16 
Noy
2022
13:38
269
16
3165
Virtual karabakh

Aleksandr Nosoviç: “Ermənistan KTMT-dən çıxarsa, Türkiyə və Azərbaycanla təkbətək qalacaq”

16 Noy, 2022
13:38
3165

Aleksandr Nosoviç: “Ermənistan KTMT-dən çıxarsa, Türkiyə və Azərbaycanla təkbətək qalacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Belarus və Ermənistan arasında KTMT məkanında ənənəvi olaraq münaqişəli münasibətlər mövcuddur”.

Bunu rusiyalı politoloq, “RuBaltic” informasiya portalının baş redaktoru Aleksandr Nosoviç KTMT-nin İrəvan sammiti, Ermənistanın bu təşkilatdan çıxmaq ehtimalı və Nikol Paşinyanla Aleksandr Lukaşenko arasında yeni gərginlik ehtimalını Oxu.Az-a şərh edərkən bildirib.

O, Ermənistan və Belarusun 2018-ci ildə KTMT-nin baş katibi vəzifəsini bölüşdürə bilmədiyini xatırladıb. Həmin vaxt İrəvan KTMT-nin baş katibi Yuri Xaçaturovu geri çağırdı və məhkəməyə verdi. Bundan sonra Belarus nümayəndəsi Stanislav Zas təşkilatın baş katibi oldu və bu, nədənsə İrəvanda qəzəb doğurdu. Politoloq həmin vaxt hətta ictimai mübahisənin də yarandığını yada salıb.

Nosoviç həmçinin Belarus və Ermənistan liderləri arasında gərgin şəxsi münasibətlər amilini də vurğulayıb:

“Aleksandr Lukaşenko üçün kütləvi etirazlar nəticəsində hakimiyyətə gələn bu şəxs əvvəldən xoşagəlməz idi. Bundan başqa Paşinyan Soros Fondunun strukturları ilə əməkdaşlıq edən, avropapərəst liberal gündəmlə çıxış edən jurnalist idi”.

Ekspert 2018-ci ildə tərəflər arasında münaqişədə tərəfləri ayırmaq rolunun Rusiyanın üzərinə düşdüyünü qeyd edib.

“Bu, ümumiyyətlə, hətta təəccüblü görünürdü. Çünki hamıya tamamilə aydındır ki, KTMT-nin baş katibinin kim olmasının heç bir əhəmiyyəti yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında həlledici rolu Rusiya Federasiyası oynayır, digər ölkələrin sadəcə ciddi hərbi potensialı yoxdur. Ona görə də hesab edirəm ki, Lukaşenko ilə Paşinyan arasındakı gərginliyi indi də Rusiya aradan qaldıracaq. Vladimir Putinə KTMT-yə üzv ölkələr arasında belə münaqişə qətiyyən lazım deyil, ona görə də çox güman ki, Belarus və Ermənistan başçıları ilə preventiv danışıqlar aparılacaq”.

Politoloq Ermənistanda KTMT-dən çıxmaq üçün davam edən aktiv kampaniyaya da münasibət bildirib. Onun sözlərinə görə, Paşinyan 2018-ci ildə onu hakimiyyətə gətirən siyasi xətti izləməyə çalışır, qəlbinin dərinliklərində isə özünün ən sadiq tərəfdarlarını aldatdığını anlayır, çünki bu xətt real deyil.

“Ermənistan rəsmən Qərbə üz tutarsa, KTMT-dən çıxarsa, nə qazanacaq? Ermənistan Türkiyə və Azərbaycanla təkbətək qalacaq. İrəvan kimə arxalanacaq? NATO ölkələrinə? Axı Türkiyə Şimali Atlantika Alyansının üzvüdür”, - deyə Nosoviç sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri