20 
Okt
2022
17:54
307
10
758
Virtual karabakh

Ekspert: “Zəngilan azad edilən ərazilərimizdə iqtisadi güc mərkəzi olacaq” - FOTO

20 Okt, 2022
17:54
758

Ekspert: “Zəngilan azad edilən ərazilərimizdə iqtisadi güc mərkəzi olacaq” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zəngilan Beynəlxalq Hava Limanının açılışı gələcəkdə bu rayonun iqtisadi güc mərkəzinə çevrilməsində önəmli rol oynayacaq.

Bu barədə “Report”a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O, qeyd edib ki, Zəngilanda hava limanının açılışı özündə bir çox ciddi məqamları ehtiva edir:

“Zəngilan ən inkişaf etmiş rayonumuz ola bilər”.

E. Əmirov hesab edir ki, bu proses dünya və region ölkələrinin diqqət mərkəzindədir:

“Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 km-dən bir qədər artıqdır. Saatda 200 sərnişinə xidmət etmək imkanı bu hava limanını diqqət mərkəzinə çəkən və bölgənin inkişafı üçün geniş imkanlar yaradan göstəricidir. Amma regionda müəyyən proseslərdə razılıqların əldə edilməsindən sonra hava limanının saat üzrə iki yüz nəfərlik sərnişinə xidmət göstərməsi kifayət etməyəcək.

Belə ki, bu hava limanından daha böyük sərnişin kütləsi istifadə edəcək. Çünki Zəngəzur dəhlizinin açılacağı təqdirdə Zəngilan rayonu Azərbaycanın ən inkişaf etmiş rayonuna çevriləcək. Şuşa şəhəri işğaldan azad etdiyimiz ərazilərin mənəvi və mədəni mərkəzidir. Zəngilanın isə iqtisadi güc mərkəzi olacağını düşünürəm”.

Onun sözlərinə görə, hazırda cərəyan edən proseslər Zəngilanı tədricən bir iqtisadi güc mərkəzinə çevirəcək:

“Bunun əsas səbəbləri Zəngilanın iqtisadi potensialı, relyefi, oradakı “Vejnəli” yatağı, rayonun kənd təsərrüfatı üçün yararlı olması və coğrafi koordinatlarıdır”.

Şərq-Qərb dəhlizi Zəngilandan keçə bilər

Ekspert bildirib ki, Zəngilanın əhəmiyyətini artıran digər səbəb Şərq-Qərb dəhlizinin bu rayondan keçməsi potensialının mövcudluğudur:

“Şərq-Qərb dəhlizi özündə üç dəhlizi birləşdirir. Bunlar Yuxarı, Orta və Aşağı dəhlizlərdir. Yuxarı dəhliz Çin, Yaponiya, Cənubi Koreyadan başlayır Rusiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Qara dəniz vasitəsilə Avropaya uzanır. Orta dəhliz Çindən keçərək Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə, Qara dəniz və Avropa ölkələrini əhatə edir. Aşağı dəhlizdə isə Rusiya və Qazaxıstan yoxdur. Bu dəhliz Çindən Qırğızıstana, oradan Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçməklə Qara dəniz vasitəsilə Avropaya çatır . Düşünürəm ki, getdikcə Aşağı dəhlizin də imkanları artacaq.

Hazırda bu üç marşrutun heç biri işğaldan azad olmuş ərazilərimizdən keçmir. Amma Zəngəzur dəhlizinin açılması ilə bu dəhlizin Gürcüstan deyil, məhz Zəngəzur dəhlizi üzərindən Türkiyəyə çatması və daha rahat şəkildə ixracın, logistik fəaliyyətin həyata keçirilməsi mümkün olacaq”.


Zəngilan türk dünyasının inteqrasiya prosesində önəmli rol oynayacaq

E.Əmirov Zəngilanın inkişafına töhfə verəcək səbəblər sırasında Türkiyənin Orta Asiyaya çıxış imkanları məsələsini də qeyd edib:

“Türkiyə 500 milyard ABŞ dollarına yaxın ticarət dövriyyəsinə sahib ölkə olsa da, onun Orta Asiya ölkələri ilə ticarət dövriyyəsinin səviyəsi çox aşağıdır. Bunun da əsas səbəbi Orta Asiya və Türkiyə arasında logistik imkanların məhdudluğudur. Zəngəzur layihəsi reallaşandan sonra Türkiyə Orta Asiyaya məhz bu istiqamətdən çıxacaq. Bu da vahid türk dünyasının inteqrasiya problemini həll edəcək və böyük ticari dövriyyələr formalaşdıracaq”.

Zəngilanda gələcəkdə azad iqtisadi zona yaradıla bilər

O hesab edir ki, sadalanan dividendlər Zəngilan rayonuna inkişaf baxımından digər inzibati rayonları ötüb keçmək şansı verir.

“Düşünürəm ki, illər sonra Zəngilanda dəniz sahilində olmayan, Azərbaycanda birinci, dünyada isə az saylı azad iqtisadi zonalardan birinin yaradılması mümkündür. Zəngilanın logistik hab olması perspektiv olaraq burada azad iqtisadi zonanın yaradılmasına imkan yaradacaq”, - deyə müsahibimiz əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri