13 
Okt
2022
18:54
693
33
2756
Virtual karabakh

Astanada Azərbaycan və Qazaxıstan prezidentləri arasında görüş olub - YENİLƏNİB + FOTO/VİDEO

13 Okt, 2022
18:54
2756

Astanada Azərbaycan və Qazaxıstan prezidentləri arasında görüş olub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident Kasım-Jomart Tokayev deyib:

-Hörmətli İlham Heydər oğlu, mən Sizə, ilk növbədə, buraya səfər etdiyinizə, Zirvə Toplantısının işində iştirak etdiyinizə, yekun nəticələrə nail olunmasına verdiyiniz müsbət töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Sözsüz ki, mən bunu dəyərləndirirəm. Siz, necə deyərlər, buna vaxt ayırmısınız.

Bizim ikitərəfli qarşılıqlı münasibətlərimizə gəlincə, gözəl Bakı şəhərinə səfərim zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirməkdən başlamaq istərdim.

Zənnimcə, bizim danışıqlar məhsuldar, maraqlı olub və deməliyəm ki, xaricdə siyasi, iqtisadi dairələrin diqqətini cəlb edib. Buna görə də Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik, daim bu xəttə sadiq qalacağıq. Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır. Düşünürəm ki, bizim ortaq cəhətlərimiz çoxdur və ən müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik. Biz bu barədə Bakıda ətraflı danışmışıq.

Bu gün gündəlikdə belə adlandırılan Orta Dəhlizin inkişafı məsələsi durur. Dünən mənim Türkiyə Prezidenti ilə danışıqlarım olub. O da, həmçinin müvafiq qurumların rəhbərlərinin Bakıda keçirilən görüşünə dəfələrlə istinad edib. Təbii ki, onlar bu iş formatının davam etdirilməsinə hədəflənib. Bizim tərəfimizdən, əlbəttə ki, hər hansı bir problem olmayacaq, əksinə, biz də bunda maraqlıyıq. Mən açıq çıxışlarımda Orta Dəhliz adlandırılan Transxəzər marşrutu barədə həmişə danışmışam.

Bizim müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə ənənəvi əlaqələrimiz var və bunların hamısı davam edəcək. Biz Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin paytaxtımızda daha görkəmli yerə köçürməyin vacibliyindən danışmışıq. Belə bir yer müəyyənləşdirilmişdir. Mən onu bəyənmişəm. Bu, sadəcə, vaxt məsələsidir.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

-Çox sağ olun, hörmətli Kasım-Jomart Kemeleviç. Əvvəla, dəvətə görə təşəkkür edirəm. Qardaş Qazaxıstanda yenidən olmağıma çox şadam. Həmçinin keçirilmiş Zirvə Toplantısının yaxşı nəticələri münasibətilə təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq arenada oynadığı rolun və Sizin ölkənizin yüksək nüfuzunun daha bir nümayişidir.

Həmçinin sabah daha bir Zirvə Toplantısı olacaq. Yəni, başa düşürəm ki, Sizin qrafikiniz nə dərəcədə gərgindir və bu mühüm hadisələrə hazırlıqla bağlı məsələlər, əlbəttə, çox vaxt aparır. Odur ki, görüşmək fürsətinə görə şadam.

Sizə, ilk növbədə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtiramınıza görə təşəkkür etmək istərdim. Biz Sizinlə bu barədə danışdıq. Mən qəbul edilmiş qərarlara görə minnətdaram.

Həmçinin Azərbaycana Sizin rəsmi səfərinizi və bizim görüşümüzü, danışıqlarımızı, həm ikitərəfli gündəlik, həm də regional problemlər üzrə hərtərəfli fikir mübadiləmizi səmimiyyətlə xatırlayıram. Zənnimcə, Sizin səfərinizdən sonra artıq yaxşı nailiyyətlər, nəticələr var, - biz indi bu barədə danışacağıq, - həm nəqliyyat sahəsində, həm də digər sahələrdə. Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür. Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu, bizim ölkələrin və xalqların marağında, uzunmüddətli maraqlarda, qonşuluğumuzdakı ölkələrin maraqlarında olacaq. Yəni, bu mövzunun çox ciddi davamı olacaq.

Digər bütün məsələlər üzrə isə, Siz qeyd etdiyiniz kimi, bizim ölkələr müttəfiqdir, strateji tərəfdaşdır. Bu müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır. Sizi Zirvə Toplantısının uğurla keçirilməsi münasibətilə bir daha təbrik etmək və qonaqpərvərliyə görə təşəkkür etmək istərdim.

Görüşdə energetika, nəqliyyat-logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Həmçinin Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatda keçirilən görüşlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparıldı.

16:35

Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş olub.

Prezidentlərin görüşü Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində baş tutub.

Görüşdə Qazaxıstan Prezidenti vurğulayıb ki, onun bu yaxınlarda Bakıya etdiyi səfərin yekunları Qazaxıstan-Azərbaycan münasibətlərində yeni səhifə açıb.

“Səfərinizə və sammitin işində iştirakınıza görə sizə təşəkkür etmək istərdim. Mən ikitərəfli münasibətlərə ayrıca toxunmaq istərdim. Bakıya səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə görə sizə minnətdarlığımı bildirirəm. Danışıqlarımız məhsuldar keçdi və xaricdəki siyasi və iqtisadi dairələrin diqqətini cəlb etdi. Biz Azərbaycanı öz müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik. Biz həmişə bu xəttə sadiq qalacağıq”, - deyə Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan Prezidenti bəyan edib ki, Azərbaycan təkcə özünün yerləşdiyi regionda deyil, həm də daha geniş coğrafiyada böyük rol oynayır:

“İndi bizim gündəmimizdə “Orta Dəhliz” adlanan nəqliyyat dəhlizinin inkişafı durur. Biz bu iş formatının davam etdirilməsində maraqlıyıq”.

Görüşdə Qazaxıstan prezidenti mədəni-humanitar sahədə uğurlu qarşılıqlı fəaliyyəti, o cümlədən Qazaxıstan və Azərbaycanın tarixi və mədəni dəyərlərinin təbliği istiqamətində bir sıra birgə layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib.

“Biz görkəmli Azərbaycan dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin başqa yerə köçürülməsindən danışdıq. Hesab edirəm ki, bizim paytaxtda daha layiqli yer var. Belə bir yer artıq tapılıb, mən onu təsdiq etdim. Sonrası isə artıq zaman məsələsidir”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı qardaş ölkə Qazaxıstana səfərinə görə məmnunluğunu ifadə edib.

“Qardaş Qazaxıstana səfər etməyimə görə çox şadam. Zirvə toplantısında əldə edilən nəticələrə görə sizi təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq aləmdə oynadığı rolun və ölkənizin yüksək nüfuzunun növbəti təzahürüdür”.

Azərbaycan Prezidenti bildirib ki, “Orta Dəhliz” nəqliyyat marşrutunun inkişafı ilə bağlı məsələlər zamanın tələbidir:

“Nə yaxşı ki, istər Azərbaycan, istərsə də Qazaxıstan bu məsələdə hazırlıqlı idi. Çünki bizim ölkələrdə müasir nəqliyyat infrastrukturu yaradılıb. Bu isə öz növbəsində bizə böyük həcmdə yük daşımalarını həyata keçirməyə imkan yaradır. Gələcəkdə isə infrastruktur planlarımızın əlaqələndirilməsi ilə mən hesab edirəm ki, biz Transxəzər marşrutunun ötürücülük imkanlarının genişləndirilməsi üzrə gələcək işləri sinxronlaşdıra bilərik”.

16:22

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

Bununla bağlı məlumat Qazaxıstan Prezidentinin rəsmi saytında yerləşdirilib.

Görüş Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası çərçivəsində baş tutub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri