27 
Okt
2022
19:30
17
367
5038
Virtual karabakh

Rusiyanın Ermənistana yenidən QARDAŞ münasibəti bəsləməsi nəyin xəbərçisidir? - AÇIQLAMA

27 Okt, 2022
19:30
5038

Rusiyanın Ermənistana yenidən QARDAŞ münasibəti bəsləməsi nəyin xəbərçisidir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova maraqlı açıqlama ilə çıxış edib. O, Qərbin Ukraynada hazırlanmış qarşıdurma ssenarisi ilə İrəvan və Moskvanı qəzəbləndirə bilməyəcəyini diqqətə çatdırıb. Həmçinin əlavə edib ki, Rusiya Qərbin açıq şəkildə Ukraynada işlənmiş qarşıdurma mexanizmlərini köçürməyə çalışdığı Cənubi Qafqazda güclənən həyəcanverici tendensiyalardan narahatdır.

Ən diqqətçəkən məqam isə bu çıxışda Ermənistanın uzun müddət sonra müttəfiq yox, qardaş kimi təqdim edilməsidir. Mariya Zaxarovanın sözlərinə görə, Rusiyanın qardaşı Ermənistan bu gün görünməmiş xarici təzyiq altındadır. Məlumdur ki, son vaxtlar Ermənistan açıq şəkildə Qərbə meyil edirdi. Rusiyanın isə Ermənistanın mövcud davranışlarına görə Ermənistandan uzaqlaşdığı sezilirdi. Lakin Mariya Zaxarovanın bu açıqlaması yeni sualların ortaya çıxmasına imkan yaratdı.

Maraqlıdır, sözügedən bəyanat Rusiyanın yenidən Ermənistana havadarlıq edəcəyindən, onun sülhdən çəkinmə siyasətini dəstəkləyəcəyindənmi xəbər verir? 

Məsələni Oxu.Az-a şərh edən politoloq İlyas Hüseynov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda İrəvanın tutduğu siyasi xətt Moskva tərəfindən qəbul olunmur:

“Son dövrlər Ermənistanla Rusiya arasında münasibətlər kifayət qədər pisləşib, Ermənistan aşkar şəkildə Qərbə meyil edir. Lakin maraqlıdır ki, Rusiya radikal yolla getməyərək yumşaq güclə Ermənistanı təsir altında saxlamağa cəhd göstərir. Rusiyanın atdığı addımlar sanki Ermənistanı ələ almaq istiqamətindədir. Ermənistanda isə yanaşma fərqlidir. Düşünürəm ki, Ermənistan açıq şəkildə Rusiyaya qarşı demarş edir. Hər zaman kütləvi informasiya vasitələrində Ermənistanın təəssübkeşi kimi çıxışlar edən Konstantin Zatulinin və Marqarita Simonyanın Ermənistanda “persona non grata” (arzuolunmaz şəxs) elan olunması Ermənistanın Rusiyaya qarşı siyasətinin bir parçasıdır”.

Ekspert oktyabrın 31-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında yeni görüşün keçirilməsinin proqnozlaşdırıldığını və Rusiyanın məhz bu görüş öncəsi münasibətləri normallaşdırmaq üçün Ermənistana doğru addımlar atdığını vurğulayıb:

“Bu görüş öncəsi Ermənistan-Rusiya münasibətlərini normallaşdırmaq üçün addımları Moskva tərəfindən görürük. Ona görə də hazırda Azərbaycana qarşı Rusiyanın federal kanallarında çox qərəzli münasibət var. Bu xüsusda Azərbaycanın Rusiyaya təqdim etdiyi nota da xüsusi qeyd olunmalıdır. Azərbaycan öz milli maraqları, ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı məsələsində prinsipiallıq nümayiş etdirir və bu bizim ölkəmiz üçün qırmızı xətt kimi dəyərləndirilir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri