21 
Okt
2022
15:44
198
15
1119
Virtual karabakh

“Beynəlxalq hava limanları azad olunmuş ərazilərə dünyanın açılan qapılarıdır” - RƏY + FOTO

21 Okt, 2022
15:44
1119

“Beynəlxalq hava limanları azad olunmuş ərazilərə dünyanın açılan qapılarıdır” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan azad edilmiş ərazilərdə hava limanları tikməklə gələcək çağırışlara indidən hazırlaşır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı bu gün ölkə tarixinin əlamətdar gününü yaşayır: “İki il əvvəl Zəngilan erməni işğalından azad olunub. Bu gün isə Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Prezident İlham Əliyev Zəngilan Beynəlxalq Hava Limanının açılışını edib. Açılışda Türkiyə dövlət başçısının iştirakı ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” müdrik kəlamların real həyatda öz əksinin tapması deməkdir. Zəngilan aeroportu işğaldan azad edilmiş ərazilərdə son iki ildə açılan ikinci limandır. Bu hava limanlarının siyasi, iqtisadi və hərbi əhəmiyyəti çox böyükdür. Siyasi əhəmiyyəti, ilk növbədə, Türkiyənin yanımızda olmasıdır. Son iki ildə işğaldan azad olunmuş torpaqlarda görülən işlər buraya əsl sakinlərinin qayıtmasına vəsilə olub. Çünki ermənilər torpaqlarımızı işğal altında saxladıqları 30 ildə daşı-daş üstə qoymayıb, ancaq dağıtmaqla məşğul olublar. Çünki işğal etdikləri torpaqların Azərbaycana məxsus olduğunu və nə vaxtsa geri alınacağını yaxşı bilirdilər”.

Deputat bildirib ki, beynəlxalq hava limanlarının azad olunmuş ərazilərdə istifadəyə verilməsi həyata keçirilən layihələri sürətləndirir və böyük qayıdışı daha da tezləşdirir: “Yəni icra olunan layihələr üçün vacib avadanlıqların daşınmasında və qısa zaman kəsiyində çatdırılmasında hava limanlarının rolu əvəzsizdir. Aeroportlar istifadəyə verilən ərazilərdə yüksək texnologiyalar sürətlə inkişaf edir. Bu baxımdan azad olunmuş ərazilərdə yaşayan insanların müasir ixtisaslara yiyələnməsi və işsizliyin aradan qaldırılmasında hava limanları böyük əhəmiyyətə malikdir. Beynəlxalq hava limanları azad olunmuş ərazilərə dünyanın açılan qapılarıdır”.

A.Badamov Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına səfər etmək istəyən xarici turistlərin Bakıya gəlməsinə ehtiyac qalmadığını söyləyərək onların birbaşa hava nəqliyyatı vasitəsilə Füzuliyə, Zəngilana və Laçına gələ biləcəklərini vurğulayıb:

“Bu da azad olunmuş ərazilərin turizm sektorunun inkişafına töhfə verəcək, öz vətəndaşlarımızın rahatlığına xidmət edəcək. Gələcəkdə isə hava nəqliyyatı adiləşəcək və insanlar daha çox təyyarələrdən istifadə edəcək. Biz azad edilmiş ərazilərimizdə hava limanları tikməklə gələcək çağırışlara indidən hazırlaşırıq. Azad olunmuş ərazilərdə tikilən hava limanlarının hərbi strateji baxımdan əhəmiyyəti böyükdür. Aeroportlar vasitəsilə lazım gələndə hərbi yüklər və qoşun növlərinin dislokasiyası və yerləşdirilməsini operativ və qısa zaman kəsiyində icra etmək mümkün olacaq. Bu da gələcəkdə baş verə biləcək hər hansı bir xarici təhdidə indidən hazır olmaq deməkdir. Eyni zamanda pilotsuz uçuş aparatlarının hərəkəti və döyüş tapşırıqlarının qısa zamanda həyata keçirilməsi üçün hava limanlarının xüsusi əhəmiyyəti olacaq. Beləliklə, çox uğurlu və vacib bir layihənin açılışı həyata keçirildi. Bu münasibətilə Azərbaycanı sevən hər kəsi təbrik edirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri