14 
Okt
2022
17:26
200
32
1423
Virtual karabakh

Türkiyədə dezinformasiyalar cinayət məsuliyyəti yaradacaq - Ekspert RƏYİ + FOTO

14 Okt, 2022
17:26
1423

Türkiyədə dezinformasiyalar cinayət məsuliyyəti yaradacaq - Ekspert RƏYİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə sosial mediada dezinformasiya hesab edilən məlumatlara görə 1 ildən 3 ilə qədər həbs cəzasını nəzərdə tutan qanun layihəsi Türkiyə Böyük Millət Məclisində qəbul edilib. Qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təşəbbüsü ilə parlamentə təqdim edilib. Qanuna görə, xəbər saytları və mətbuat kartları ilə bağlı məsələlər Mətbuat Qanununun əhatə dairəsinə daxil ediləcək. Radio, televiziya, dövlət qurumlarının informasiya xidmətlərində çalışan dövlət qulluqçuları mətbuat kartlarının verilməsi ilə dövri nəşrlərin işçiləri kimi qiymətləndiriləcək.

Məsələni Oxu.Az-a şərh edən türkiyəli professor Yetkin Bulut ilk olaraq sosial şəbəkələrin insanların fikirlərinə təsir mexanizmindən söz açıb:

“Sosial media bu gün ən çox istifadə edilən rabitə kanallarından biridir. Bu platformalarda fərdlər gündəlik başlarına gələn hadisələri paylaşır, satışlar edir və influenserlər sayəsində başqalarına təsir edə bilirlər. “Instagram” daha çox şəxsin gündəlik həyatına fokuslandığı halda, “Twitter” bir çox məsələlərin, xüsusən də siyasi hadisələrlə bağlı fikirlərin paylaşdığı bir yerdir. Hətta bu gün hər bir siyasətçi sosial media işçiləri vasitəsilə özünə tərəfdar toplamağa çalışır. Xüsusilə siyasi ünsiyyətdə insanların fikirlərini yönləndirmək üçün sosial media kanallarından istifadə edilir. Ancaq artıq sosial şəbəkələr ailə həyatına da təsir etməyə başlayıb, xüsusilə inkişaf çağında olan uşaqların fiziki və zehni inkişafında mühüm aktora çevrilib. 

Pandemiya ilə birlikdə distant təhsilə keçilməsi uşaq və gənclərin ekran qarşısında keçirdikləri vaxtın artmasına səbəb oldu. Pandemiyanın əvvəlindən “Instagram”da təşkil edilən canlı yayımlar da insanların sosial media kanallarında keçirdikləri vaxtın artmasına gətirib çıxardı. Nəticədə uşaqlar və gənclər bəzi xoş niyyəti olmayan insanların hədəfinə çevrildi. Xüsusilə, oyunlar arası fasilə zamanı ötürülən gizli mesajlar fərdlərin inkişafına ciddi təsir göstərir”.

Ekspert bildirib ki, bu gün bir xəbərin doğru olub-olmadığını öyrənmək üçün müxtəlif saytlar var:

“Fərdlər xəbərin doğruluğunu müəyyən etmək üçün ya bu internet saytlarına müraciət edir, ya da axtarış sistemlərindən istifadə edirlər. Ölkələr bu vəziyyətlə rastlaşdıqdan sonra saxta xəbərlərin qarşısını almaq üçün müxtəlif tənzimləmələr aparıblar. Bu mənada Almaniya tənzimləməni ilk tətbiq edən ölkələrdən biri olub. Şikayət predmeti olan məzmunun araşdırılmasına xidmət edən sosial platformalar açıq-aşkar cinayət məzmunu olan paylaşımları müəyyənləşdirdikdən sonra 24 saat ərzində onu silməli və ya hesabı bloklamalıdır. Bunu etməyən sosial şəbəkələri 50 milyon avroya qədər cərimə gözləyir. 

Fransada edilən tənzimləmə çərçivəsində sosial media platformalarından cinsi qısnama, eləcə də irq, din, cinsi oriyentasiya və cinsiyyətə əsaslanan nifrət nitqləri əhatə edən məzmunun 24 saat ərzində silinməsi tələb olunur. Terror və uşaq zorakılığını ehtiva edən məzmunun silinməsi üçün nəzərdə tutulan vaxt isə bir saat müəyyən edilib. Bu müddəalara əməl etməyən fiziki şəxslər üçün 250 min avroya qədər, hüquqi şəxslər üçün isə 1,2 milyon avroya qədər cərimə nəzərdə tutulur. Oxşar qaydalar ABŞ və Böyük Britaniyada mövcuddur”.

Həmsöhbətimiz Türkiyədə tətbiq olunan yeni qaydanın da zərurətdən doğduğunu vurğulayıb:

“Türkiyədə son tənzimləmələrlə sosial media şirkətləri ofis açmağa məcburdurlar. Saxta xəbərlərə görə 1 ildən 3 ilə qədər həbs nəzərdə tutulub. Yeni tənzimləmə ilə uşaqların inkişafına mənfi təsir göstərən məzmunun qarşısının alınması hədəflənib. Qanunun maddələrindən birinə əsasən, xəbər saytı rəsmi təsdiqlənmədən fəaliyyət göstərə bilməz”.

Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz isə qərarın dövlətin təhlükəsizliyini təmin etmək üçün vacib olduğunu diqqətə çatdırıb:

“Sosial media qanunu deyə adlandırılan qərar Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının və MHP-nin təklifi ilə gündəmə gəldi. Burada ictimai asayişi pozan, ictimai asayişlə bağlı səhv məlumatlar verən, bu məlumatları internetdə yayımlayan şəxslərlə bağlı cəzaların tətbiqi nəzərdə tutulur. Müharibələr artıq şəklini dəyişib, normal savaşlar yerini informasiya müharibəsi ilə əvəzləyib, nəticədə ölkələrin ictimai asayişini, ictimai əxlaqını, birliyini pozacaq addımlar atılır. Ona görə də belə qərarın verilməsi önəmlidir. Uşaqların, yeniyetmələrin, gənclərin, ailələrin qorunması çox mühüm məsələdir”. 

Həmsöhbətimiz qeyd edib ki, bu gün internetdə heç bir senzura olmadan uyğunsuz yayımlar həyat keçirilir:

“Ona görə də internet provayderlərinin dövlət tələb etdikdə lazımı informasiyaları verməsi lazımdır, ancaq Türkiyədə fəaliyyət göstərən bu provayderlər məlumatı verməkdən imtina edirlər. Hazırda sosial şəbəkələrə insanlar öz şəxsi məlumatları ilə deyil, saxta adlarla daxil olurlar, xüsusi proqramlar var ki, onlar vasitəsilə trollar yaradılır və ictimaiyyət yönləndirilməyə çalışılır. Ona görə də hər kəsin şəxsiyyət vəsiqəsi ilə sistemə girməsi, saxta profillərin əngəllənməsi ilə ictimaiyyətin, ailələrin, gəncliyin qorunması baxımında yeni qərar lazımlı idi. Bu qərara riayət etməyən xidmət təminatçıları cəzalandırılacaq”.

Y.Karauz məqsədin senzura, insanların şəxsi düşüncələrini əngəlləmək olmadığını söyləyib:

“Çünki saxta profillərlə ortalıq qarışdırılır, insanlar istismar olunur. Fikrimcə, bu qərarın verilməsi gecikib, çünki dünyanı tvitlərlə, dezinformasiyalarla dizayn verməyə çalışan bir kütlə var və onların hədəfləri içərisində Türkiyə də yer alır. Amma gec də olsa, tədbiri yüksək qiymətləndirirəm. Şəxsi məlumatları ilə hesab yaradan insanlar üçün bu qərar təhlükəli deyil”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri