14 
Noy
2022
11:22
93
25
1757
Virtual karabakh

Qreqor Spitsen: “Ermənistan Avropada Rusiyanın müttəfiqi kimi qəbul edilir” - Almaniyadan ŞƏRH

14 Noy, 2022
11:22
1757

Qreqor Spitsen: “Ermənistan Avropada Rusiyanın müttəfiqi kimi qəbul edilir” - Almaniyadan ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 15-də Fransa Senatında Azərbaycanın və bir çox müşahidəçilərin hesab etdiyi kimi, həm də Türkiyənin əleyhinə olan qətnamələr layihəsi müzakirəyə çıxarılacaq.

Oxu.Az alman jurnalist, siyasi elmlər doktoru Qreqor Şpitsendən Avropanın digər ölkələrinin Fransa Parlamentində bu sənədin mümkün qəbuluna necə reaksiya verəcəkləri ilə bağlı münasibət öyrənib.

Ekspert ilk olaraq bildirdi ki, siyasi-iqtisadi birlik kimi yaradılmış və Avropada müharibələrin qarşısını almaq üçün nəzərdə tutulmuş Avropa İttifaqının (Aİ) özünün iş mexanizmi var.

“Aİ-nin iki lokomotivi - Fransa və Almaniya - 1870-ci ildən 1945-ci ilə qədər üç dəfə müharibə edib. Hər dəfə də qarşıdurma elə olub ki, az qala hər iki ölkənin sonu çatsın. Fransa-Prussiya müharibəsində (1870-1871) və I Dünya müharibəsində (1914-1918) almanlar Parisə çatdılar, II Dünya müharibəsində isə 1940-cı ildə Fransanın paytaxtını ələ keçirdilər. Aİ də gələcəkdə belə münaqişələrin qarşısını almaq üçün yaradılıb. Nə qədər ki Aİ-də baş rolu əsas iqtisadiyyatlar - Fransa və Almaniya oynayırdı, ortaq siyasətdən danışmaq olardı, lakin buna Paris, Berlin və daha kiçik dərəcədə Romanın maraqları prizmasından baxmaq lazım idi. İndi isə Avropa siyasəti daha çox ABŞ-nin maraqlarına tabedir və bununla bağlı çoxlu suallar yaranır”.

Nəhəng iqtisadiyyatlar hovuzuna daxil olmayan digər Avropa ölkələrinə gəlincə isə politoloq bildirib ki, onlar bir tərəfdən ciddi iqtisadi üstünlüklər əldə etsələr də, digər tərəfdən siyasi müstəqilliklərinin böyük bir hissəsini itirirlər.

“Şərqi Avropa dövlətləri öz nüfuzlarının əhəmiyyətli hissəsini itiriblər. Amma bu vəziyyətdən “Avropa maaşı”na oturan milli elitalar yararlanır”, - deyə o əlavə edib.

Şpitsen müəyyən ölkələrdə, xüsusən də Fransada, güclü erməni lobbisinin olmasına baxmayaraq, bu mürəkkəb məsələyə kompleks yanaşılmalı olduğunu bildirib:

“Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə rəhbərliyinin apardığı siyasət amili var. Avropada mediadan tutmuş siyasətçilərə qədər bunu çox adam bəyənmir. Yeri gəlmişkən, Almaniyanın keçmiş kansleri Angela Merkellə Türkiyə lideri arasında qərəzli şəxsi münasibətlər olub. Azərbaycan isə Türkiyənin ən yaxın müttəfiqidir ki, bunu avropalılar da yaxşı bilirlər. Bir daha deyirəm, Avropada güclü erməni lobbisi var, hansı ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İrəvanın istənilən təşəbbüsünü dəstəkləyir. Amma digər tərəfdən, Ermənistan Rusiyanın Cənubi Qafqazda müttəfiqi kimi qəbul edilir və avropalıların Rusiya Federasiyasına münasibəti birmənalı deyil. Ona görə də bəzi Azərbaycan təşəbbüsləri mətbuatda erməni təşəbbüslərindən bir qədər daha əlverişli işıqlandırıla bilər”.

O, Aİ-nin digər ölkələrinin də Fransadan nümunə götürəcəyinə və Fransaya bənzər bir bəyannamə qəbul etməyə hazır olacaqlarına çox şübhə ilə yanaşdığını vurğulayıb.

“Erməni diasporu məhz Fransada icra və qanunvericilik orqanlarında, hətta böyük biznesdə maksimum təmsil olunur, ancaq digər ölkələrdə onun təsiri daha zəifdir. Digər Aİ dövlətləri niyə belə qətnamələr qəbul etməlidir? Azərbaycan və Türkiyə ilə arasının dəyməsi üçün? Bunu heç kim etməyəcək”, - deyə politoloq qeyd edib.

Ekspert Azərbaycanın enerji resurslarının ehtiyatlarını nəzərə alaraq istənilən halda Bakının Avropada siyasətin şərq istiqamətinin amillərindən biri kimi qəbul edildiyini vurğulayıb.

“Azərbaycan Avropa ölkələrinə alternativ tədarük mənbələrindən biridir”, - deyə Qreqor Şpitsen sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri