21 
Okt
2022
10:06
357
21
2086
Virtual karabakh

Zəngilan aeroportunun izi ilə: Ərdoğanla Əliyevin planları, rəqibləri nəticələrə hazırlamaq - TƏHLİL

21 Okt, 2022
10:06
2086

Zəngilan aeroportunun izi ilə: Ərdoğanla Əliyevin planları, rəqibləri nəticələrə hazırlamaq - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələrək Zəngilan beynəlxalq hava limanının açılışında iştirak etdi.

Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Zəngilanda və Cəbrayılda bir sıra açılış tədbirlərinə də qatıldı, dövlət başçıları ikitərəfli təkbətək görüş keçirdi.

Ərdoğanın səfər qrafikinin tablosu Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin həm simvolik əhəmiyyətini özündə ehtiva edirdi, həm də hərbi-siyasi birlik modelinin bərkidilməsinə xidmət edən yeni planların hazırlanmasının göstəricisi kimi böyük ölçülü məna tutumuna malik idi.

Ötən il işğaldan azad edilmiş ərazilərin Qarabağ iqtisadi rayonuna düşən coğrafiyasında, Füzulidə aeroport istifadəyə verildi, bu cür avialayihələrin davamı isə Şərqi Zəngəzurdakı Zəngilanda baş tutdu.

Hava limanları hərbi-siyasi infrastrukturun tərkib hissəsi olduğundan, Ərdoğanın həm Füzuli, həm də Zəngilan aeroportlarının açılışına qatılması regional səmada təhlükəsizliyin qorunmasında Ankaranın rolunun artdığının əlaməti kimi şərh edilə bilər.

Aeroportların ölkələr üçün strateji əhəmiyyəti ondan ibarətdir ki, hava hücumundan müdafiə strategiyasını beynəlxalq mərkəzləşmiş idarəetmə sistemi çərçivəsinin içərisinə daxil edir.

Məntiq müdafiə sistemlərinin təkmilləşdirilməsini labüd edir ki, bu da Əliyevlə Ərdoğanın işğaldan azad edilmiş ərazilərin təhlükəsizlik mühitindəki aeroportların rolunu hərbi yüklərin daşınması ilə də reallaşdırmağı planlaşdırmasına gətirib çıxarır.

Ərdoğanın səfərində Əliyevlə təkbətək görüşməsi təhlükəsizlik şəraitinin yeni siyasi çalarlarla immunitetinin gücləndirilməsi baxımından xüsusi önəm daşıyırdı.

Beynəlxalq siyasi nizamın pozulması səbəbindən enerji resurslarına olan ehtiyacların artması zəngin təbii sərvətlərə malik olan Azərbaycana cazibə mərkəzində çəki qazandırır.   

Bununla bərabər Azərbaycanın Avropa və Asiya arasındakı beynəlxalq ticarət, nəqliyyat-kommunikasiya xətləri qovşağındakı geosiyasi mövqeyi də qlobal gərginlik səbəbindən regionda sabitliyin pozulmasına, milli təhlükəsizlik üçün təhdidlərin yaranmasına gətirib çıxara bilər.

Ona görə də, Azərbaycanla Türkiyə təhlükəsizlik üçün artan təzyiqlərin önünə keçmək vəzifələrini birlikdə inkişaf etdirirlər və Ankara Bakının strateji zəmanətçisi kimi önə çıxır.

Bu platforma Azərbaycanla Türkiyənin əməkdaşlığının regional çərçivələrdən çıxaraq beynəlxalq səviyyəyə qalxması prosesini sürətləndirir, Əliyevlə Ərdoğan görüşlərdə həmin mövzunu da diqqətdə saxlayıblar.

Türkiyə beynəlxalq və regional səviyyədəki maraqlarını təhsil, elm, iqtisadiyyat, ticarətlə də təmin edir və bu, sonra Ankaranın hərbi mövcudluq dairəsinin böyüməsi üçün münbit şəraitlər yetişdirir.

Ona görə də, Türkiyə şirkətlərinin Qarabağda və Şərqi Zəngəzurdakı investisiya portfelləri Ankaranın Azərbaycana verdiyi təhlükəsizlik töhfələri üçün əlavə stimullar kimi qiymətləndirilməlidir.

Ərdoğanın səfərini son günlər İrandan Azərbaycana qarşı ucalan hədələr fonunda da şərh etmək yerinə düşər, düşünmək üçün kifayət qədər əsaslar var ki, Azərbaycan və Türkiyə liderləri bağlı qapılar arxasında Tehranın qızışdırıcı ritorikasını da müzakirə predmetinə çeviriblər.

Əliyevin Ərdoğanla mətbuata birgə bəyanat zamanı soyuqqanlı tərzdə dediyi bu cümlə həmin istiqamət üzrə danışığın kodunu açan formul hesab olunmalıdır.

SİTAT: “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.

Bu bəyanat təkcə İrana qarşı deyil, həm də Rusiya-Ukrayna müharibəsinin coşdurduğu qlobal emosiyaları Cənubi Qafqaza da daşımaq istəyənlərə mesajdır və əks qütblərdə olan güclər hərəsi öz payını götürməlidir.

Təhdidlərin üfüqlərdə bərq vurduğu zamanlarda Zəngəzur dəhlizinin açılması qarşısındakı maneələrin də aradan qaldırılması Bakı-Ankara gündəliyində prioritet təşkil edən mövzudur.

Gələcək üçün Türkiyə tərəfindən də işarələr verilir ki, Zəngəzur dəhlizi nəyin bahasına olursa-olsun açılacaq və buna qarşı çıxan Ermənistan, dəhlizin iqtisadi deyil, strateji əsaslarından narahat olan İran ortaya çıxacaq nəticələrə görə məsuliyyəti özləri daşıyacaqlar.

Ərdoğan hələlik bunu yumşaq tonda dilə gətirib, o deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur”.

Dəhlizin açılmasını stimullaşdıracaq digər bir əlavə də hazırlanmaqdadır, Əliyevlə Ərdoğan Qumlaq dəmir yolu stansiyasının təməlini qoyarkən onlara bir layihə haqqında verilən məlumat həmin arqumenti gücləndirir.

Belə ki, Ələt-Ağbənd-Naxçıvan-Qars dəmir yolu layihəsi masadadır ki, bu da Zəngəzur dəhlizinin tərkib hissəsi kimi şöhrət qazanan marşrut olmaq gücünə sahiblənə bilər.

Regiondakı dəmir yolu layihələrində, limanlarda Çin investisiyalarının çoxluğu isə regional panorama üçün Pekinin Cənubi Qafqaz üzrə maraqlarını artıracaq və şübhə etməmək lazımdır ki, Pekin həmin dəmir yolu layihəsini də özünün artan iqtisadi ekspansiya siyasətinin çərçivəsinə daxil edəcək.

PROQNOZLAR:

Azərbaycanla Türkiyə strateji müttəfiqlik əlaqələrini hərbi birlik modelini rəsmiləşdirmək səviyyəsinə qaldıracaq.

Ermənistanın Zəngəzur dəhlizinə qarşı dirənişi onun növbəti itkilərə məruz qalması ilə nəticələnəcək, mümkündür ki, Əliyevlə Ərdoğan danışıqlarında həmin nəticəni ərsəyə gətirəcək hərbi güc tətbiqi barədə dəqiqləşdirmələr aparıblar.

Rusiya bu nəticələrə əsaslı qarşı çıxan addımlar atmayacaq, çünki regiondakı Türkiyə mərkəzli layihələr Moskva üçün problem yaratmayacaq.

İran isə Türkiyənin dəstəyi ilə Azərbaycanın sərhəddəki hərbi manevrlərinin Ermənistan üçün yaradacağı itkilərlə razılaşmaq məcburiyyətində qalacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri