19 
Okt
2022
10:56
152
34
2570
Virtual karabakh

Darya Qrevtsova: “İrəvanın arzusu Qarabağdakı rusiyalı sülhməramlıları avropalılarla əvəzləməkdir” - MÜSAHİBƏ

19 Okt, 2022
10:56
2570

Darya Qrevtsova: “İrəvanın arzusu Qarabağdakı rusiyalı sülhməramlıları avropalılarla əvəzləməkdir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrəvan şərti Ermənistan-Azərbaycan sərhədinə KTMT-dən müşahidəçilərin gəlməsini faktiki olaraq əngəlləyib, amma eyni zamanda öz ölkəsində Avropa missiyasının olmasına razılıq verib. Aİ xarici işlər nazirləri, təbii ki, dərhal Ermənistana onlarla müşahidəçinin göndərilməsinə razılıq veriblər. Bundan əlavə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, İrəvan Azərbaycanla sərhədə müşahidəçilərin göndərilməsi üçün artıq ATƏT-ə müraciət edib.

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova vəziyyəti Oxu.Az-a şərh edib:

- İrəvanın bu cür davranışını necə izah etmək olar?

- Bunu İrəvanın Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərlə bağlı Rusiyanın davranışından məyus olması ilə izah etmək olar. İrəvan ümid edirdi ki, Moskva erməni tərəfinin mövqeyini qəbul edəcək və dəstək verəcək, çünki Ermənistan Rusiya ilə ümumi inteqrasiya birliklərindədir (KTMT və Aİİ). Amma Rusiya neytral mövqe tutdu və bunu birbaşa İrəvana göstərdi, ona isə bu siqnal xoş gəlməyib. Ermənistanla Azərbaycan sərhədində son gərginlikdən sonra narazılıq daha da güclənib, çünki KTMT qoşun yeritmədi. Amma onsuz da təşkilat bunu etməməli idi.

Narazılıq doğuran daha bir məqam: Moskva və Bakı İrəvanı noyabrın 10-da üçtərəfli bəyanatın bəndlərinə əməl etməyə çağırır. Ermənistan bunu etmək istəmir, çünki Qarabağın tamamilə Azərbaycana məxsus olması ilə hələ barışmayıb, vəziyyəti dəyişmək istəyir və bu baxımdan ona kömək edəcək tərəfdaşlar axtarır.

- Bu o deməkdir ki, Ermənistan hakimiyyəti nəhayət ki, Qərb vektorunu seçib?

- Ermənistan ABŞ və Fransanı özünün himayədarları hesab edir. Ermənistan rəhbərliyinin indi əsas vəzifəsi Qarabağdakı rusiyalı sülhməramlıları avropalılarla əvəz etməyə çalışmaqdır. Bu, Ermənistan üçün çox sərfəli olacaq, lakin Qərbdə anti-Azərbaycan və anti-Rusiya siyasətlərinin aparıldığını çox yaxşı bilən Bakı və Moskva üçün heç də sərfəli deyil. Aydındır ki, Azərbaycana münasibətdə Qərbin bu cür hərəkətləri ABŞ və Fransadakı erməni lobbisinin işi ilə bağlıdır. Bundan əlavə, erməni icmaları bu ölkələrdə fəaliyyət göstərən prezidentlərin seçicilərinin bir hissəsidir.

Ermənistanın hiyləgər planı ondan ibarətdir ki, Avropadan olan müşahidəçilər KTMT-dən monitorinq missiyası keçirə bilən və hətta hazır olan müşahidəçiləri sıxışdırırlar. İrəvan bunu məqsədli şəkildə Rusiya Federasiyasının regionda təsirini azaltmaq və Qərb qüvvələrini bura gətirmək üçün edib ki, bu da erməni tərəfinin fikrincə, vəziyyəti dəyişməyə və Qarabağı Ermənistana “qaytarmağa” kömək edəcək.

Eyni zamanda, Ermənistan rəhbərliyi həm Rusiya Federasiyası, həm də Qərblə eyni vaxtda əməkdaşlıq edərək bir əlində iki qarpız tutmağa çalışır. Baxmayaraq ki, son bir neçə ay ərzində İrəvanın Qərbə doğru güclü meyli artıq göz qabağındadır. Yadınıza salın ki, qısa müddətdə ABŞ və Fransadan nə qədər siyasətçi, deputat, dövlət xadimi, parlamentari İrəvana səfər edib.

- MDB KTMT-nin müşahidəçisinə çevrilir. İrəvan MDB-nin KTMT-də müşahidəçi statusuna malik olmasından hiddətlənib, çünki “Lragir” qəzetinin yazdığı kimi, bu, Azərbaycanın belə status alması deməkdir...

- Azərbaycan KTMT-nin üzvü deyil. Əgər bunu istəsəydi, Ermənistan ərizəni bloklayardı. Ancaq maraqlı bir həll tapıldı. MDB müşahidəçi statusuna malikdir və bu, Bakıya öz ideyalarını ifadə etməyə və KTMT-də gedən proseslərdən xəbərdar olmağa imkan verir.

- Ermənistandakı bir çox siyasi qüvvələrin uzun müddətdir ki, təkidlə irəli sürdüyü kimi İrəvanın KTMT-dən çıxacağı ehtimalı varmı? Üstəlik, hətta Ermənistan parlamentinin spikeri Alen Simonyan da bu yaxınlarda Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə KTMT-də səmərəliliyin olmamasından qəzəbləndiyini bildirib. Hətta bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da oxşar bəyanatlar vermişdi.

- Təbii ki, Ermənistanın KTMT-dən çıxma ehtimalı var. Həqiqətən də Ermənistan Respublikasında bir çox qüvvələr bunda israrlıdır. İrəvanda da insanları bu təşkilatı tərk etməyə çağıran aksiyalar olub. Amma Ermənistan, artıq qeyd etdiyim kimi, müxtəlif meydanlarda oynamağa çalışacaq hiyləgər oyunçudur. Deməli, ölkə birdən-birə KTMT-dən çıxıb Qərbin qucağına düşməyəcək. İrəvanın Rusiya ilə sövdələşməyə hələ də əsası var, çünki Ermənistanın KTMT-dən çıxması Moskva üçün sərfəli deyil.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri