12 
Okt
2022
16:16
22
413
3315
Virtual karabakh

Azərbaycan səfirliklərinə hücum: Erməni radikallar köhnə metodlarına qayıdıblar - ŞƏRH

12 Okt, 2022
16:16
3315

Azərbaycan səfirliklərinə hücum: Erməni radikallar köhnə metodlarına qayıdıblar - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri bir neçə dəfə radikal qrupların hücumuna məruz qalıb.

Sentyabr ayında Azərbaycanın Gürcüstandakı, Livandakı və Fransadakı səfirliklərinə hücum olub.

Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.

Bu hücumların hamısının arxasında erməni radikalları, lobbisi və ermənilərin himayədarları dayanır.

Avqustun 4-də Böyük Britaniyanın paytaxtı Londondakı səfirliyimizə radikal dini qrup tərəfindən hücum edilmişdi. Onlar səfirliyin binasına daxil olaraq, vandalizm aktı törətmişdilər.

Vaşinqtondakı səfirliyimizin xidməti avtomobilinə atəş açılması ilə bağlı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, baş vermiş hadisə ilə bağlı rəsmi Bakının ciddi narahatlığı və narazılığı ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycan səfirliklərinə hücum həmin ölkələrlə etimad mühitinə zərbə vurur

Maraqlı məqam budur ki, Azərbaycan XİN ilk hücumlardan sonra digər ölkələrə səfirliklərin mühafizəsinin gücləndirilməsi barədə xəbərdarlıq etmişdi. Amma son proseslər, o cümlədən Vaşinqtonda baş vermiş hadisə göstərir ki, xəbərdarlığımıza etinasız yanaşılıb. Bu, ikitərəfli münasibətlər müstəvisində dekonstruktiv xarakter daşıyan məqamdır. Nəzərə almaq lazımdır ki, beynəlxalq qanunvericiliyin tələblərinə görə baş vermiş cinayətin məsuliyyətini həm də həmin ölkələr daşıyırlar. Amma bu günə qədər Böyük Britaniyada, Livanda və Fransada diplomatik nümayəndəliklərimizə hücumlarla bağlı heç bir tədbir görülməyib. Bu, gələcəkdə də oxşar hadisələrin baş verməsinə şərait yaradır...

Hazırda Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə həssas mərhələdir. Tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması gözlənilir. Əlbəttə, bunu istəməyən radikal qüvvələr var. Müxtəlif ölkələrdəki səfirliklərimizə hücum həm də etimad mühitinə zərbə vurulmasına xidmət edir. Səfirliklərimizin mühafizəsinin lazımi səviyyədə təmin edilməməsi belə rəy yaradır ki, həmin ölkələr də Cənubi Qafqazda “suların durulmasında” maraqlı deyillər. Dünya dövlətləri bu məsələni nəzərə almalıdır.

Diplomatik nümayəndəliklərə hücum ermənilərin köhnə metodudur

“Azərbaycan diplomatik korpusuna qarşı bir neçə insidentlə biz erməni radikallarının istifadə etdiyi bədnam terror taktikasının geri qayıtdığını görürük”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Twitter”də yazıb.

“1970-80-ci illərdə türkiyəli diplomatlara və 1988-94-cü illərdə azərbaycanlı mülki şəxslərə qarşı törədilən terror aktları qəti şəkildə pislənmədiyi üçün erməni radikallar cəzasızlıqdan istifadə edirlər”, - o vurğulayıb.

F.Şəfiyevin xatırlatması yerinə düşür və tarixi gerçəkliyi əks etdirir. Erməni radikal qruplaşmaları türkiyəli diplomatlara da qarşı dəfələrlə terror törədib. Buna misal olaraq, 1975-ci ildə 3 erməni terrorçunun Türkiyənin Avstriyadakı səfiri Daniş Tunalıgil öldürməsini, 1978-ci ildə Türkiyənin İspaniyadakı səfiri Zəki Kuneralp avtomobilinin gülləbaran edilməsini, 1979-cu ildə Türkiyənin Fransadakı turizm müşaviri Yılmaz Çolpan öldürülməsini, 1981-ci ildə Ankaranın Fransadakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesinin binası ələ keçirilməsini və 56 diplomatın əsir alınmasını və 1984-cü ildə Türkiyənin Avstriyadakı səfirliyinin attaşesi Ərdoğan Özenin öldürülməsini göstərmək olar.

Əvvəllər də ayrı-ayrı vaxtlarda diplomatlarımıza qarşı hücumlar olmuşdu. Yəni bu, ermənilər üçün sınanmış metoddur. Onlar bu yolla radikal mövqelərini nümayiş etdirməklə yanaşı, həm də sülhə qarşı çıxdıqlarını göstərirlər. Bu gün Azərbaycanda müxtəlif dövlətlərin səfirliklərin mühafizəsi ən yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil ki, indiyədək ölkəmizdə oxşar hallara, demək olar, rast gəlinməyib. Bu isə qarşılıqlı prinsiplərə əsasən digər dünya dövlətlərindəki diplomatik korpuslarımızın da mühafizəsinin gücləndirilməsini tələb edir. Son günlər baş vermiş hücumlar, habelə hələ 2020-ci ildə Avropa paytaxtlarında və Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir. Gələcəkdə analoji hadisələrin baş verməməsindən ötrü mütləq zəruri tədbirlər həyata keçirilməlidir: təxribatı törədənlər, bu işlərdə əli olanlar məsuliyyətə cəlb edilməli və səfirliklərimiz lazımi səviyyədə qorunmalıdır.

“Report” İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri