22 
Okt
2022
12:34
595
37
5535
Virtual karabakh

Əliyev Türkmənçay müqaviləsini gündəmə gətirir: Böyüyən hədəflərdə kim hansı nöqtədədir? – TƏHLİL

22 Okt, 2022
12:34
5535

Əliyev Türkmənçay müqaviləsini gündəmə gətirir: Böyüyən hədəflərdə kim hansı nöqtədədir? – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-İran münasibətlərindəki dərin qarşılıqlı inamsızlıq hər iki tərəfin artan narazılığı ilə müşayiət edilməkdədir.

Azərbaycan onsuz da istər Qarabağ münaqişəsi zamanı, istərsə də, 44 günlük Vətən müharibəsindən sonra İranın hərəkət və niyyətlərindən genişlənən şübhələrinin doğrulduğunu bəzi dəlillərlə ortaya qoyub.

Bakı İrəvan qarşısındakı tələblər və şərtlər seriyasının müəyyən nəticələrini hərbi güc tətbiqi vasitəsilə ərsəyə gətirdikdən sonra İranın potensial təxribatları aşkar şəkildə üzə çıxıb və Tehrandan regional sülh və təhlükəsizlik üçün təhdid sayıla biləcək səslər ucalıb.

Təhdid meyillərinin alovlandığı zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Hava Limanının açılışına gəlməsi və Ankaranın Bakı ilə strateji müttəfiqlik əlaqələrindən irəli gələn vəzifələrin bəyan edilməsi Tehranın yarada biləcəyi təhlükə oxlarını sarsıdır.

Bunun ardınca isə, oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən verdiyi mesajın məzmununda İrandakı azərbaycanlı faktorunu mərkəzdə tutub.

SİTAT: “Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir”.

Əliyev bundan əvvəl iki dəfə sətiraltı da olsa, Gülüstan və Türkmənçay müqavilələrini gündəmə daşımışdı, məsələn, 2021-ci ildə Cəbrayılda İranla yaşanan gərginlik fonunda ismarış ötürmüşdü ki, ortada həm 1920-ci ilin, həm də Çar Rusiyasının xəritələri var. Prezident bunu Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və İranın burada hansı nöqtədə dayanması mənasında ifadə etsə də, Tehrana digər mesajları da özündə ehtiva edirdi.

Əliyev 2022-ci ilin sentyabrın 21-də Laçında Azərbaycan bayrağını ucaldarkən də yenidən hədəfin böyük qoyulduğunu bu cümlə ilə dilə gətirmişdi ki, Azərbaycan delimitasiya ilə bağlı XIX və XX əsrin xəritələrini hazırlayıb.

Əliyevin ötən gün Amreyevlə görüşündə İrandakı soydaşlarımızın hüquqlarına vurğu etməsi onun bəyanatlarının Tehranın hədələri fonunda davamını gətirməsi idi.

Bütün bunlar regional və beynəlxalq nizam qaydalarının format olunması prosesində nəhəng güclərin İrana qarşı oyun qaydalarının təsvirini verməyi də aktuallaşdırır.

İranda İslam Respublikasının ideoloji bazasını dağıda biləcək və ölkənin sərhədlərini dəyişdirmək iqtidarında olan üç əsas etnik güc var: kürdlər, bəluclar və azərbaycanlılar.

Ancaq İrana qarşı tutumu olan dövlətlərin hər üç “tuza” yanaşma tərzindəki fərqlilik regionda maraqlar toqquşmasını kəskinləşdirir, məsələn kürdlərə, bəluclara yatırım ABŞ-a və Britaniyaya sərf edirsə, Türkiyə bundan narahatlıq keçirir, azərbaycanlılara qoyulacaq sərmayə isə oyun qaydalarında əks tərəflərdə dayanan qlobal oyunçuların maraqlarına uyğun gəlir.

İranın Azərbaycanla İsrailin strateji əlaqələrini böyük həyəcanla tənqid etməsi isə Təl-Əvivi Bakı ilə daha da yaxınlaşdırır və münasibətlər hərbi-siyasi və iqtisadi dəyərlər müstəvisində özünün yüksəliş dövrünü yaşayır.

İrandakı etirazların qızışması və müxtəlif etniklər arasında da molla rejimi əleyhinə narazılıqların artması ABŞ-ın da, Britaniyanın da, İsrailin də, hətta Rusiyanın da Tehranla bağlı siyasətinə potensial təsir göstərmək qabiliyyətlərini inkişaf etdirəcək.

PROQNOZLAR:

İran daxilindəki etirazlara xarici strateji “investorlar”ın daxil olan maraqları böyüyür və bu, Tehrana qarşı planların həlledici mərhələdə olduğunun indikatorudur.

Azərbaycanla Türkiyə isə ssenarilərdə öz yerini tutmaq üçün İran mövzusunda dərin strateji məsləhətləşmələr həyata keçirəcək və onların soydaşlarımıza dəstəyi müxtəlif formalarda təzahür edəcək.

İranın oyun qaydalarını poza biləcək diplomatik məharəti zəifləyəcək, istər Qərb, istərsə də İsrail tərəfdən edilən təzyiqlər davamlı hal aldıqca İran çarəsiz duruma düşəcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri