17 
Okt
2022
13:48
232
28
1700
Virtual karabakh

Səfirlik: “Çin şirkəti getdikcə Azərbaycana daha çox sərmayə qoymaq imkanlarını araşdırır” - MÜSAHİBƏ

17 Okt, 2022
13:48
1700

Səfirlik: “Çin şirkəti getdikcə Azərbaycana daha çox sərmayə qoymaq imkanlarını araşdırır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çin və Azərbaycanı siyasi, iqtisadi, sosial və bir çox digər sahələrdə uzunmüddətli əməkdaşlıq birləşdirir. Bununla belə, iki ölkə arasında əməkdaşlığın ən mühüm istiqaməti kimi iqtisadi sektoru göstərmək olar. Belə ki, təkcə bu ilin səkkiz ayında ikitərəfli ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 939 milyon ABŞ dolları təşkil edib”.

Bu sözləri “Report”a müsahibəsində Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib. 

Həmin müsahibəni təqdim edirik:

- Səfirlik Çin və Azərbaycan arasında əməkdaşlığın hansı sahələrinin inkişafına daha çox diqqət yetirir?

- Son illər Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi altında Çin və Azərbaycan arasında siyasi qarşılıqlı etimad durmadan möhkəmlənib, səmərəli praktiki əməkdaşlıq qurulub, humanitar əlaqələr möhkəmlənib və ənənəvi dostluq dərinləşib. Azərbaycan “Bir kəmər, bir yol”un birgə tikintisində Çinin mühüm tərəfdaşıdır. Ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü fürsətindən istifadə edərək, Çin tərəfi ölkələrimizə və ümumilikdə Cənubi Qafqaz ölkələrinə daha çox imkanlar yaratmaq üçün inkişaf potensialını Azərbaycan tərəfi ilə bölüşməyə və ümumi inkişafa səy göstərməyə hazırdır.

Biz ilk növbədə ticarətin miqyasını daha da genişləndirməyə və əmtəə strukturunu təkmilləşdirməyə hazırıq. Çinin qabaqcıl istehsal sənayesi bütün dünyada məşhurdur və Çin sənayenin transformasiyasında Azərbaycana bundan sonra da yardım etməyə və Azərbaycan istehlakçılarını münasib qiymətə daha yüksək keyfiyyətli mallarla təmin etməyə hazırdır. Eyni zamanda, Azərbaycan müəssisələrini Çin bazarına çıxmasını, yüksək keyfiyyətli və tələbat olan məhsulların Çinə ixracının genişləndirməsini alqışlayırıq və bu işdə onlara dəstək verməyə hazırıq.

Biz, həmçinin alternativ və bərpa olunan enerji mənbələri, emal və istehsal, müasir kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və informasiya texnologiyaları, logistika kimi müxtəlif sahələrdə investisiya və layihə əməkdaşlığını dərinləşdirməyə hazırıq. Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikası nümayiş etdirir və əlverişli biznes mühitinə malikdir, bu səbəbdən də getdikcə daha çox Çin şirkəti Azərbaycana sərmayə qoymaq və biznes qurmaq imkanlarını fəal şəkildə araşdırır.

Bundan əlavə, biz nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməyə hazırıq. Çin coğrafi üstünlüklərini tam şəkildə həyata keçirməkdə, transsərhəd və multimodal daşıma infrastrukturunun təkmilləşdirilməsində, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarının və səmərəliliyinin artırılmasında, Çin-Avropa yük dəmir yolu əlaqəsinə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında, eləcə də Çin ilə Avropa arasında nəqliyyat daşımalarında Azərbaycanın daha fəal rol oynaması üçün daha çox yükgöndərənlərin cəlb edilməsində Azərbaycanı dəstəkləyir.

Nəhayət, biz insanların rifahı sahəsində əməkdaşlığı gücləndirməkdə və real iqtisadiyyatın inkişafına kömək etməkdə maraqlıyıq. Çin Azərbaycanın şəhər infrastrukturunun keyfiyyətli inkişafında, enerjiyə qənaət və tullantıların azaldılmasında, “yaşıl” iqtisadiyyatda, tibbi xidmətin, təhsilin və peşəkar hazırlığın təkmilləşdirilməsində fəal iştirak etməyə, eləcə də iki ölkənin maliyyə institutları arasında əlaqələrin və təcrübə mübadiləsinin təşviqinə, milli valyutalarda hesablaşmalar məsələlərini konstruktiv müzakirə etməyə, ölkələr arasında real iqtisadi əməkdaşlıq üçün daha da çox maliyyə məhsulları təqdim etməklə maliyyələşdirmə miqyasını genişləndirməyə hazırdır.

- “Bir kəmər, bir yol”un birgə tikintisi çərçivəsində Çin və Azərbaycanın hansı iqtisadi və ticari nailiyyətləri var?

- Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə cavab verən və onu fəal şəkildə dəstəkləyən ilk ölkələrdəndir. Azərbaycanın “Böyük İpək Yolunun Dirçəlişi” milli inkişaf strategiyası “Bir kəmər, bir yol”un birgə tikintisi konsepsiyasına tam uyğundur. “Bir kəmər, bir yol”un birgə tikintisində Çin və Azərbaycan arasında əməkdaşlıq iki ölkə başçılarının şəxsi iştirakı və dəstəyi sayəsində irəliləyir. COVID-19 pandemiyası, dünya iqtisadiyyatının ləng bərpası, istehsal və logistika zəncirlərinin qeyri-sabitliyi kimi bir çox mənfi amillərə baxmayaraq, Çin və Azərbaycan arasındakı ticarət sabit inkişaf tendensiyasını qoruyub. Çin Azərbaycanın ticarət tərəfdaşları arasında beşinci yerdədir və idxalın üçüncü ən böyük mənbəyidir.

İkitərəfli əməkdaşlıq neft və qazın kəşfiyyatı və istismarı, neft-qaz xidmətləri, informasiya və rabitə, emal və istehsal, alternativ və bərpa olunan enerji mənbələri, transsərhəd daşımaları kimi sahələrdə inkişaf edir. Çin şirkətləri Cənubi Qafqazın keramika istehsalı üzrə ən böyük müəssisəsinin tikintisinə sərmayə qoyur, Zəngilan rayonunda “ağıllı kənd” üçün şəbəkə infrastrukturu və qabaqcıl həlləri təqdim edir. Həmçinin yaxın gələcəkdə Çin şirkətlərinin inşa edəcəyi ümumi quraşdırılmış gücü 470 MVt olan alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edən iki yeni elektrik stansiyası layihəsinin icrasına başlanılacaq. Bundan başqa, Çin kənd təsərrüfatı və qida emalı sahəsində Azərbaycanın bir sıra layihələrində də iştirak edib. Tərəflərin birgə səyləri nəticəsində Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropaya doğru dəmir yolu ilə yük daşımalarının həcmi nəzərəçarpacaq dərəcədə artıb ki, bu da Çin və Avropa arasında transsərhəd nəqliyyat əməkdaşlığı üçün yeni imkanlar açır. Bu yaxınlarda Səmərqənddə keçirilən ŞƏT sammitində Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə qarşılıqlı dəstəyin artırılması, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, onun sabit və praktiki inkişafına kömək etmək barədə qərar qəbul ediblər. Əminik ki, gələcəkdə ölkələrimiz arasında “Bir kəmər, bir yol”un birgə tikintisi üzrə əməkdaşlıq daha da genişlənəcək.

- Ölkələrimiz arasında ticarət dövriyyəsinin artımı necədir və hansı sahələrdə artır? Gələcəkdə ticarətin həcmini artırmaq üçün hansı planlarınız var?

- Bu ilin əvvəlindən Çin və Azərbaycan qlobal istehsal və təchizat zəncirlərinin qeyri-sabitliyini və COVID-19 pandemiyasının yaratdığı təsirləri aradan qaldırıb və mənfi tendensiyalara baxmayaraq, ikitərəfli ticarəti artıra bilib. Çinin statistikasına görə, bu ilin ilk səkkiz ayında ikitərəfli ticarətin həcmi illik müqayisədə 14,7% artaraq 939 milyon ABŞ dolları təşkil edib. Bu məbləğin 211 milyon ABŞ dolları Çinin Azərbaycandan idxalının payına düşüb ki, bu da ötən illə müqayisədə 10,5% çoxdur.

Çinin Azərbaycana ixracı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,9% artaraq müvafiq olaraq 728 milyon ABŞ dolları təşkil edib. Çinin Azərbaycana əsas ixracı avadanlıq və mexaniki cihazlar (23,4% artım), elektrik maşın və avadanlıqları (55,9%) və nəqliyyat vasitələri (37,9%) olub.

Çin əməkdaşlığı genişləndirmək məqsədilə Azərbaycan müəssisələrini Çin Beynəlxalq İdxal Sərgisində (CIIE), Çin-Avrasiya EXPO-da, Çin İdxal və İxrac Sərgisində (Canton Fair), Çin Beynəlxalq Xidmətlər Sərgisində (CIFTIS), Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində (CIFIT) fəal iştirak etməyə dəvət edir. Əminik ki, hər iki tərəfin səyləri ilə Çin və Azərbaycan arasında ticarət dövriyyəsi bundan sonra da artacaq.

- Çinin son 10 ildə əldə etdiyi ən yaxşı sosial-iqtisadi nailiyyətlər kimi nəyi vurğulaya bilərsiniz?

- 2012-ci ildə Çin Kommunist Partiyasının 18-ci Milli Qurultayından keçən on il ərzində Çin misli görünməmiş qlobal dəyişikliklər və COVID-19 pandemiyasının təsiri nəticəsində daxili və qlobal inkişafda dərin və mürəkkəb dəyişikliklərə tab gətirə bildi. Ölkə çətinliklərin öhdəsindən gəldi, qabaqcıl oldu, yeniliklər etdi, yüksək keyfiyyətli inkişaf üçün səylər göstərdi, hərtərəfli yeni uğurlar qazandı.

Qeyd etmək lazım olan ilk şey dövlətin və beynəlxalq təsirin birgə gücünün əhəmiyyətli dərəcədə artmasıdır. 2013-cü ildən 2021-ci ilə qədər Çinin orta illik ÜDM artımı 6,6% təşkil edib, Çinin qlobal iqtisadi artıma töhfəsi isə 30%-i keçib. 2021-ci ildə Çinin ÜDM-i 114,4 trilyon yuan (təxminən 17,7 trilyon ABŞ dolları), Çinin qlobal iqtisadiyyatdakı payı isə 18,5% təşkil edib. Valyuta ehtiyatları 3,25 trilyon ABŞ dolları təşkil edib və bu göstəriciyə görə Çin dünya liderliyini möhkəmləndirib.

İkincisi, əsas sənaye sahələrinin və infrastrukturun tikintisinin gücləndirilməsidir. 2021-ci ildə taxıl istehsalının həcmi 680 milyon ton təşkil edib və ardıcıl yeddi il ölkədə 650 milyon tondan çox taxıl istehsal edilib. Dəmir yollarının uzunluğu 151 min km-ə, avtomobil yollarının uzunluğu isə 5,28 milyon km-ə qədər artırılıb. 1,425 milyon 5G baza stansiyası tamamlanaraq istifadəyə verilib və dünyanın ən böyük 5G şəbəkəsi yaradılıb. Həmçinin 2021-ci ildə 4,13 milyard ton xam kömür, 207,6 milyard kubmetr təbii qaz və 200 milyon tona yaxın xam neft hasil edilib; elektrik istehsal gücü 2,38 milyard kVt-a çatıb, tikilməkdə olan su, külək, günəş və nüvə elektrik stansiyalarının gücünə görə isə, Çin qeyri-mədən enerji mənbələri sahəsində qlobal liderə çevrilərək dünya lideri olub.

Üçüncüsü, hərtərəfli açıqlığın yeni strukturunun sürətləndirilmiş formalaşdırılmasıdır. Çinin ticarətinin miqyası durmadan artır. 2021-ci ildə əmtəə ticarətinin ümumi dəyəri 6,05 trilyon ABŞ dolları təşkil edib və bu göstəricidə Çin ardıcıl beş ildir dünyada birinci yerdədir. Xidmətlər ticarətinin ümumi həcmi 821,2 milyard ABŞ dolları təşkil edərək, dünyada ikinciliyi təmin edib. Ticarətin strukturu təkmilləşməkdə davam edir. 2021-ci ildə ümumi ticarətin idxal və ixracının həcmi ümumi idxal və ixracın 61,6%-ni təşkil edib. Kapital və bilik tutumlu məhsulların, eləcə də yüksək əlavə dəyərə malik xidmətlərin ixracı sürətli artım nümayiş etdirib. İkitərəfli investisiyalar yeni səviyyəyə yüksəlib. 2021-ci ildə xarici kapitaldan faktiki istifadə 173,5 milyard ABŞ dolları, birbaşa xarici investisiyaların həcmi isə 145,2 milyard ABŞ dolları təşkil edib. 2013-2021-ci illər ərzində ümumi qeyri-maliyyə birbaşa xarici investisiyalar 1,13 trilyon ABŞ dolları təşkil edib. Bu göstəriciyə görə də Çin dünya lideridir.

Dördüncüsü, “Bir kəmər, bir yol”un birgə tikintisinin verdiyi nəzərəçarpacaq nəticələrdir. 2021-ci ilin sonuna kimi Çin və 170-dən çox ölkə və beynəlxalq təşkilat “Bir kəmər, bir yol”un birgə tikintisinə dair 200-dən çox sənəd imzalayıb. 2013-cü ildən 2021-ci ilə qədər Çin və “Bir kəmər, bir yol” boyunca yerləşən ölkələr arasında idxal və ixracın həcmi orta illik artım tempi 7,5% olmaqla 6,5 ​​trilyon yuandan 11,6 trilyon yuana (təxminən 1,62 trilyon ABŞ dolları) yüksəlib; bu ölkələrə ümumi birbaşa investisiyalar 161,3 milyard ABŞ dollarına çatıb. Çin-Avropa marşrutu üzrə dəmir yolu nəqliyyatı ilə daşımalar sürətlə inkişaf edir. 2022-ci ilin yanvar ayına olan məlumata görə, 50 mindən çox reys göndərilib. Təkcə bu ilin yanvar-iyul ayları ərzində 8,99 min reys həyata keçirilib və 869 min TEU (“twenty-foot equivalent unit” - iyirmi ayaq ekvivalenti vahidi) göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3% və 4% çoxdur. İndiyədək Çin 21 azad ticarət zonası yaradıb və 26 ölkə və regionla 19 azad ticarət sazişi imzalayıb. 2022-ci il yanvarın 1-də Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq (RCEP) qüvvəyə minib və dünyanın ən böyük azad ticarət zonası rəsmən fəaliyyətə başlayıb.

Oktyabrın 16-da Pekində başlayan Çin Kommunist Partiyasının 20-ci Milli Konqresində Çinin növbəti beş il və hətta daha da uzun müddət üçün inkişafının məqsəd və vəzifələri elmi yanaşma ilə müəyyən ediləcək. Çin bütün dünya ölkələri ilə, o cümlədən Azərbaycanla əl-ələ verib bəşəriyyət üçün ortaq tale cəmiyyəti yaradacaq və daha gözəl dünya uğrunda mübarizə aparacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri