23 
Okt
2022
11:56
592
49
2933
Virtual karabakh

“Etirazlar bu şəkildə davam edərsə, İranda bəzi dəyişiklikləri görə bilərik” - ŞƏRH + FOTO

23 Okt, 2022
11:56
2933

“Etirazlar bu şəkildə davam edərsə, İranda bəzi dəyişiklikləri görə bilərik” - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün yeniyetmə və gənclərin İran rejiminə qarşı nümayişləri ikinci aya qədəm qoyub. Son illərdə İranda molla rejiminə qarşı az-çox xalq etirazları müşahidə olunur”. 

Bunu Oxu.Az-a açıqlamasında İranın daxili siyasəti üzrə eksperti Babək Çələbyanlı deyib. 

O bildirib ki, son etirazlar əvvəlkilərdən bir neçə cəhətinə görə fərqlənir:

“Birincisi, son etirazlar İranın əxlaq polisi tərəfindən gənc qadının öldürülməsi ilə başladı. Təbii ki, xalq çox qəzəbləndi, amma rejim heç vaxt qətli öz üzərinə götürməyib və yalanlar yaymağa davam edir. İkincisi, son iki onillikdə azərbaycanlılar müəyyən səbəblərdən etirazlara qoşulmaq istəməyiblər. Bunun əsas səbəblərindən biri də 22 may 2006-cı il hadisələrində azərbaycanlıların tək qalmasına münasibəti, həmin hadisədə İranın rəsmi qəzeti türkləri hamam tarakanlarına bənzətməsidir. Bir ay ərzində Güney Azərbaycanda keçirilən etiraz aksiyalarında da azərbaycanlılara dəstək verən olmadı. Həmçinin, Urmiya gölü etirazlarında.  

Bir sözlə, Azərbaycan həmişə rejimə qarşı təkbaşına mübarizə aparıb. Digər qeyri-fars xalqlar da, o cümlədən, ərəblər, bəluclar və kürdlərdə də belə olub. Yəni bu günə qədər İranda zülm altında olan xalqlar təkbaşına və müxtəlif vaxtlarda mübarizə aparıblar. Bu molla rejiminin xeyrinə olub, çünki rejim onları asanlıqla sıxışdıra bilib.

Lakın gənc yaşlı Məhsa Əmininin saçının bir hissəsi açıq olduğu üçün İran əxlaq polisi tərəfindən öldürülməsi bütün İranda yeniyetmə və gənclərin gözlənilməz reaksiyasına səbəb oldu. Gənc qadınlar ictimai yerlərdə hicabı çıxararaq etiraz etdilər. Bu dəfə qadın və insan haqları uğrunda başlanan etirazlara azərbaycanlılar səssiz qalmayaraq, ölkədə gedən etirazlara dəstək verdi.

Üçüncü amil: iranlı məşhurların, xalq artistlərinin, idmançıların və beynəlxalq ictimaiyyətin etirazlara geniş dəstək verməsidir. 

İran rejimi son bir ayda bu etirazları yatıra bilməyib. Çünki ölkənin hər yerinə səpələnmiş etirazlar davam edir, 85 milyonluq cəmiyyətdə belə etirazları yatırtmaq o qədər də asan deyil. Və etirazların davam etməsi ilə repressiv qüvvələr çox yorulub. Bəzi hallarda polis qüvvələri xalqı repressiya etmək istəmir. Görünür, etirazlar bu şəkildə davam edərsə, İranda bəzi dəyişiklikləri görə bilərik. Lakin bu molla rejiminin İslam qanunlarını dəyişəcəyi anlamına gəlmir, İran rejimi süqut anına qədər bütün gücü ilə etirazlara müqavimət göstərəcək. İran rejimi həm də özünü bu çətin vəziyyətdən xilas etmək üçün xarici ölkə ilə qısamüddətli münaqişə axtarır.

Bu səbəbdən də rejim dəfələrlə İranın parçalanma təhlükəsindən danışıb və etirazları nəzarət altına almaq üçün kürd separatçılarının varlığını bəhanə edərək, Şimali İraqı raketlərlə bombalayıb. İran İnqilabı Keşikçiləri Korpusunun Araz çayı sahilində hərbi təlimi də bu istiqamətdədir. İİKK komandirlərinin Azərbaycan Respublikasına qarşı təkəbbür və təbliğatına baxmayaraq, İran rejimi Azərbaycan Respublikasının ərazisinə hücum və təcavüz etməyə cəsarət edə bilməz. Belə bir məsələ olduğu halda, İran Tehran küçələrində azərbaycanlılarla savaşmalıdır”.

Babək Çələbyanlının sözlərinə görə, rejim Azərbaycanın dəstəyindən son dərəcə narahat və qəzəblidir.

“Elə buna görə etirazların üçüncü günündə Təbrizdə 1700 nəfər həbs edilib. Güney Azərbaycanın digər şəhərlərindəki həbslərin statistikası İranın bölgələrindən daha çoxdur. Eləcə də öldürülən azərbaycanlıların sayı digər xalqlardan çoxdur. Hədis Nəcəfi və Əsra Pənahi kimi azərbaycanlı qızlar Kərəc və Ərdəbil şəhərində İran rejimi tərəfindən qətlə yetirilib”.

Ekspert bildirib ki, İranda 30 milyondan çox azərbaycanlının olmasına baxmayaraq, öz hüquqlarından, o cümlədən ana dilində təhsil almaqdan və digər sosial hüquqlardan məhrumdurlar:

“Əsasən İran rejimi şiə dini adı altında aşırı fars millətçiliyi əsasında qurulub. Və bu səbəbdən də Azərbaycanın türk kimliyi onun düşməni kimi müəyyən edilib. Amma İran rejimi 200 minlik erməni azlığının hüquqlarını tanıyıb. Ermənilərin İranda öz məktəbləri var və bütün mədəni və sosial hüquqlardan istifadə edirlər. İran rejimi erməni azlığının hüquqlarını tanımaqla, dünya ictimaiyyətinə güya İranda heç bir ayrıseçkiliyin olmadığını və bütün azlıqların öz hüquqlarına malik olduğunu bildirmək istəyir.

Azərbaycanlılar hazırda İranın molla rejiminin müstəmləkəsindədirlər, lakin Azərbaycan xalqının “Azərbaycan Milli Hərəkatı” altında apardığı mübarizə yaxın gələcəkdə arzu olunan nəticəni verəcək və müqəddəs Azərbaycan bayrağının Təbrizdə dalğalanmasının şahidi olacağıq”. 

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri