27 
Okt
2022
21:30
246
16
880
Virtual karabakh

Ekspert: “Bakı-Tbilisi-Qars” dəmir yolu Avropa və Asiya arasında birləşdirici körpüdür”

27 Okt, 2022
21:30
880

Ekspert: “Bakı-Tbilisi-Qars” dəmir yolu Avropa və Asiya arasında birləşdirici körpüdür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm regional strateji layihədir və bu, Gürcüstanla Azərbaycan arasında sıx əlaqələrin təzahürüdür. Avropa və Asiya arasında birləşdirici körpü olan bu layihə müxtəlif ölkələrdən yükləri cəlb etməyə imkan yaradır”.

Bunu “Report”a Gürcüstanın GEOCASE analitik mərkəzinin xarici siyasət məsələləri üzrə tədqiqatçısı Nikoloz Xatiaşvili deyib.

“Çin və ümumilikdə Asiya müxtəlif nəqliyyat dəhlizlərindən, o cümlədən dəniz yollarından və Rusiyadan keçən şimal marşrutundan istifadə etməklə Avropa ilə fəal ticarət aparır. Ukraynada davam edən müharibə dünyada geosiyasi vəziyyəti əsaslı şəkildə dəyişib ki, bu da ticarətdə və iqtisadiyyata özünü göstərir. Rusiyadan yüklərin tranziti azaldığı bir zamanda Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizi ilə yük dövriyyəsi də hər gün artır”, - o deyib.

Ekspert əlavə edib ki, Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizi ilə yükdaşımaların həcminin artması bu ölkələrin gəlirlərini xeyli artıracaq, daha çox iş yerləri yaradacaq və iqtisadiyyata müsbət təsir edəcək. Bundan əlavə, bu, bütün regionun təhlükəsizliyini artıracaq.

Xatiaşvili Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında Gürcüstanın roluna da toxunub.

“Azərbaycan və Ermənistan arasındakı gərginlik Cənubi Qafqaz üçün ciddi təhlükəsizlik problemidir. Bu problemin həlli bütün tərəflərin maraqlarına cavab verir. Ukraynada davam edən müharibə fonunda Rusiyanın təsirinin getdikcə azaldığının şahidi oluruq. Azərbaycan və Ermənistan siyasətçilərinin bir araya gəlib bu problemi həll etmək imkanı var”, - o, Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşləri xatırladıb.

“Bu şəraitdə Gürcüstan özünəməxsus rol oynayır. Gürcüstan hər iki tərəfin qonşusudur. Gürcüstanın Azərbaycan ilə strateji tərəfdaşlıq, eləcə də Ermənistan ilə mehriban dostluq münasibətləri var. Rəsmi Bakı və İrəvanın Tbilisiyə yüksək etimadı və hörməti var. Gürcüstan vasitəçi kimi çıxış edə bilər, Tbilisi isə bir növ danışıqlar platformasına çevrilə bilər”, - ekspert əlavə edib.

Onun fikrincə, Gürcüstan Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində effektiv vasitəçilik üçün real potensiala malikdir.

Xatiaşvilinin sözlərinə görə, son aylarda Aİ-nin strateji məqsədi Rusiyanın enerji resurslarından asılılığı azaltmaq olub və bu məqsədə çatmaq üçün ən yaxşı yol alternativ enerji təchizatı zəncirlərinin axtarışıdır.

“Ən yaxşı təchizat marşrutlarından biri Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizi boyunca yerləşir və bu dəhliz vasitəsilə Xəzər hövzəsinin enerji resursları Avropaya nəql edilə bilər. Biz artıq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Azərbaycanın qaz tədarükünün artdığını görmüşük və bu həcm gələcəkdə daha da artacaq”, - ekspert vurğulayıb.

“Azərbaycan, həmçinin yeni elektrik enerjisi layihələri, o cümlədən elektrik enerjisinin ixracı üzərində də fəal iş aparır. Avropa İttifaqında qaz və neftlə yanaşı, elektrik enerjisinə də tələbatın artdığını nəzərə alsaq, o zaman Azərbaycanın tədarükçülərdən birinə çevrilə biləcəyini ehtimal etmək olar. Müvafiq infrastruktura malik, cəlbedici geosiyasi mövqeyə və enerji layihələrində müvafiq təcrübəyə malik olan Gürcüstan, şübhəsiz ki, Azərbaycandan Avropaya elektrik enerjisi ixracı üçün tranzit ölkəyə çevrilə bilər”, - o yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri