17 
Okt
2022
17:18
326
11
2448
Virtual karabakh

Gəncədə Ermənistan tərəfindən törədilən terror hadisələrinin qurbanları anıldı – YENİLƏNİB + FOTO/VİDEO

17 Okt, 2022
17:18
2448

Gəncədə Ermənistan tərəfindən törədilən terror hadisələrinin qurbanları anıldı – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 17-də Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Baş Prokurorluğun və Xarici İşlər Nazirliyinin əməkdaşlarının, 50-ə yaxın ölkənin səfirləri, diplomatik korpusun, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, eyni zamanda yerli və xarici media təmsilçilərinin iştirakı ilə Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş terror hadisələri qurbanlarının anım tədbiri keçirilib.

Bu barədə Baş Prokurorluqdan məlumat yayılıb. 

Tədbirdən öncə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini hörmətlə yad ediblər.

Daha sonra  Gəncə Memorial Kompleksini ziyarət edən tədbir iştirakçıları həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə güllər düzərək ehtiramlarını ifadə ediblər.

Anım tədbirində çıxış edən baş prokurorun birinci müavini Elçin Məmmədov 44 günlük Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətlərinin həyata keçirilməklə zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində 87 cinayət işi üzrə ibtidai istintaq aparılmaqla 36 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar çıxarılaraq “İnterpol”un Milli Mərkəzi Bürosu vasitəsi ilə beynəlxalq axtarış elan edilib, 23 ölkəyə hüquqi yardım haqqında sorğular göndərilib.

44 günlük Vətən müharibəsində döyüş meydanında aciz qalan təcavüzkar erməni silahlı birləşmələrinin beynəlxalq qanunvericiliyi, “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhalini böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik və kaset tipli raketlərlə atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadının qətlə yetirildiyi, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadının müxtəlif dərəcəli bədən xəsarətləri almaları diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib.

Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla cəmi 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub.

Eyni zamanda, araşdırmalarla 3875 yaşayış evi və ya mənzil, 33 qeyri-yaşayış obyekti, o cümlədən 2 tam orta məktəb, 1 uşaq poliklinikası, 1 uşaq bağçası və 1 kinoteatr binası olmaqla ümumilikdə 863.700 kvadrat metr təşkil edən sahənin dağıdılması və zədələnməsi nəticəsində milyonlarla məbləğdə maddi ziyan vurulduğu bildirilib.

Bununla yanaşı, müharibədən sonra ölkəmizin Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü - “mina terroru” ilə qarşı-qarşıya qaldığı bildirilməklə 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər 44 şəxsin həlak olduğu, 216 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı xüsusi qeyd edilib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsinin müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu bildirməklə Azərbaycan Respublikasının milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Cavid Musayev çıxış edərək xarici ölkələrin dövlət və ictimai xadimləri, diplomatlar, eləcə də jurnalistlərin Gəncədə baş verənlərlə tanış olarkən Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi hərbi cinayətin bir daha şahidi olduqlarını, dünya birliyi ölkələrinin bu faciəyə real qiymət verməsinin önəmini diqqətə çatdırıb. Ermənistanın hərbi-siyasi rəhbərliyinin törədilən bütün cinayətlərə görə bilavasitə məsuliyyət daşıdığı qeyd edilib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xain hücumlar nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün müharibədən sonra dövlət başçısının müvafiq sərəncamı ilə şəhərdə bərpa işlərinə başlanıldığını, evlərinin bərpası mümkün olmayan ailələrə yeni mənzillərin verildiyini, ev əşyalarının alınmasında onlara maddi kömək göstərildiyini, hadisə qurbanlarının və onların yaxın qohumlarının qayğılarının diqqət mərkəzində saxlandığını bildirib.

13:08

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri Gəncəyə səfər edərək burada Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

“Report” xəbər verir ki, diplomatlar abidə kompleksi önünə gül dəstələri düzərək Gəncəyə raket zərbələri nəticəsində həlak olanların xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, 2020-ci il oktyabrın 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistan silahlı qüvvələrinin 5-ci raket hücumundan iki ili tamam olur. Məhz bu hücum nəticəsində 15 nəfər həlak olub, 79 nəfər yaralanıb.

12:42

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, səfər Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində iştirak etmək məqsədi daşıyır.

Anım tədbirinə diplomatlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Baş Prokurorluğun nümayəndələri, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi qatılacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri