22 
Noy
2022
12:20
47
7
1755
Virtual karabakh

Jaksılık Sabitov: “Siyasi sistemimizdə seçkilər antiböhran tədbiri kimi qiymətləndirilə bilər” - MÜSAHİBƏ

22 Noy, 2022
12:20
1755

Jaksılık Sabitov: “Siyasi sistemimizdə seçkilər antiböhran tədbiri kimi qiymətləndirilə bilər” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkədə vəziyyətin sabit və proqnozlaşdırılabilən olduğu bir vaxtda seçkilərin keçirilməsi daha məqsədəuyğundur”.

Bunu qazaxıstanlı politoloq Jaksılık Sabitov Qazaxıstandakı seçkilərin nəticələri və yeni seçilmiş prezident Kasım-Jomart Tokayevin elan etdiyi çoxvektorlu siyasət barədə Oxu.Az-a müsahibəsində bildirib.

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində gözlənildiyi kimi hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev qalib gəlib. O, 80%-dən çox səs toplayıb. Eyni zamanda səsvermə günü seçici fəallığı yüksək olub - demək olar ki 70%. Səsvermə məntəqələrini 8 milyon 300 minə yaxın insan ziyarət edib. Seçkilərdə altı namizəd iştirak edib, seçicilərin 5 faizi “Hamıya qarşı” qrafasını doldurub ki, bu da Tokayevdən sonra ikinci nəticə olub. Qazaxıstanın müstəqilliyinin 31 ili ərzində bu, yeddinci seçkidir və yalnız 1991-ci ildə birinci seçkilər təsdiq edilmiş tarixdə keçirilib, qalan altı seçki isə növbədənkənar olub.

Jaksılık Sabitov qeyd edib ki, ilk turda hazırkı prezident Kasım-Jomart Tokayevin qələbəsinə demək olar ki heç kim şübhə etməyib.

Həmin müsahibəni təqdim edirik:

- Qazaxıstanda növbədənkənar prezident seçkiləri adi seçkilərdən daha tez keçirilir. Üstəlik, seçkilərin təyin edilmiş vaxtda keçirilməsini hətta istisna hal hesab etmək olar. Bu, ölkənin siyasi ənənəsidir, yoxsa təsadüfdür?

- Deyərdim ki, bu, artıq çoxdankı siyasi ənənədir. Məsələnin əsas məğzi budur ki, ölkədə vəziyyətin sabit və proqnozlaşdırılabilən olduğu bir vaxtda seçkilərin keçirilməsi daha məqsədəuyğundur. Baxın, indi Ukraynada müharibə gedir, Avrasiya regionu və Qazaxıstan ətrafında hadisələrin yaxın gələcəkdə necə inkişaf edəcəyini heç kim proqnozlaşdıra bilməz. Bizim sahib olduğumuz kimi bir siyasi sistemdə seçkilər antiböhran tədbiri kimi qiymətləndirilə bilər ki, bu zaman hakimiyyət xalqdan mandat əldə edir. Bunu isə dediyim kimi, sabitlik şəraitində, hansısa çaxnaşmaların ortaya çıxmasını gözləmədən etmək daha münasibdir.

- Seçki günü Prezident Tokayev bir sıra mühüm açıqlamalar verdi ki, onlardan biri xüsusilə diqqət cəlb etdi. O bildirdi ki, Qazaxıstandakı mövcud vəziyyət nəzərə alınaraq, ölkədə çoxvektorlu siyasət həyata keçiriləcək. Bu, hansı anlama gəlir? Çoxvektorlu siyasət Türk Dövlətləri Təşkilatına, Çinə doğru genişlənəcək və Rusiyadan asılılıq azalacaq?

- Xarici siyasətin əsas məqsədi milli maraqların qorunmasıdır. Düşünürəm ki, Kasım-Jomart Tokayev bir diplomat kimi məhz bunu nəzərdə tuturdu. Əvvəlki dövrdə (Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev – red.) bizim maraqlarımız zəif qorunurdu. Çoxvektorlu siyasət “romantikasız”, rasional siyasətdir.

- Bəs Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, Avrasiya İqtisadi İttifaqında mövcudluq Qazaxıstanın maraqlarına cavab verirmi?

- Bəzi inteqrasiya birliklərində mövcudluq təbii ki siyasi məsələdir. Rusiyadan ayrılmaq cəhdləri Qazaxıstan üçün status-kvonu saxlamaqdan daha böyük problemlərə gətirib çıxara bilər. Ona görə də belə cavab verəcəyəm: mənə elə gəlir ki, ölkəmiz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayacaq, Avrasiya İqtisadi İttifaqına (Aİİ) gəlincə, iştirak şərtlərinə yenidən baxılması mümkündür.

- Bununla nəyi nəzərdə tutursunuz?

- Qazaxıstan bu ittifaqı yaradanda öz milli maraqlarını zəif müdafiə etdi. İndi belə bir təzadlı vəziyyət yaranıb ki, Qazaxıstanın Aİİ-nin ümumi “qazan”ına verdiyi pullar, məsələn, Belarusun saxlanmasına gedir, yəqin ki, tezliklə Rusiya da buradan qidalanacaq. Qazaxıstan iqtisadiyyatı Belarus və Rusiyadan fərqli olaraq, belə çöküşə davam gətirə bilməyəcək, onun tərəfdən olan ödənişlərin miqdarı ancaq artmağa davam edəcək. Ancaq eyni zamanda bizim ölkəmiz Aİİ-nin həmin o “qazan”ından daha az pul alır. Odur ki, öz maraqlarını qətiyyətlə qorumaq lazımdır ki,  heç olmasa Avrasiya İqtisadi İttifaqındakı hesablaşmalarda ən azından mayanı batırmayasan.

- Gəlin xarici siyasətin başqa bir istiqamətindən - Qazaxıstanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrlə münasibətlərindən danışaq...

- Ukraynada müharibənin başlanması ilə əlaqədar bu il bizdə geosiyasi inkişaf paradiqmasının köklü şəkildə məhvi baş verdi. Çin ilk dəfə olaraq Qazaxıstanın ərazi bütövlüyünün qarantı olduğunu bəyan etdi. Bu isə Rusiyanın Mərkəzi Asiyada mövqelərinin zəifləməsinə, Çinin rolunun əhəmiyyətli dərəcədə güclənməsinə və təbii ki, Türkiyə və Azərbaycanın timsalında Türk Dövlətləri Təşkilatının təsirinin artmasına dəlalət edir. Bunlar yaranmış boşluğu doldurur.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri