26 
Okt
2022
15:22
197
45
3002
Virtual karabakh

İranın hərbi qüdrəti: Kağız pələng - ŞƏRH + FOTO

26 Okt, 2022
15:22
3002

İranın hərbi qüdrəti: Kağız pələng - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran hakimiyyətinin yürütdüyü daxili və xarici siyasət ölkə həyatının bütün sahələrinə mənfi təsir göstərir. Rusiyanın Ukraynadakı müharibədə İran istehsalı olan kamikadze dronlardan istifadə etməsi Tehrana qarşı yeni qadağaların tətbiqini gündəliyə gətirib. İslam Respublikası Ukraynada tətbiq üçün Rusiyaya dronlar tədarük etməkdə ittiham olunur. Bu səbəbdən Avropa İttifaqı və Böyük Britaniya ötən həftə İrana qarşı sanksiyalar tətbiq edib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri, İran Müdafiə Nazirliyi yanında Sənaye Araşdırmalar Birliyinin direktoru general Seyid Höccətullah Qureyşi və İnqilab Keşikçiləri Qvardiyası Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Seyid Ağacani sanksiya siyahısına daxil ediliblər. Bu qadağalara ABŞ-nin yaxın günlərdə qoşulacağı gözlənilir. Bununla belə, Ağ Ev hələ sentyabrın əvvəlində Rusiyaya göndərilən pilotsuz təyyarələrlə bağlı İranın dörd şirkətinə və bir fiziki şəxsə sanksiya tətbiq edib.

Əslində, İran istehsalı olan dronlar Ukraynanın istifadə etdiklərindən zəif görünür. Xəbərlərə əsasən, İranın 273 “Şahed-136” PUA-sı məhv edilib. İran bu dronları ABŞ və İsraildən oğurlanan texnologiyalar əsasında hazırlayıb. Ancaq texnologiya əsl olmadığından onların döyüşlərdə ABŞ, İsrail, Türkiyə dronlarına məğlub olduğu Ukraynada təsdiqlənir. Sanksiyalara görə, İrana yeni texnologiyalar verilmir. Bu səbəbdən İslam Respublikasının bu sahədə plagiatlıq etdiyi bildirilir. Bu isə “istehsal” olunan hərbi texnika və avadanlığın keyfiyyət göstəricisinə mənfi təsir göstərir. Hərbi təyyarələr isə 1970-ci illərə və daha əvvəllərə aid modellərdir. Belə hərbi hava maşınlarında istifadə edilən detalların müddəti bitdiyindən təlim və başqa məqsədlə keçirilən uçuşlar zamanı tez-tez qəzaya uğrayır, yaxud döyüş tapşırıqlarını yerinə yetirə bilmir.

İranın İsfahan şəhərində təlim zamanı “F-7” qırıcı təyyarəsi qəzaya uğramışdı. Hadisə nəticəsində hər iki pilot ölmüşdü. Bu döyüş təyyarəsi keçmiş SSRİ-nin “MiQ-21” hərbi təyyarəsinin oxşarıdır. Məsələn, 1961-ci ildə Çin hökuməti SSRİ-nin lisenziyası əsasında “MiQ-21”in bazasında “J-7”nin istehsalına başlayıb. Ancaq 1970-ci ilin əvvəllərində ölkədə mədəni inqilabın mənfi təsirləri səbəbindən “J-7”nin istehsalı dayandırılıb.

Başqa bir örnək. Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində İran ordusunun “Bell-214” helikopteri sınaq uçuşu zamanı qəzaya uğramışdı. Hadisə nəticəsində bir pilot ölmüş, ikisi yaralanmışdı.

“Bell-214” 1970-ci ildən ABŞ-ın “Bell Helicopter” təyyarə şirkəti tərəfindən istehsal edilib. 1979-cu ilin fevral inqilabınadək İran Ordusu Aviasiyasının 296 “Bell 214A” nəqliyyat və Hərbi Hava Qüvvələrinin 39 “Bell 214C” axtarış-xilasetmə helikopteri olub.

Qəzalar, döyüş zədələri, eləcə də ehtiyat hissələrinin çatışmazlığı İraqla müharibənin sonuna qədər İran “Bell-214”lərin əsas hissəsinin istifadəsini çətinləşdirib. Bununla əlaqədar İranın hərbi sənaye kompleksi zəruri komponentlərin istehsalının dəyişdirilməsi, bu helikopterlərin əsaslı təmiri və bərpası proqramına başlayıb. Ancaq “istehsal” olunan helikopterlər müasir texnologiyalara cavab vermir.

İran Silahlı Qüvvələrinin silah arsenalında “T-72”, “Zülfüqar”, “Arjun”, “MBT-2000” tanklar var. Ötən əsrin 70-80-ci illərinin texnologiyası əsasında hazırlanan bu hərbi texnika mənəvi və fiziki cəhətdən qocalıb. İranın “Zülfüqar” döyüş tankı, əsasən, 1973-cü ildə sovet istehsalı olan “T-72S”, eləcə də ABŞ-ın “M48” və “M60” tanklarının komponentləri əsasında hazırlanıb. “Arjun” əsas döyüş tankı layihəsi 1972-ci ildə Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı, Döyüş Vasitələrinin Tədqiqat və İnkişaf Mərkəzi tərəfindən hazırlanıb.

“MBT-2000”, əsasən, “T-72M”dən istifadə edilərək hazırlanıb.

Qeyd edək ki, 1925-ci ildən 1979-cu ilədək İran hərbi texnika, silah və sursatı, əsasən, ABŞ, Böyük Britaniya, Fransa, AFRŞ, İtaliya, İsrail və SSRİ-dən alırdı. 1980-88-ci illərdə İraqla müharibədə şah dövründən qalmış silah arsenalı Tehran hakimiyyətinin əhəmiyyətli dərəcə işinə yaradı. Bununla belə, İran müharibə zamanı SSRİ, Şimali Koreya, Braziliya və Çindən silah almağa başladı.

Pandemiyadan əvvəl 2018-ci ildə İslam Respublikasının müdafiə büdcəsi 18 milyard dollar təşkil edib. Halbuki həmin dövrdə İranın rəqibi Səudiyyə Ərəbistanı bu sahəyə 70 milyard dollara yaxın vəsait xərcləyib. İran hərbi təyyarələrinin modeli və sayına görə də Səudiyyə Ərəbistanından geri qalır. İslam Respublikasının 509, krallığın isə 848 döyüş təyyarəsi var.

İranın İnqilab Keşikçiləri Qvardiyası ilə birlikdə 523 min hərbçisinin olduğu bildirilir. Ehtiyatda 350 min hərbçi var.

Təbii ki, bu rəqəmlər rəsmi məlumatlardır. Yəni rəqəmlər fərqli də ola bilər. Çünki İslam Respublikasının Silahlı Qüvvələrinin fəaliyyəti və xərcləri haqqında məlumat şəffaf deyil.

Hər il hərbçilərin döyüş hazırlığına dövlət büdcəsindən əhəmiyyətli məbləğdə maliyyə vəsaiti xərclənir. Lakin bu xərclər qarşılığında döyüş hazırlığı aşağıdır. Məsələn, qvardiyanın xaricdəki “Qüds” qoşununun komandanı general Qasım Süleymaninin öldürülməsini buna örnək göstərmək olar. Başqa bir misal: 2020-ci il yanvarın 8-də Tehran yaxınlığında Ukraynaya məxsus “Boeing-737” sərnişin təyyarəsini qvardiya səhvən vurmuşdu. Qəza nəticəsində İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstanın 176 vətəndaşı həyatını itirmişdi.

İran Silahlı Qüvvələri daxilində daim qarşıdurma olub. Bu il qvardiya daxilində çoxsaylı müəmmalı qətllər, istefalar, yoxaçıxmalara dair yayılan xəbərlər də bunu təsdiqləyir.

Təhlükəsizliyi təmin etmək üçün İranın hərbi qüvvələrinin sayıqlığı da aşağı səviyyədədir. Dörd il öncə sentyabrın 24-də İranda hərbi paradda törədilən terror aktını buna nümunə olaraq göstərə bilərik. Əl-Əhvaz şəhərində keçirilən paraddakı hadisə nəticəsində 28 nəfər həlak olub, daha 60 nəfər yaralanıb.

Belə faktlar İran ordusunun hərbi texnika və silahlarının region dövlətlərindən xeyli zəif olduğunu təsdiqləyir. İran bu alayarımçıq silahları və hərbi qurğuları ilə region dövlətlərini hədələyir, savaşmaq üçün vurnuxur. Cənubi Qafqazda isə İsrailin ləpirini axtarır. Bununla belə, İslam Respublikası davranışı və hərbi texnikası ilə İsrail, NATO və ABŞ-ni təqlid edir. Tehran hakimiyyəti bu ölkələrin 30 il əvvəlki texnologiyaları əsasında texnika hazırlamaqla onlara qarşı mübarizə aparmağa səy göstərir. Odur ki, İranın hərbi texnika nümayişi və hərbi ritorikası daha çox hədələmək üçündür. Lap kağız pələng kimi...

“Report” İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri