22 
Okt
2022
17:09
90
261
4260
Virtual karabakh

Nüvə təhdidləri, Rusiyanı çəkindirən amil, Moskvanın Ukraynanı dağıtmaq üçün yeni planı – TƏHLİL

22 Okt, 2022
17:09
4260

Nüvə təhdidləri, Rusiyanı çəkindirən amil, Moskvanın Ukraynanı dağıtmaq üçün yeni planı – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya-Ukrayna müharibəsinin davam etməsi Moskvanın nüvə silahı şantajları ilə rəqiblərini boyun əydirmək meyli yüksələn xətlə artır.

Ukrayna hakimiyyəti və Qərb hələlik Rusiyanın Ukraynada yaratdığı ərazi dəyişiklikləri ilə razılaşmamaqda prinsipiallıq göstərir. Üstəgəl, Qərbin nüvə gücləri olan ABŞ və Britaniya Moskvanın nüvə təhdidlərinə cavab tədbirlərini masaya qoyurlar.

Ukrayna meydanında əks-qütblərdə dayanan güclərin strateji iştahalarının artması müharibənin daha fəlakətli sonluqla nəticələnməsi versiyalarını gücləndirir.

Hərçənd ki, təsirin əks təsirə bərabər olması prinsipləri Rusiyanın təhdidlərinə cavabda da özünü göstərir, Qərbin anti-nüvə tədbirlərinə hazırlığı Moskva üçün çəkindirici bir siqnaldır.

Lakin Ukraynanın şimal-şərq cəbhəsində Rusiyanın hərbi uğursuzluqlara düçar olması, bunu tutduğu Xerson vilayətini itirmək təhlükəsinin müşayiət etməsi Moskvanı nüvə bombardmanlarına təhrik edəcək.

Bu təhlükəli ssenarisi NATO koalisiyasını sürətli tədbirlər planı hazırlamağa sövq edir və görünən odur ki, Qərbin də masasında effektiv əks-hücum ssenariləri yer almaqdadır.

Rusiyanın Ukraynaya nüvə silahı atmaq üçün mənəvi və strateji-məntiqi başlanğıc “arqumentləri” tapması Kiyevi bir qədər ehtiyatlı davranışlar sərgiləməyə gətirib çıxarır. Buna görədir ki, sentyabrın əvvəllərində əldə edilən uğurların davamı gəlmir.

ABŞ-Britaniya ikilisi Ukraynanın uğurlarının davamlı olmasını təmin etməkdən ötrü Kiyevi yeni döyüş planları ilə təlimatlandırır və Rusiya dairələrində bu şüur hakim kəsilir ki, həmin əməliyyat ssenariləri Moskvanı döyüş meydanında sarsıda bilər.

Hələlik nüvə silahının atılmasının özü üçün də fəlakətli nəticələr doğuracağını düşünən Rusiya alternativ variantlarla Ukrayna üzərində qələbəni təmin etməyə çalışır.

Kreml Ukrayna üçün nüvə silahı tətbiq edilmədən fəlakət ssenarisini aşağıdakı mərhələlərlə icra edir:

1. Raket zərbələri və İrandan alınan kamikadze dronlarla Ukraynanın mülki infrastrukturu, enerji təchizatı intensiv atəşə tutulur;

2. Ukraynada əhalinin müqavimətini qırmaq və onların Avropaya miqrasiyasını sürətləndirmək üçün atəşlərin mülki şəxsləri hədəfə alan koordinatları hazırlanır;

3. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu Dnepr çayı üzərindəki Kahovski bəndini dağıtmağı planlaşdırır. 

Buradan Rusiyanın Xersondan mülki əhalini təxliyə etməsinin səbəblərini də oxumaq mümkündür.

Çünki Rusiya ağır bombardmanlarla Kaxovski su anbarını dağıtmağı və bütün Xerson bölgəsini su altında saxlamağı hədəfləyir ki, bu planda özünün çətiri altında olan əhalinin ziyan çəkməsini istəmir.

ABŞ və Britaniyanın Rusiyaya qarşı əks-təhdidlər sənətinin Moskvanı hansı həddə qədər geri çəkilməsi ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətinləşir.

Qərb də, Rusiya da çıxılmaz vəziyyətə düşür, buna görə də, Moskvanı nüvə təhdidlərindən əl çəkməsi üçün onu inandırmaq lazımdır ki, bu da danışıqlarla baş tuta bilər.

Hələlik Rusiya Prezidenti Vladimir Putini çəkindirməyə çalışan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandır. Bununla belə, təhdidlər səngiməyəcək.

Müharibənin ən azından qışa qədər uzanması Rusiyaya sərf edir, çünki Moskva Avropanı enerji böhranı ilə üzləşdirmək, bununla da Qərbin Kiyevə dəstəyini kəsmək və onlara işğal nəticələrini qəbul etdirməkdə hədsiz maraqlıdır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri