14 
Okt
2022
17:24
28
218
1288
Virtual karabakh

İranın “qırmızı xətti” – şər bucağının iddiası - ŞƏRH + FOTO

14 Okt, 2022
17:24
1288

İranın “qırmızı xətti” – şər bucağının iddiası - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran son günlərdə daxili vəziyyətə nəzarət etmək üçün az qala küçə və meydanlara ən ağır hərbi texnikalarını çıxarır. Ərazisinə “silahlı hücumların qarşısını almaq” üçün qonşu dövləti bombalayır, artilleriya atəşinə tutur. Rəsmi Tehran bunu ərazi bütövlüyü və suverenliyi ilə əlaqələndirir. Uzun illər İraq və Suriyadan Türkiyənin ərazisini təhdid edən separatçılara və terrorçulara dəstək verən İslam Respublikası indi onları “terrorçu” adlandırmağa başlayıb.

İran qonşulardan nə istəyir?

Dövlətlərin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü qoruması qanunidir və beynəlxalq hüquqda da bu təsbit olunub. Ancaq İranın bu tip məsələlərdə qərəzi ortaya çıxır. Azərbaycan torpaqları Ermənistanın işğalı altında olanda, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra rəsmi Tehran Azərbaycana münasibətdə “ədalət”inin” iç üzünü göstərdi. Region dövləti olaraq 30 ilə yaxındır Azərbaycanın ərazi bütövlüyünü pozduğu üçün işğalçı Ermənistanı hər addımbaşı mükafatlandıran Tehran hakimiyyəti bu ənənəsinə sadiqliyini davam etdirir.

İran Orta Şərqdə separatçılığı və terroru dəstəkləyən ən əsas dövlətlərdən biridir. Bu isə mövcud hakimiyyətin mahiyyətindən irəli gəlir. 42 il əvvəl - 1980-ci il sentyabrın 22-də İran İraqla müharibəyə başladı. O zaman inqilabın lideri Ayətullah Ruhullah Xomeyni Nəcəf və Kərbəlanı düşmən işğalından azad etdikdən sonra Məkkəni də “kafirlərdən təmizləyəcəyini” deyirdi. Bu müharibə 1988-ci il avqustun 20-də atəşkəs haqqında müqavilə ilə başa çatdı. Ayətullah Xomeyni sənədin imzalanmasını zəhər içməklə eyniləşdirirdi. İndiyədək İranla İraq arasında sülh müqaviləsi imzalanmayıb. Başqa sözlə, İran hələ də İraqa qarşı ərazi iddiasından əl çəkməyib. Bu baxımdan İranın ərazi bütövlüyündən danışması və bu məsələdə guya Ermənistanın müdafiəçisi mövqeyindən çıxış etməsi saxtakarlıqdır.

Yeri gəlmişkən, 1986-cı ilin payızında tərəflər arasında yaranmış pat vəziyyətindən istifadə etməyə çalışan İran müharibəni qurtarmaq üçün aşağıdakı şərtləri İraqa təklif edirdi:

- Səddam Hüseynin hakimiyyətdən getməsi;
- Hakim Bəəs Partiyasının siyasi arenadan uzaqlaşdırılması;
- İsrailə qarşı müharibədə İraqın iştirak etməsi;
- Bağdadda İranı razı salacaq hakimiyyətin qurulması.

Təbii ki, bu, İran hakimiyyətinin müharibə apardığı qarşı tərəfə münasibəti və onun qarşısında ozamankı Bağdad hökuməti tərəfindən qəbul edilməsi mümkün olmayacaq şərtlər idi. Özünü ədalətli, “qırmızı xətli” göstərən Tehran hakimiyyəti 30 il Ermənistan və havadarları ilə eyni mövqedən çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini görməzdən gəlib. Əksinə, separatçılarla bir yerə Azərbaycanın işğal altında olan torpaqlarının talan edilməsinə şərik olub. Bu hakimiyyət 30 ilə yaxın müddətdə Qafan-Gorus avtomobil yolunun Azərbaycana aid hissəsindən qanunsuz istifadə edib. 30 il ərzində Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu heç vaxt açıq şəkildə bəyan etməyən İran bunu yalnız 44 günlük müharibə bitəndən bir neçə ay sonra etiraf etməyə məcbur oldu. Ardınca da Azərbaycanı ərazisində İsrail hərbçilərini saxlamaqla şantaj etdi və s.

İran 2020-ci ilin noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi vəziyyətinə münasibət bildirməyib. Məsələn, Tehran rəsmiləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan hərbçilərinin qanunsuz dislokasiyasına qarşı heç vaxt çıxış etməyib. İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına münasibətdə xoşməramlı qonşu kimi özünü göstərməyib. Hətta fürsət düşən kimi isə Azərbaycana zərbə vurmağa səy edib. Sərhədlərin müəyyənləşməsində rəsmi Bakının mövqeyini, regiondakı vəziyyəti nəzərə almadan birmənalı şəkildə rəsmi İrəvandan da artıq Ermənistanın mövqeyindən çıxış edərək “Ermənistanın ərazi bütövlüyü bizim üçün “qırmızı xətt”dir” deyir.

Ancaq Ermənistanın hansı ərazisi “qırmızı xətt” sayılır?

Axı, dövlətlər arasında sərhədlər müəyyən edilməyib. Bu baxımdan rəsmi Tehranın mövqeyi əsassız görünür. Odur ki, sərhədlər müəyyənləşmədən “qırmızı xətt”i çəkmək regionda iğtişaş yaratmaq, Ermənistanla Azərbaycan arasında düşmənçiliyi gücləndimək cəhdindən savayı bir nəsnə deyil. Bu, həm də rəsmi Tehranın iki dövlət arasında münasibətə yersiz müdaxiləsidir. Belə mürtəce, ədalətsiz düşüncənin daşıyıcısı olan Tehran hakimiyyəti Azərbaycana münasibətdə normaları pozduğu kimi Güney Azərbaycan türklərinin də milli haqlarını pozmaqla bütövlükdə azərbaycanlılara münasibətini açıq-aşkar sərgiləyir. İranda 200 minlik erməninin öz dilində məktəbi, mədəniyyət mərkəzi, mediası və s. fəaliyyət göstərir. Hakimiyyətə hər il dövlət büdcəsindən bu məqsədlə milyonlarla maliyyə vəsaiti ayrılır. Ancaq İranda sayı 30 milyondan çox olan, daha çox vergi ödəyən Azərbaycan türklərinin ana dilində nə məktəbi, nə mədəniyyət mərkəzi, nə də mediası var. Bu istiqamətdə fəaliyyət göstərmək istəyənlər təqib olunur və həbs edilirlər.

Başqa bir nümunə...

Ermənistanın mövcud olmayan ərazi bütövlüyündən dəm vuran Tehran hakimiyyəti Azərbaycanda “5-ci kolon” yaratmaq üçün cəhdlər göstərir. 30 il ərzində İran Azərbaycanı din adı altında işğal etməyə səy göstərib. Bunu son illər baş verən hadisələr də təsdiqləyir. Buna Xomeyni adına İmdad Komitəsinin, höccətülislam sayılan Seyid Əli Əkbər Ocaqnejadın fəaliyyətini və s. göstərmək olar.

Beləliklə, Azərbaycanın güneyində azərbaycanlıların ən ibtidai milli hüquqlarını addımbaşı pozan, Azərbaycanda pozuculuq fəaliyyəti göstərən, burada Xomeyninin islam inqilabı doktrinasını həyata keçirmək məqsədi ilə “5-ci kolon” quruculuğu ilə məşğul olan İran İslam Respublikası Azərbaycanla Ermənistanın sərhədlərinin müəyyənləşdirməsinə “qırmızı xətt” qoyur. Bu səviyyədə keyfiyyətə malik Tehran hakimiyyətinin “ədaləti” daha çox şərə xidmətə bənzəyir. Bu dövləti idarə edən rejimin “şər bucağı” adlanması da elə təsadüfi deyilmiş...

Report İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri