Ukrayna müqavimət göstərsin. Ona görə də atəşkəsdən, müharibənin dayandırılmasından danışmaq üçün tezdir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri